xobşəxtliyi qucaqlayır.
Divara yapışdırılmış kağız üzərindəki qeydinə sataşdı gözü – xoşbəxt ölüm! – və intiharı üçün getməyə hazırlaşdığı yeni açılmış Evtanaziya kamplarını xatırladı.
Əgər yetəri qədər yalnızsınızsa, səssizliyin gurultusunu eşidə bilərsiniz. Yalnızlığının bom-boş otaqda əks-səda verən səssizliyinin gurultusu onu incidirdi və buna həyatda hər şeydən çox nifrət edirdi.
Memento mori
Memento te hominem esse Respice post te!
Hominem te esse memento!
(Fani olduğunu xatırla.
Sadəcə bir insan olduğunu xatırla,
Arxana bax! Sadəcə bir insansan, xatırla!)
2
EVTANAZIYA KAMPLARI
Liberalizm bütün qapıları açdığı kimi ölümün də qapısını açırdı. Dövlətlər forma dəyişdirirdilər. Dövlət hədəfləri artıq əvvəlkinin əksinə yüksək demoqrafik hədəflər deyildi. Balansı qorumaq, tənzimləmək daha vacib idi artıq. Ağır xəstələrin öz ölümlərinə qərar verib həkim nəzarəti altında ölmələri üçün istifadə edilən üsul, evtanaziya, nəinki artıq leqallaşdırılmış, hətta az qala heç bir ağır xəstəliyi olmayan insanların belə öz qərarları ilə həkim nəzarətində ölmələrinə icazə verilməyə başlanılmışdı.
Proseslər yavaş-yavaş irəliləmişdi. Bir neçə il əvvəl qəza nəticəsində onurğa sütunu zədəsindən tək sağ əli xaric bütün bədəni iflic olmuş Hüqo Jeseina adlı yaşlı xəstənin evtanaziya istəyinə diqqət çəkməyə çalışan aktivistlərin cəhdləri gözlənilmədən əvvəlcə ölkə sonra isə qlobal səviyyədə səs gətirmişdi. Daha sonra ölkənin öndə gələn özəl insan haqları təşkilatları məsələni müzakirəyə çıxarmış və qarşı fikirli iki ayrı tərəfə bölünmüşdülər. Dinin cəmiyyətdəki təsirinin get-gedə azalmış olması müzakirədəki dini səbəblərin təsirini azaltmışdı. Yenə də evtanaziyaya qarşı olan insan haqları təşkilatları dini və ya bənzəri səbəblərdən insan həyatının müqəddəs olduğunu və onu sonlandırmağın düzgün olmadığını vurğulayırdılar. Daha radikal sayıları azalmış kiçik dini qruplar isə insan həyatının tanrı tərəfindən verildiyini və sadəcə tanrı tərəfindən alına biləcəyini müdafiə edirdilər. Ölümcül xətsəliklərə belə son anda çarə tapıla bilinəcəyi, evtanaziyanın həyatın yaşamağa dəymədiyi mənasına gəldiyi, leqallaşmanın daha çox ölümlərə səbəb olacağı, tibbi tədqiqatların azalacağı kimi səbəblər də var idi evtanaziyaya qarşı olan tərəflərin səbəbləri arasında.
Evtanaziyanı dəstəkləyən tərəf isə nə olursa olsun insanın həyatı barədə qərarlarının öz əlində olması gərəkdiyini vurğulayırdılar. Xəstələrin çəkdikləri ağrılara diqqət çəkərək, bu ağrıları hiss etməyən yad insanların bir insanın o ağrılarla yaşayıb yaşamayacağı haqqında müzakirə etmə haqlarının belə olmadıqlarını sərt bir dil ilə tənqid edir və müasir insan haqlarını şiddətlə qınayırdılar. Ölkənin müxtəlif şəhərlərində kiçik qruplaşmalar əllərində Hüqo Jeseina və digər evtanaziya istəyən ölümcül və ağır xəstəliklərə məhkum xəstələrin şəkilləri ilə kiçik aksiyalar edir və “Xoşbəxt ölüm! Xoşbəxt ölüm!” deyə qışqırırdılar.
Tarixçi Suetonius miladın ilk illərində imperator Oktavian Avqustun ölümü ilə bağlı belə yazırdı: “Tez və əzabsız şəkildə yoldaşı Livianın qollarında əbədiyyətə qovuşdu, arzuladığı evtanaziyanı yaşayaraq”. Beləcə, insanlıq tarixinə yeni bir ifadə daha daxil olurdu, xoşbəxt ölüm, şərəfli ölüm, ya da ağrısız ölüm mənasına gələn söz: evtanaziya. İndi, Avqustun ölümündən əsrlər sonra, xoşbəxt ölüm ifadəsi pankartlarda, küçələrdə gəzirdi, Hüqonu xilas etmək adına.
