Аббас-Кули-ага Бакиханов

Gülüstani İrəm


Скачать книгу

O, qədim və orta əsr müəlliflərinin yazdıqlarını öz əsərinə köçürmüş və tənqid süzgəcindən keçirməmişdir. Bu hal isə, şübhəsiz ki, müasir oxucuların diqqətini cəlb etməyə bilməz. Göstərmək lazımdır ki, A. Bakıxanov orta əsr məxəzlərinin verdiyi əfsanəvi məlumata əsasən yerli Azərbaycan sülalələrinin bir çoxunun mənşəyini təhrif edir, bəzi Azərbaycan şəhərlərinin adını və təsis edilməsini sasani və ərəb istilaçılarının adı ilə əlaqələndirir. Buna görə də onun irəli sürdüyü mülahizələrə və elmi üsullara tənqidi surətdə yanaşmaq lazımdır. A.Bakıxanov «Gülüstani-İrəm» əsərində əsas etibarilə siyasi hadisələrin təsvirinə artıq yer vermişdir. O, xalqın iqtisadi və ictimai həyatına və onun tarixi inkişaf məsələlərinə fikir verməmişdir. Heç şübhə yoxdur ki, şərq tarixçilərinin təsirindən tamamilə öz yaxasını qurtara bilməyən A. Bakıxanov bundan irəli gedə bilməzdi. «Gülüstani-İrəm» də bu və ya digər tərzdə daha bir çox nöqsan vardır. Bütün bu qüsurlardan öz yaxasını qurtara bilməyən müəllif, əsərin müqəddiməsində belə yazır: «Ümidvarəm ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və nöqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar». Bütün bu nöqsan və qüsur cəhətlərə baxmayaraq, A. Bakıxanov tərəfindən Azərbaycan tarixinə həsr edilən «Gülüstani-İrəm» əsərinin bir çox müsbət cəhətləri də vardır.

      «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf etmirik. A. Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. Xüsusilə onun XVIII əsrə və XIX əsrin 13-cü ilinə qədər Azərbaycan tarixi haqqında verdiyi məlumat diqqəti daha çox cəlb edir. A.Bakıxanov burada Şimali Azərbaycana aid siyasi hadisələri ətraflı surətdə təsvir etmişdir. Əsərdə təsvir edilən hadisələr ilə əlaqədar olaraq Ermənistan, Gürcüstan, Türkiyə və sairə haqqında məlumat verilir. Hadisələrin təsvirini 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan «Gülüstan müahidəsi» nə qədər çatdırır. A. Bakıxanovun bu dövr haqqında verdiyi məlumat, başqa mənbələrin verdiyi məlumata nisbətən daha mükəmməl və daha zəngin olub, əsərdə xüsusi yer tutur. Çünki müəllif özü bu dövrdə baş verən bir çox hadisələrin şahidi və iştirakçısı olub. O öz dövrünə aid daha bir çox sənədlər, fərmanlar, xanlar tərəfindən yazılmış məktublar və sair vəsiqələrdən də istifadə edə bilmişdir. A.Bakıxanovun şərq tarixçilərinə nisbətən üstünlüklərinə və mühakiməsinin genişlənməsinə rus mədəniyyətinin böyük təsiri olmuşdur. O, rus mədəniyyəti ilə tanış olmuş, rus tarixçilərinin əsərlərini öyrənmiş və öz əsərini yazarkən onlardan istifadə etmişdir.

      A.Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini sonradan rus dilinə tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunub. Tam bir halda isə, yalnız Sovet dövründə, «Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti» tərəfindən Bakıda 1926-cı ildə nəşr edilmişdir. Lakin əsərin bu çapında bəzi dəyişikliklər və bir çox nöqsanlar vardır. Xüsusilə coğrafi və şəxsi adların düzgün qeyd edilməməsini göstərmək lazımdır. «Gülüstani-İrəm» in nəşr edilən bu tərcüməsi hicri 1260 (=1844) ildə yazılmış bir nüsxədən Azərbaycan dilinə tərcümə edilmişdir. Əsərin bu günə qədər çap olunmamış farsca mətni isə, müxtəlif əlyazmaları şəklində bizə gəlib çatıb. Ayrı-ayrı katiblər tərəfindən müxtəlif tarixlərdə yazılmış bu əlyazmalar arasında bir çox fərq vardır. Buna görə də «Gülüstani-İrəm» redaktə edilərkən, yenidən yoxlanılmış və 1844-cü ildə Tiflisdə, 1862-ci ildə Salyanda, 1867-ci ildə Qubada, 1879–80-ci ildə Dağıstanda yazılmış əlyazmaları və habelə A. Bakıxanovun xüsusi kitabxanasına məxsus bir nüsxə ilə də müqayisə olunmuşdur.

