essesini xatırladırsan. Qadınlara düşkün və mümkün qədər fərqli qadınlarla birlikdə olmaq istəyən kişi. Hiperseksuallıq var səndə. Gözəl səslənir, amma esseni oxuyanda da fikirləşmişdim ki belə bir adamı qadınlarından uzaq saxlasan nə olar? Məhv olar. Qarşımda dayanıb indi o qəfəsə salınmış Don Juan. Məncə sən qadınlarından uzaq qalmısan. Dünən mənə ehtiras tanrısı deyirdin amma sənə həqiqi ehtiras tanrısı belə bəs etməz. Ona belə xəyanət edərsən. Yanlış anlama, qınamıram səni, bəziləri yaşamaq üçün yaradılıb, bəziləri sevmək üçün. Sən, sevməlisən. Bir yolunu tap ya geri dön əvvəl yaşadığın yerlərə, bu lənət ölkədən ya bu soyuq şəhərdən çıx get ya da nəsə başqa bir şey, yoxsa az qala özünü öldürəcəksən”
“Məsələ sadəcə qadınlar deyil. O işin asan tərəfidi. Məsələ çox qarışıqdı. Bütün nostalgia xəstəliyini filan bir kənara qoysaq da, işləmək də istəmirəm artıq. Uzandığım yerdə özümü günahkar hiss etmək istəmirəm. Vaxtımın getdiyi üçün özümü günahkar hiss etmək istəmirəm. Heçnə etmədiyin üçün günahkar hiss etmək ya da özünü nəsə etməyə məcbur hiss etmək. Yerində boş-boş otura bilməzsən, çünki ay sonu kira ödəməlisən. Bir maşında yaşasam məsələn istədiyim vaxt oyanıb istədiyim vaxt yatsam. Kiməsə kira vermə dərdim olsun istəmirəm. Ancaq bu ölkədə bu çətindi. Başqa ölkəyə gedəcək həvəsim də qalmayıb. Yaşamağı çox çətinləşdiriblər. Heyvanlar bizdən şanslıdı. Bu lənət olası ölkəyə nifrət edirəm amma həm də dəlicəsinə sevirəm. Özümü bu torpaqlara aid hiss edirəm. Sanki onsuz da burda doğulmuşam kimiyəm. Ya da sanki orda doğulmuşam kimi hiss etdiyim dörd beş yer var və hamısı üçün darıxıram. Bəlkə də Avropada qalmalıydım. Bəlkə də durduq yerdə özümə xəstəlik yaradıram. Bildiyim tək şey var, Sinəmdəki lənət yara hər gün böyüyərək sonsuz bir irinə çevrilir.
Lara ayağa durdu. Onun yanına gəldi və onu qucaqladı. İki yenicə tanışmış yad insan sanki illərdir tanış imişlər kimi qucaqlayırdılar bir-birini. Sanki illərdir axtardıqları insanı tapmış kimi bir gecədə bir-birlərinə vurulmuşdular. Hər ikisi bu anın heç bitməməsini diləyirdi eyni anda. Sonsuza qədər bir-birlərini qucaqlayıb buraxmamaq. Oradaca, ayaqdaca durub, qucaqlayıb, ölənə qədər ağlamaq istəyirdilər, xoşbəxtlikdən ya bədbəxtlikdən. Dünən bütün gecəni də bir-birini qucaqlayaraq yatmışdılar. Baxmayaraq ki ikisi də qucaqlaşıb yatmağı xoşlamırdılar amma bu son günlərində sanki ikisi də sevgiyə möhtac idilər. Lara onun çiynindən başını qaldırıb üzünə baxdı və “kaş ki səni çox daha əvvəl tanısaydım” dedi. O Laranın yanağından aşağı süzülüb gedən tək göz yaşı damlasını izlədi. Sonra damlanın gedib durduğu yeri, dodaqlarının birləşdiyi kənarı öpdü yavaşca. Lara da onun dodağından öpdü və öpüşməyə başladılar. Bir-birini çox şiddətli formada öpürdülər, sanki hər ikisinin yer üzündəki son öpüşləriymiş kimi.
Sonra o birdən dayandı. Kənara çəkildi. Sanki qorxurdu. Sanki vurulmaqdan və ayrıla bilməməkdən qorxurdu. O sanki yaşamaq üçün yaranacaq istənilən bəhanədən qaçırdı. Fikrininin dəyişməsini istəmirdi. Hətta Laraya baxmağa belə cəsarət etmirdi sanki. Sanki baxdıqca vurulurdu ona. Gözlərinə, gözlərinin içində gördüyü o insana, saçlarına, bədəninə, hər şeyinə. Sanki həyatın onu son anda sınamaq üçün göndərdiyi ehtiras tanrısıydı və onun qarşısında özünü həyata uduzmuş hiss edirdi.
