Аббас-Кули-ага Бакиханов

Gülüstani İrəm


Скачать книгу

çubuq hasarla əhatə edilmiş və ağacdan qayırılmış bir imarət var idi. O hər gün səhər çağı evinin qapısında oturub, xalqın divan işlərilə məşğul olurdu. Gündüz müxtəlif tayfaların elçilərini qəbul edib, gecə onlar ilə bərabər yemək yeyərdi. Qonaqlar üçün gümüş qablarda və qızıl camlarda, özü üçün isə ağac qablarda yemək-içmək gətirdərdi. Yeməkdən sonra Ğun şairləri gəlib onun zəfər və fütuhatından bəhs edən şerlər oxuyardılar. Bu zaman onun qoşunu şadlanar, qocalar isə davadan geri qaldıqları üçün həsrətlə ağlardılar…»

      Rum səfirlərindən bir nəfər onu (Atillanı) öldürmək istədi. Atilla bunu bilib, özü üçün təhqir hesab edərək, ona cəza vermədi. Ola bilsin ki, Atil çayı Atilla adından və ya Atillanın adı bu çayın adından alınıb.

      Dağlılara ləzgi adının verilməsi, Laz qovmilə qarışmaları münasibətilə ola bilər. Lazlar miladın III əsri sonunda Kolxidada yaşayırdılar. Sərmat padşahı Qıpçaq çölündən gəlib, onları məğlub etdi. Lazlar V əsrdə albanlar və iverlər ilə bərabər Rum və İran arasında uzun müddət davam edən müharibələrə qarışırdılar. VI və VII əsrlərdə də bunların dövləti mövcud idi. Bunların padşahlarından Qubaz və Xoryan şöhrət sahibi olmuşlar. Bu tayfanın qalıqları indi də Qara dənizin cənub-şərqində sakin olub, yazılarında öz adlarını layiqi deyə yazırlar.

      Bir çox tarixçilər Ermənistan, İveriya, Kolxida və Albaniyanı bir-birindən ayıra bilməmişlər. Bu cəhətdən bəzi ixtilaflar meydana çıxmışdır…

      Həbibüssiyər sahibinin yazdığına görə, Ermənistan ölkəsinə daxil olan Tiflis şəhərini, Həbib ibni-Səlma Osmanın xilafəti zamanında ələ keçirdi. Bura həmişə xəlifələrin ixtiyarında olmuşdur. Bunu, Tiflisdə ərəblər tərəfində zərb edilən dirhəmlər də göstərir.

      İveriya dağlıq yerdə olub, Dağıstanın qərb tərəfindədir. Başaçıq (İmeretiya) da onun şərq hissəsindədir. Erməni tarixçiləri qədim gürcüləri ivros, yəni dağlı adlandırırlar.

      Yaqutun[21] yazdığına görə, gürcülər hicri V əsrin sonlarına doğru, İrandakı iğtişaşdan istifadə edərək, Kürün sağ sahilində qətl və qarətə başladılar; daha sonralar, səlcuqi Sultan Məhəmmədin oğlanları, Sultan Mahmud ilə Sultan Məsud arasında gedən müharibə zamanı Tiflis şəhərini ələ keçirdilər.

      Başaçıq (İmeretiya) düzlərini, Minqreliya və Quriyanı Kolxida hesab etmək olar. Şirvan və Dağıstan isə, birgə olaraq Albaniya olmuşdur.

      Alan tayfası xüsusunda bu qədər məlumdur ki, onlar bu ölkənin sakinləridir və xüsusi padşahları olmuşdur. Alan və alban sözlərinin bir-birinə bənzəməsindən zənn etmək olar ki, biri o birindən alınmışdır. Albaniya rum dilində ağlıq mənasında olaraq azadlığa işarədir. Şirvan və Dağıstan «Azadlar ölkəsi» adı ilə məşhurdur. Ammian Martsellinin yazdığına görə, Alan tayfası qədim Masaget nəslindən olmuşdur. Bunlar əvvəlcə Tatarıstandan gəlib Skif tayfasını Xəzər dənizinin şərq sahillərindən qovaraq buralarda yerləşmişlər. Skif tayfası Atil çayından keçib, Don ilə Tuna çayları arasında yerləri tutmuşlar. Onlar cəsarətlə, vəhşi xasiyyətlə və köçəri olan müxtəlif qəbilələrdən ibarət idilər. Cənub tarixçiləri o tərəflərin bütün qədim sakinlərini Skif adlandırırlar. Herodot[22] deyir ki, Skif gəncləri və Amazon qızlarının qarışmasından Sərmat tayfası meydana çıxmışdır. Lakin Qatterer[23] isbat edir ki, Sərmat tayfası İsanın anadan olmasından 80 il əvvəl, Asiyadan Avropaya gəlib, Don çayı ətrafında Skif tayfası ilə qarışmışdır; get-gedə Skif adı aradan çıxıb Sərmat adı məşhur olmuşdur. Alan tayfası da gəlib Sərmat tayfasını məğlub edərək onların yerlərinə sahib olmuşdu.