      İstifadə edilən bu əlyazmaların hamısı Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsində saxlanılır. Əsərdən, tarixi əhəmiyyəti olmayan və mətni ağırlaşdıran bəzi hissələr çıxarılaraq nöqtələr ilə əvəz edilib. «Gülüstani-İrəm» XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutu tərəfindən çap edilən bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir məxəz olacaqdır.

M. Şərifli10 yanvar, 1951

      Müqəddimə

      Şirvan və Dağistan vilayətlərinin hüdud və ərazisi, adlanmalarinin səbəbi, əhalisinin mənşəyi, dilləri və dinləri haqqinda

      Şirvan vilayəti, şərq tərəfdən Xəzər dənizi ilə, cənub-qərbdən onu Muğan və Ermənistan vilayətlərindən ayıran Kür çayı ilə, şimal-qərbdən Qanıq (Alazan) çayı ilə, İlisu nahiyəsindən keçən qeyri-müəyyən xətlə, Qafqaz sıra dağları, Kürə və Təbərsəran nahiyələrini Qaziqumuq və Qaytaq məmləkətlərindən ayıran dağ silsiləsi ilə və oradan da Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə qədər uzanan sahə ilə məhduddur. (Şirvan) Kür dəhnəsindən Dərvaq dəhnəsinə qədər təqribən 39°-42°-yə qədər şimal en dairəsi, Qanıq çayı dəhnəsindən Əfşəran burnuna qədər 64°-68°-yə qədər şərq uzunluq dairəsi üzərində vaqedir. Düz xətlə hər bir dərəcənin məsafəsi təqribən 15 coğrafi mil – yeddi rus versti qədər və ya bir ağac yarımdır. Hər ağac – üç islami mil uzunluqdadır. İslami mil – doxsan altı min barmaq boydadır. Bir barmaq da orta boylu altı arpa uzunluqdadır (arpaların birinin arxası o birinin qarnına bitişik surətdə düzülmək şərtilə).

      Beləliklə, indiki Şirvan məmləkəti Salyan, Şəki, Bakı, Quba, Dərbənd, Təbərsəran, Kürə, Samur nahiyəsi və İlisunun aşağı bir qismindən ibarətdir. Bunlar, ölkənin ən gözəl və ən geniş vilayətlərindəndir.

      Qafqaz dağlarının böyük bir silsiləsi onun arasından üzü cənub-şərqə düşübdür ki, xoş havalı yaylaqları, otlaqları, şirin bulaqları və hər iki tərəfə axan çoxlu çayları vardır.

      Əksəriyyət üzrə, dəniz və Kür çayı sahillərində geniş və məhsuldar çöllərdə bol taxıl zəmiləri, meşələr, bağlar və sair vardır. Dəniz kənarında olan bu ölkə, Rusiya və İran dövlətləri və müxtəlif Dağıstan tayfaları arasında olduğundan, ticarət işlərində də mükəmməl tərəqqi edə bilər.

      Təqvimülbüldan[9] müəllifi deyir ki, Şirvanı Sasani sülaləsindən olan Ənuşirəvani-Adil bina etmişdir, bu cəhətdən onun adı ilə tanınmışdır. «Ənu» ləfzi çox işlənmək nəticəsində atılmışdır. Bəziləri deyirlər ki, Şirvanın əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan olmuşdur. Moisey Xorenskinin[10] tarixində və Zendavesta kitabında Şerovaner deyə adlanır. Əmin-Əhməd[11] «Həft-iqlim» adlı əsərində deyir ki, Şirvan, əvvəllərdə bir şəhərin, sonra isə bir ölkənin adı olmuşdur.

      Çamçiyan