kamplar belə təşkil etmə tərəfdarıyam mən. Bu dünya bir çoxunuz üçün gözəl və yaşanılası bir yer ola bilər, ancaq barı icazə verin, aranızda bu dünyanın dözülməz bir yer olduğunu qəbul edən və ölmək istəyənlərə kömək edək. Biz bu işdə ən çox vuruşan təşkilatlardan biri olaraq hər insanın öz şəxsi mülkü olan yaşamı barədə qərarı onların əllərinə buraxma qərarının verilməsindən yanayıq. Evtanaziya ona görə pisdir deyirlər ki, tibbi inkişaf əvəzinə, problemi həll etmək əvəzinə problemi yox edirlər. Yəni sırf tibbin inkişafı üçün rahat ölmək istəyən insanlara ölüm imkanı verilməməlidir? Onları eksperiment heyvanları kimi istifadə etmək lazımdır? Ölüm ayağında olan insanın nə vecinə axı tibb inkişaf edir ya etmir? Xahiş edirəm, Jack Kevorkianı və onun xəstələrini xatırlayın. Qeyd etdiyim kimi, aramızda hələ də onun kimi həkimlər və onlardan mədət uman xəstələr var. Bu işi üstü örtülü və illeqal formada etməkdənsə leqallaşması hamının yararına olar.”
Jack Kevorkian, illər əvvəl vəfat etmiş məşhur erməni əsilli həkim, rəssam və musiqiçi idi. O evtanaziyanın tamamilə qadağan olduğu dövrdə özü şəxsi olaraq 130dan çox xəstənin həyatlarını sonlandırmasına kömək etmiş, sonra isə dövlət tərəfindən günahkar olduğuna qərar verilərək yeddi illik həbsə məhkum edilmişdi. Onun öz düzəltdiyi thanatran (ölüm) və mercitron (mərhəmət maşını) adlı iki intihar aparatı var idi. Bir çoxları onu “doktor ölüm” adlandırırdılar. O isə özünü qatil yox, əzab çəkənlərin köməkçisi adlandırırdı. Onun evtanaziya qanunlarının yumşalmasında və leqallaşmasında xüsusi rolu olmuşdu. Və həqiqətən də təşkilatçının dediyi kimi hal-hazırda da qanunsuz yollarla bu tip həkimlərin köməyi ilə ağrısız ölümə müraciət edən insanlar var idilər.
Mübahisələrin üstündən aylar keçdi. Ştatlar bir-birinin ardınca qanunlarda güzəştlərə getməyə başladı. Sonda federal səviyyədə major depresiya xəstəliyindən əziyyət çəkən hər kəsin evtanaziya üçün müraciət etmələrinə icazə verildi. Sonra isə bir çox intihar edən insan bu yolla intihar etməyə başladığı üçün ayrıca şöbələr yaradılması təklif edildi. İntihar bəzən ani bir depressiv basqın ikən bəzən planlanan bir akt forması idi. Ani depresiya əhvalı ilə intihar edənlər yenə evlərində ölü tapılırdılar. Ancaq planlı formada inthar edənlər isə xəstəxanalara müraciət edirdilər. Bəzi xəstəxanalarda hələ də evtanaziya əlehinə duruş sərgiləyən həkimlər olduğu üçün onlar bu işi görməkdən imtina edirdilər və xəstəxanalarda intihar-assistent çatışmazlığı yaranırdı. Buna görə də şəhərlərdə xüsusi ayrıca şöbələr yaradıldı əvvəlcə. Bunlar ilk başda olduqca kiçik və sadəcə bir neçə otaqdan ibarət şöbələr idilər. Ya həkim tərəfindən namizədlərə müvafiq dərmanlar verilir və onlar özləri istifadə edərək həyatlarını sonlandırırdılar ya da həkimlər bir başa tətbiq edirdilər dərmanları. Sonradan bir sıra təşkilatların təkidi ilə bu şöbələrdə nisbətən dəyişikliklər edilməsi təklif olundu.
Hector Qonzalez yenə olduqca ciddi və inadkar formada çıxış edirdi: “Biz bu insanlara heç olmasa zülüm çəkərək yaşadıqları bu həyatı sonlandırarkən heç olmazsa xoş bir gün yaşatmalıyıq. Vətəndaşları işsizlik və evsizlikdən əziyyət çəkən bu dövlətdən gözləntimiz odur ki heç olmasa onlara düzgün bir yaşam verə bilmirlərsə, düzgün bir ölüm versinlər. İki otaqlı dörd divarın arasında sanki bir qurban kimi gedib həyatla vidalaşmaq olduqca acılancaqlı səslənir elə deyilmi? Yəqin ki bu məsələdə mənimlə razılaşarsınız ki, siz, sabah o xəstələrin yerində olsanız, bu istəyəcəyiniz ən sonuncu vida forması olardı. Biz bir ictimai təşkilat olaraq öz borcumuzu yerinə yetirmişik və dövlətə bu barədə hazırlamış olduğumuz xüsusi layihəmizi artıq təqdim etmişik. Bu layihənin üstündə uzun müddətdir ki hazırlıqlarımız gedirdi, son çərşənbə günü bütün hazırlıqları tamamlayıb təqdimetməni bitirməyə nail olduq. Qısaca izah edəsi olsaq əgər, xəstələrimiz və zərərçəkənlərimiz üçün (o bu sözü həyatdan zərərçəkmişləri nəzərdə tutaraq xüsusi vurğuyla işlədirdi) spesifik kamplar, düşərgələr yaradılmasıyla bağlı geniş və ən kiçik təfərrüatına qədər düşünülmüş böyük bir layihədir. Evtanaziya kamplarının layihəsi.”