      Alan tayfası şəmşirpərəst dinində idilər. Qılıncı yerə sancıb ona səcdə edərdilər. Bir çox adət və ənənələri hun tayfası ilə bir idi. Prokopi[24] Alan tayfasını Masaget nəslindən və Böyük Get mənasında olan Masageti də Get və ya Qotf nəslindən hesab edir.

      Həzəqil peyğəmbərin kitabında, 38-ci fəsildə, masoqlar Yafəsin oğlu Masoq nəslindən sayılır. Bunlar şimal-şərq tayfaları arasında məşhurdurlar. Ola bilsin ki, Masaget bu nəsldən və ya Maqos və Qət tayfalarının qarışmasından meydana çıxmışdır. Degin[25], alan sözünü alin, yəni dağlı sözündən sayır. Masagetlərdən bir tayfanı, qədim zamanda Altay dağlarında yaşadıqları üçün, belə adlandırmışlar.

      Moisey Xorenski Alan tayfasını Qafqazın yaxınlığında göstərir. Alanlar, Bətləmyusun zamanından XIV əsrə qədər, Qafqaz dağlarının şimal-qərbində məşhur olmuşlar. Məsudinin yazdığına görə, Babi-Alan (Alan qapısı) gərək ki, Gürcüstanın Daryal adlı yerində olsun. Lakin Dərbəndnamə müəllifi deyir ki, Babi-Alan Alğon səddindədir. Bu səddi İsfəndiyar tikdirmiş, Nuşirəvan isə yenidən təmir etdirmişdir. Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xarabası Qubanın Şabran mahalında, Gilhinçayın sol kənarında, qalanın yeri isə həmin çayın sağ kənarındakı bir təpə üzərində indi də mövcuddur.

      Bu sədd dənizdən başlayıb, adı çəkilən şəhərin yeri yaxınlığında olan Əlixanlı – ehtimala görə, əslən Alğonlı olmuş – kəndinin üst tərəfindən keçərək, Çıraq qalasına bitişir. Oradan da, üzərində böyük bir şəhərin xarabası olan Ata dağından keçərək, Qonaxkəndin üstündən Baba dağına doğru gedir.

      Bu iki rəvayəti birləşdirərək demək olar ki, Babi-Alan (Alan qapısı) həm Gürcüstanda, həm də Şirvanda olmuşdur. Alan tayfası Qafqazın şimal tərəflərində yerləşdiyindən, onların cənuba hər iki tərəfdən hücum yolları var idi. Alan adı məşhur olduğu üçün, bir çox erməni kitablarında Qafqazın şərq tərəflərində yaşayan dağlıların hamısına bu ad verilir. Hətta Şirvan üstə olan Muğan səhrasının şimal qismi də, qədim kitablarda Alan səhrası adı ilə məşhurdur. Tarixçilərin yazdığına görə, Albanus və Qassı çayları arasında olan Alban şəhəri, yerin vəziyyəti və münasibətə görə, gərək Dərbənd şəhəri olsun. Albanus çayı Samur və Qassı çayı da Manas olub, Tarxu ilə Buynaq arasından axır.

      Keçmiş uzun əsrlər belə, bu ölkədəki yer adlarının bəzisini hələ də, dəyişdirə bilməmişdir. Şamaxı şəhəri Kamaxı və ya Ksamaxı olmuşdur. Burada olan Qəbələ şəhəri Xabaladır ki, Bətləmyus da onların adını çəkir.

      Quba ölkəsində Alpan adlı bir kənd vardır, alban sözündən dəyişmiş ola bilər. Bir dağın təpəsində çox qədim bir qala mövcuddur, onu Əşkəbus adlandırırlar. Firdovsinin «Şahnamə» dəki qeydinə görə, Əşkəbus türklərdən biri pəhlivan olub, xaqanın döyüşündə Rüstəm tərəfindən öldürülmüşdür. Həmdüllahın Məcməülbüldanda yazdığı əlamətlərə görə, Zərqubad kəndinin də, Firizqubad şəhəri olmasına ehtimal vardır. Sədan kəndi Sədani-Bakuyi adından alınmışdır. Xəzərgan adlı yer də İskəndərnamədə yazılan Xəzranguh ola bilər. Qubadakı Cağatay və Dağıstandakı Cənkutay kəndlərinin adları da moğol sözü olub, oraların qədim sakinlərinin adları ilə adlanmışdır. Mıçıqıçdakı Bayan kəndinin adı da Avarın məşhur xanı Bayanın adından götürülmüşdür. Nuxu şəhəri, adının münasibəti