Bütün insanlıq tarixinə, bütün yaşamış insanlara, əgər hamısına insan irqinin nümayəndəsi kimi, tək nəfər ya orqanizm kimi baxa bilsək, bütün o milyardlarla insanı tək bir nəfər saymış olsaq əgər, onda, ilk insanın doğumundan bugünə qədər keçmiş müddəti sanki bir insanın doğulub böyümə prosesi kimi canlandıra bilərik gözümüzdə. Belə olan halda, ilk insan, ana rəhmindən başlayaraq böyüyən bir uşaq kimi, düşüncəsi yeni formalaşan və illər keçdikcə böyüyən, dünyanı tanımağa başlayan, kəşf edən, sonra yeniyetməlik dövrünü yaşayan, vuran, qıran sonra getdikcə daha da müdrikləşən tək bir varlıq idi. Hər əsrdə bir yaşı daha artırdı. Və yavaş-yavaş əsrlər keçdikcə, insanlıq şüuru irəliləyirdi. Keçmişdə qınanılmış, qadağa olunmuş məsələlər vaxt keçdikçə gündəlik həyatın bir parçasına çevrilir və normal qəbul edilirdi. Normal idi, kiçik bir uşaq kimi, insanlıq şüuru yetişmə mərhələsindəydi. Elm adamlarını yandıran kilsələr, qadınlara qadağalar gətirən köhnə və müasir adətlər, milliyətçilik uğruna qanlar tökən Avropa və neçə belə düşüncəsizliklər artıq tarixə qarışırdı. İnsanlıq öz köhnə atalarına baxıb onları qınayırdı. Tarix göstərirdi ki, cəmiyyətin başa düşmədiyi və qəbul etmədiyi məsələləri qavraması və anlaması, adət-ənənələr zəncirini qırıb aydınlanabilməsi vaxt alırdı və bir gün öz qaydasına düşəcəkdi mütləq. Sadəcə gözləmək lazım idi, bir gün evtanaziya da qəbul olunacaqdı.
Elmi tədqiqatlar göstərir ki, təxminən 100.000-70.000 il bundan əvvəlki insan ilə indiki insanın zəkası aşağı yuxarı eynidir. Baxmayaraq ki beyin həcmi getdikcə azalır (beyin daha da minimallaşır və neyronlar arası qısayollar tapır) zəka eyni idi təxminən. Və keçmişdə doğulmuş uşağı bugün gətirib böyütsək əgər, bəzi linqvistik problemlərin xaricində fərqi ayırd etmək mümkün olmazdı. Ancaq atalarımızla aramızda bir fərq var idi əlbət, təcrübələr və bu təcrübələrin işığında dünyanı, həyatı daha yaxşı anlama və qavrama bacarığımız. Bu təcrübələrin köməyi ilə inkifaş edən şüur və dərrakəmiz bizə yaşama sənətini xırdalıqlarına qədər öyrədir və səhvlərimizi göstərirdi. Aramızdan bəzi uzaqgörənlər çıxırdı və bizə bir şeyləri düzgün etmədiyimizi, yolunda getməyən bəzi şeylər olduğunu öyrətməyə çalışırdı, bizə dünyanın əslində dairəvi olduğunu başa salmağa çalışırdılar məsələn, ancaq atalarımız onları öldürürdülər. Bizi feodal qaydalar və kilisə zülmündən qurtarmağa çalışan, maarifləndirən və aydınlanmağa çağıran François-Marie Arouet’i, Voltaireni Bastiliya qalasına həbs edir, sürgün edirdik. Fikrlərimizi hələ təzə-təzə püxtələşdirməyə başlayan Sokratı edama məhkum edirdik. Sonra isə səhvimizi başa düşürdük, onlardan öyrənirdik. Eynicinsli insan ların kilsə və məscidlərin təkidi ilə öldürülməsindən tutmuş kilsə tərəfindən evləndirilmələrinə qədər keçən proses kimi, dəyişirdik. İnsanoğlunun bir-birini sevən iki eynicinsli insanın birlikdə yaşamalarına icazə verməsi min illər çəkmişdi, insanın öz ölümünə qərar verməsinə icazə verməsinə isə az qalmışdı.
Bir neçə ölkədə evtanaziya ya da assistentli intihar müəyyən şərtlər daxilində leqallaşdırılmışdı artıq. Hüqonun bəxti gətirməmişdi. Onun iflic olması, dözülməz bir xəstəlik