Hector Qonzalez, uşaq ikən, bir gün məktəbdən evə qayıdanda, öz xəstə anasını otağında asılı vəziyyətdə ölü tapmışdı. Bir uşaq üçün bu olduqca ağır travma idi. Qorxudan ağlayaraq küçəyə qaçmış və səsə gəlmiş qonşular anasını yerə endirmişdilər. Atası yox idi. Anasını heç vaxt bağışlamayacağını düşünmüşdü ilk başda. Onu həm anasız, həm kimsəsiz qoyurdu öz gedişilə. Və üstəlik, balaca bir uşağın onu görə biləcəyi bir yerdə özünü asaraq. Bu şübhəsiz ki bağışlanmaz bir hərəkət idi. Ancaq o, tez-tez anasının onu mütəmadi yoxlamaya gələn həkiminə yalvarışlarını eşitmişdi qapı arxasından “həkim, al canımı yalvarıram! Belə yaşaya bilmirəm! Bu ağrılara dözə bilmirəm! Dözə bilmirəm”. Kimin ağrıları daha ağır idi? Gecələri belə qışqıraraq və zarıyaraq yatmağa çalışan və yata bilməyən anasının, yoxsa anasız qalmış Hectorun? O zamanla anasını anlamağa və bağışlamağa başlamışdı. Ölümdən sonra onu kimsəsizlər evinə, bir yetimxanaya yerləşdirmişdilər. Ona uzun müddət istədiyi vaxtı anasının məzarını ziyarət emə şansı vermişdilərsə də o getməmişdi, incik idi. Ancaq hər gecə anasının çığlıqlarını eşidirdi yuxularında və yetimxananın koridorlarında, “bu ağrılara dözə bilmirəm həkim”, əks-səda edirdi anasının səsi qulaqlarında. Bir müddət sonra o anlayırdı artıq, böyüyürdü. Anası, hər ikisi üçün düzgün olanı etmişdi. Yavaş-yavaş əriyib getməsinə səbəb olan xəstəliyi onsuz da onun canını alacaqdı qısa müddətə və Hector onsuz da kimsəsiz qalacaqdı. Anası sadəcə ağrılarından tez qurtulmağa və Hectorun heç olmasa yetimxanaya gedərək daha yaxşı bir şəraitdə olmasına çalışırdı. Onsuz da, evdə dövlətin onlara xəstə anası və atasızlığı səbəbilə verdiyi yardım ilə olduqca çətin şəraitdə yaşayırdılar. Üstəlik balaca Hector xəstə anasının qayğısına qalmaq zorunda idi. Anası onu xilas edirdi əslində gedişiylə. Sadəcə, başqa seçimi olmadığı üçün özünü asaraq vidalaşırdı. Amma bu olduqca ağır olmuş olmalı idi. Tez-tez anasının son anlarını xəyal edirdi, ağlayaraq ipi boynuna keçirməsini təsəvvür edirdi, Hectorun birazdan evə gələcəyini bilərək edirdi bunu. Və buna görə daha da artıq ağlayırdı onu belə bir mənzərəylə üz-üzə qalmağa vadar etdiyi üçün. Bir gün qaçdı yetimxanadan Hector və anasının basdırıldığı məzarlığa getdi ağlayaraq. “Bağışla məni” deyə gözyaşı tökdü anasının məzarı üstündə. “Bağışla daha əvvəl gəlmədiyim üçün ziyarətinə. Bağışla səni qınadığım üçün. Bağışla uşaqlıq etdiyim üçün. Səndən ötrü çox darıxıram ana” deyə fəryad etmişdi onun yeniyetmə ürəyi sinəsində. “Söz verirəm sənə, vəkil olacam bir gün, sənin istədiyin kimi” deyə söz verirdi əli ilə gözlərin silib anasının yanından ayrılarkən, uşaqcasına.
O böyüdü və sözünü tutdu. Mübairzəsinə sadiq qaldı. Yetimxanadan ayrıldı və hüquq fakultəsinə daxil oldu. Universitet illərində yolları evtanaziya təşkilatlarından biri ilə kəsişdi. Bir müddət üzvlükdən sonra öz dostu ilə birlikdə artıq vəkillik etdiyi illərdə “Ölmə haqqı” adlı təşkilatı qurdu. Anasının fəryadları hələ də qulaqlarında idi.