“Mən getməliyəm. Görüləsi bəzi kiçik işlərim var. Axşama qayıdaram. Burda olacaqsan? Sənə əlavə açarı buraxa bilərəm. Al, bax burdadı,” açarı masanın üstünə buraxdı. Lara heç nə demədi. O yataq otağına keçdi. Dolabdan bir şeylər götürüb cibinə qoydu. Sonra yan otağa keçib üzünə soyuq su vurdu. Başını qaldırıb sınıq güzgüyə baxdı. Bir də su vurdu. Sanki nədənsə ayılmağa çalışırdı, amma ayılmaq istədiyi sərxoşluğun içdiyi içkininmi yoxsa yan otaqdakı qadınınmı sərxoşluğu olduğundan əmin deyildi. Üzünü köynəyi ilə quruladı. Salona keçdi. Laraya yaxınlaşdı və onu son dəfə qucaqladı. “kaş ki heç tanışmasaydıq” dedi.
Qapını açıb çölə çıxdı və getdi.
4
SAUDADE
– Heyvanların göz yaşı tökmədən ağladıqlarını bilirdinizmi?
Yaxınlıqdakı sahilə doğru yeriməyə başladı. Laraya yalan demişdi. Edəcək çox da vacib bir işi yox idi. Nə evdə oturmaq istəyirdi, nə də yanında kiminsə olmasını. Depressiv hiss edirdi və üzündəki heç bir əzələni tərpətməyə taqəti yox idi. İçkinin köməyi dəyməmişdi. Belə əhvalla oyandığı sabahlara nifrət edirdi. Neqativ fikirlər sarırdı bütün beynini və içinə getmə istəyi dolurdu. Keçmişdən xoş xatirələr yaddaşını ələ keçirir və onu boğurdular.
Keçmişdə bu qədər ilişib qalmış olmasının səbəbi onun yaşam formasıydı. Həmişə bir yerlərdən qaçmışdı. Özünü tanıyandan qaçırdı. Davamlı olaraq bir şəhərdən başqa şəhərə, başqa ölkəyə, başqa qitəyə köçmüşdü. Bəziləri planlı, bəziləri plansız olmuşdu. İndi olduğu nöqtədən geriyə dönüb baxanda, bu qədər vaxta o qədər şeyi necə sığdırdığına bəzən çaşıb qalırdı. Normal bir insanın həyatında tanıyacağı insan sayısından bəlkə də qat-qat artıq insan tanımış, hər cür insan tipi görmüşdü və bu onu həmişə valeh etmişdi. Nə qədər fərqli insanın var olmuş olması. Milyardlarla nəfərlik dünya da, milyardlarla hekayə var idi. Hər insanın bir hekayəsi var idi və o hekayələri sevirdi.
Yeni şəhərlər, yeni insanlar və yeni kitablar onun bəlkə də həyatdakı tək devizi olmuşdu bir vaxtlar. Heç vaxt doğulduğu yerdə ölən insanlardan olmaq istəməmişdi. Sıxıcı gəlirdi bu düşüncə və yaşam tərzi ona. Vətəndə xan olmaqdansa, qürbət eldə dilənməyi üstün tutmuşdu həmişə. Dilənə-dilənə də yaşamışdı elə başqa ölkələrdə. Hər şəhərdə, hər ölkədə sıfırdan başlamışdı hər şeyə. Heç vaxt peşman olmamışdı. Olacağını da sanmırdı. Onu həyatda tutan tək istəyin bu olduğunu bilirdi. Getmək. Amma hara qədər?
Eyni şəhərdə belə olsa, canı sıxıldığı zaman evini və işini dəyişməliydi. Bir yerdə ilişib qalmaq onu boğurdu. İçində bitmək tükənmək bilməyən bir maraq hissi var idi həmişə. Öyrənmə hissi. Başqa dünyaları, başqa insanları, başqa mədəniyyətləri görmə, bilmə və öyrənmə.
Köçəri həyat yaşamışdı. Və bunu sevmişdi. Həyatının heç bir dövründə bəhrəsini sonra görəcəyi şeylər etməmişdi. Planlı yaşamamışdı. Çəkinmişdi bu şeylərdən. Heç vaxt bitirməyəcəyinə əmin olduğu Universitetlərdə oxumuşdu məsələn. Əvvəlcə bir müddət psixologiya, sonra fransız dili və ədəbiyyatı, sonraysa fəlsəfə oxumuş və hamısını da yarım buraxmışdı. Ona görə yox ki nə istədiyindən əmin deyildi, ona görə ki hər şeyi istəyirdi. Həm də məsələ nəticə deyildi, əsas prosses idi onun üçün. Nəticə heç vaxt ona maraqlı deyildi. Əsas gedişat idi. Əsas bir çayın suyu kimi axmaq idi, o çayın gedib harasa tökülməsi yox. Gələcəyini heç vaxt düşünməmişdi. Ya da o qədər xoşbəxt olmuşdu ki anın içindən ayılıb gələcək təlaşıyla yaşamaq istəməmişdi. İnsanın keçmişində ilişib qalması kimi, gələcək təlaşıyla yaşamasını da qəbul edə bilmirdi. Çünki insan içində yaşadığı anı yaşamamış olurdu elə olan halda. Sırf