Скачать книгу

ağa Bakıxanov

      (1794–1847)

      Müəllifdən

      …[1] Təbiətimiz hər şeydən artıq tarixə malikdir. O, hadisələrdən başqa əfsanələrə də talibdir. Bu elm (tarix) insanı gözəl əxlaqlı və bilikli edir, ona dolanacaq və yaşayış işlərini öyrədir. Buna görə, onu mənəvi elmlərin qiymətlilərindən hesab edib demək olar: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün Adəm övladı onun əmrlərinə boyun əyməkdədir. Onun təlim məktəbində dünyanın müəllimləri əlifba oxuyan bir uşaqdırlar… Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yollarını anladır. Gələcəkdə törəyə bilən əhvalatı keçmişin libasında insanların ibrət nəzərinə çatdırır. Bəli, keçmişdə vaqe olan bir iş gələcək üçün düsturül-əməldir və elmə əsaslanan bir əməl möhkəm və payıdar olar. Zəmanənin dəyişikliklərindən bixəbər işə başlamaq yolsuz və qorxulu bir çölə yönəlmək kimidir. Öz qısa ömründə təcrübə əldə edən şəxs, ondan çox böyük mənfəətə çatar. Tarix elmi isə, dünyanın təcrübəsini bizə kəşf edir. Bundan daha yaxşı nə ola bilər? Xüsusən hər bir ölkənin tarixi orada yaşayan xalq üçün faydalıdır; çünki tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyyətləri bildirər, qonşu tayfaların rəftarından məlumat verər, müxtəlif xalqlarla saxlanan əlaqənin əsas xeyir və zərərini ona məlum edər. Buna görə, mən günahkar bəndə, Qüdsi təxəllüsü ilə məşhur bakılı Abbasqulu Mirzə Məhəmməd xan Saninin oğlu, yol göstərmək məqsədilə, işin çətinliyindən xəbərdar olduğum halda, müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq bir kitab yazmağa başladım.

      Ümidvaram ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar… Əxbar kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. Xüsusilə bu ölkə müxtəlif tayfaların gediş-gəlişi və istilası üzündən həmişə iğtişaş və qarışıqlıq meydanı olmuşdur. Bir çox kitab, tarixi sənədlər və maddi mədəniyyət əsəri məhv və tələf olmuşdur. Başqa millətlərdən heç birinin tarix kitabları da, bu məsələləri layiqlə izah etmir. Bununla bərabər «

 
– öyrənilməsi tamamilə mümkün olmayan bir şeyi tamamilə də tərk etmək olmaz» kəlamının məzmunca, bu işə lazım olan vasitələrdən mümkün olanını ələ keçirib, dağınıq məsələləri bir-birilə əlaqələndirdim. Mövcud əsərləri nəql və rəvayət olunan xəbərlərlə tutuşdurdum. Tarix yazmaqda lazım gələn qaydalara riayət etdim: mətləbləri müxtəsər və sadə ibarələrlə yazdım, tədricə diqqət etdim və hadisələr arasındakı rabitəni gözlədim, millət təəssübündən və vətən tərəfdarlığından çəkindim. Hər bir mətləbi mötəbər sözlər, cürbəcür kitablar və məktublar, sultanların fərmanları, sikkələr, asari-ətiqələrin qalıqları və əhalinin bir məzmunlu müxtəlif təqrir və bəyanları ilə mümkün dərəcədə əsaslandırmağa çalışdım. İxtilaflı yerlərdə əlamət və nişanələrə istinad və əqli ehtimallara müraciət etdim.

      Kitabı müqəddimə, beş fəsil və nəticəyə böldüm.

      Müəllifindir: Bu əsər bir tarix kitabı olaraq tanındı, hiyəttarix (1257–1841/2) sözü onun təlif tarixi oldu. Onun adını «Gülüstani-İrəm» qoydum. Məzmununa mütabiq[2] ad verdim.

      Müqəddimə – Şirvan və Dağıstan vilayətlərinin hüdud və ərazisi, adlanmalarının səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqında.

      Birinci fəsil – İslam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr haqqında.

      İkinci fəsil – ərəb ordusunun gəlməsindən başlayaraq moğolların istilasına qədər.

      Üçüncü fəsil – moğol istilasından Səfəvilərin zühuruna qədər və Şirvanşahlar sülaləsinin səltənəti dövrü.

      Dördüncü fəsil – Səfəvilərin zühurundan Nadir şahın vəfatına qədər.

      Beşinci fəsil – Nadir şahın vəfatından «Gülüstan» adlı yerdə Rusiya-İran dövlətləri arasında bağlanan sülh müahidəsi[3] zamanına qədər.

      Nəticə – Şirvan vilayətində və onunla qonşu olan yerlərdə təlifat[4] sahibi və ya başqa fəzilət[5] və məziyyətə[6] malik olan şəxslərin tərcümeyi-halları haqqında.

      Giriş

      «Gülüstani-İrəm» əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmircan kəndində anadan olub. Abbasqulu ağa Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı II Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s. elmləri öyrənir.

      1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə qədər yüksəlir.

      A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olub. A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın daha qabaqcıl və qüdrətli ölkə olduğunu başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətləndirmişdir. 1847-ci ildə vəfat edən A. Bakıxanov hərbi və mülki xidmətlərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi fəaliyyətə həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yaradıcılığında islam dini təsir etmiş, onun dünyanı dərk etmək üsulu idealistcəsinə olmuşdur. …Bakıxanov ömrünün axırına qədər mömin müsəlman olaraq qalmışdır…

      A. Bakıxanovun Azərbaycan tarixinə həsr etdiyi «Gülüstani-İrəm» əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhəsiz ki, birinci yeri tutur. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə, fərman və sair bu kimi yazılı sənədlərdə təsadüf olunurdu. A. Bakıxanov isə ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani-İrəm» əsərini yazarkən təqribən yüzdən artıq məxəzdən[7] istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn-əl Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Rəfi Şirvani, Katib Çələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.

      A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur. «Gülüstani-İrəm» in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən mənbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm» in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz