Аббас-Кули-ага Бакиханов

Gülüstani İrəm


Скачать книгу

malik olsada, ümumiyyətlə yaşamaq üçün çox çətin və məşəqqətlidir.

      Bu vilayət Məsudinin[13] rəvayətinə görə, hicri 332-ci (=944) ildə aşağıdakı üç ölkədən ibarət olmuşdur:

      1) Qaytaq – bura Dərbəndin şimal tərəfindədir. Hökumət mərkəzi Səməndər, yəni Tarxudur ki, onu Nuşirəvan bina etdirib. Səməndər Xəzər xaqanının paytaxtı olmuş idi. Lakin Səlman ibni Rəbiə buranı aldıqdan sonra, xaqan öz paytaxtını Atilə köçürdü. Səməndər əhalisinin çoxu xəzərlər, müsəlmanlar və yəhudilərdən ibarət olmuşdur…

      2) Sərir (taxt) – Dərbəndin şimal-qərbində, üç mənzillik məsafədədir. On iki min ailədən ibarət olmuşdur. Sərir padşahı Filanşah adlanıb, nəsara (xristian) dinində idi. Bəzilərinin dediyinə görə, Sasani sülaləsindən olan Yəzdicird, ərəblər tərəfindən məğlub edildikdən sonra Xorasana getdi. O, öz qızıl taxtını başqa qiymətli şeylərlə bərabər Bəhram-Çubin nəslindən olan bir mənsəb sahibinə verərək, Cibali-Fəthə, yəni Qafqaza göndərdi. O da indi Sərir adlanan mülkü ələ keçirib öz nəslini tərk etdi. Nizaminin dediyinə görə, buranın Sərir adlanması Keyxosrovun taxt və tacından nəşət etmişdir; çünki bu taxt və tac burada bir mağaranın içində idi. Bəzilərinin dediyinə görə, bu ölkənin hakimləri qızıl taxt üzərində oturub hökm verdikləri üçün bu ölkəyə Sərir adı verilmişdir. Sərir hökmdarı rəiyyətini öz qulu hesab edərdi və dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından xəzərlər üzərinə basqın edərək onları qarət edərdilər. Səririn yaxınlığında Zirihgəran mülkü olub, hazırda Köbəçi adlanır. Əhalisi müsəlman, nəsara (xristian) və yəhudidir.

      3) Dağlıq Qumuq – Səririn şimalında və Qaytağın qərbindədir. Əhalisi nəsaradır (xristiandır). Padşahları olmadığından öz rəislərinə itaət edərdilər. Çox məhsuldar və abad olan Alan ölkəsinə buradan gedərdilər. Kəndlər bir-birinə yaxın olduğundan, bir xoruz banlayanda bütün kəndlərin xoruzları banlardı. Alan padşahının ləqəbi Kərkərandac və ya Kərkəndac, arvadının adı isə Məğəs idi. Otuz min atlı qoşunu var idi. Babalarından biri Abbasilər xilafətinin birinci əsrində nəsara (xristian) dinini qəbul etdi. O vaxta qədər onlar atəşpərəst idilər. Hicri 320-ci (=932) ildə onlar nəsara (xristian) dinini tərk edib, Rum imperatorunun onlara göndərdiyi keşişləri ölkələrindən çıxarıb qovdular. Alan ilə Cibali-Fəth (Qafqaz) arasında, körpülü bir çay kənarında olan dağın başında bir qala vardır ki, Hisni-Babi-Alan (Alan qapısının qalası) adlanır. Dağdan keçmək ancaq buradan mümkün idi. Bu qala qalaların ən möhkəmi idi. Fars şairləri bunu çox tərif etmişlər. O, İsfəndiyarın əmrilə tikilmişdir.

      Müslimə ibni-Əbdülməlik Qafqazın bir çox yerini itaəti altına aldıqdan sonra ərəb mühafizlərini bu qalada qoydu. Onlara Sərhəd boyunda olan Tiflis şəhərindən maaş və ərzaq göndərilirdi. Baba-Laziqə də Gürcüstan nahiyəsində olub, padşahı müsəlman idi. Alanın qərb tərəfində Kəşək mülkü Cibali-Fəthdən Pont dənizinə, yəni Qara dənizə qədər uzanıb gedir. Buranın əhalisi yaraşıqlı bir tayfadır. Burada tala adlanan və Misir qumaşından daha qiymətli olan bir qumaş toxuyurlar. Buradan Trabizona tacirlər dəniz vasitəsilə gedib-gəlirlər. Alanların hücumundan qorunmaq üçün dəniz kənarında qalaları vardır. Kəşək tayfası çox, lakin dağınıqdır. Əgər bunlar ittifaq etsəydilər hamıya qalib gələrdilər. Onların ölkəsinin o biri tərəfi Səbbüldan (yeddişəhər) ölkəsidir…

      Kəşək tayfası çərkəzlərdir, onları qədim rus tarixçiləri Kasoq, Os (Osetin) tayfasını isə, Kasaq adlandırırlar.

      Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvaninin[14] öz tarix kitabında qeyd etdiyinə görə də, burada üç məmləkət vardır: 1) Dəşt; 2) Zirihgəran və 3) Avar. Avar yaşayış və nəqliyyat yolları etibarilə ölkələrin ən çətini hesab edilir. Çamçiyan öz tarixində bu vilayətdə dörd ölkə olduğunu göstərir: 1) Alan, 2) Basalas, 3) Haptaq və 4) Hun. Dərbəndnamə müəllifi, İsfəndiyar və Nuşirəvanın təqsimatına görə, buranı dörd məmləkətə bölmüşdür: 1) Gəlbax; 2) Tumanşah mülkü; 3) Qaytaq və 4) Dağlıq Qumuq.

      Bu təqsimatın hamısı indiki vəziyyətlə də uyğundur.

      Birinci məmləkət – Alan və ya Sulağın o tərəfindəki Qumuq Gəlbaxı, Mıçıqıç və Kiçik Qabardıdan ibarət olmuşdur.

      İkinci məmləkət – Tumanşah mülkü, ya Haptaq, ya da, birinci bölgüyə görə, Qaytaq ölkəsidir ki, şamxal[15] və üsmi[16] mülklərinin aşağı qismini təşkil edir.

      Üçüncü məmləkət – Dağlıq Qumuq, ya Hun, ya da, Avar ölkəsidir ki, Qaziqumuq və Avarıstan mülkünü təşkil etmişdir.

      Dördüncü məmləkət – Baslas, ya Zirihgəran, ya Sərir, ya da, axırıncı bölgüyə görə, Qaytaq ölkəsidir ki, Qaytağın yuxarı hissəsindən, Aqquşa və Sürhi mahallarından ibarətdir.

      Başlı şəhərinin adı Baslas sözündən dəyişmədir. Qumuq, Bətləmyusun[17] dediyinə görə, Kam və ya Kamak tayfasının qalıqlarıdır. Bu mülk onların adı ilə adlanmışdır. Rözətüssəfa[18] müəllifinin və başqa tarixçilərin dediyinə görə, onlar Yafəsin oğlu Kamak və ya Kamarı nəslindəndirlər. Bunlar Yafəsin Bulğar adlı oğlunun adını daşıyan yerdə sakin idilər. Ehtimala görə, o yer Kiçik Qabardı ölkəsində olan Balğar adlı yerdir. Balğar və onun ətrafında olan Çəgəm, Baxsan, Bizəngi əhalisi və başqaları indi də türk dilində qumuq ləhcəsində danışırlar. Məlum olur ki, bunlar bir tayfadırlar. Bu məsələni Həbibüssiyər[19] və sair kitablar da təsdiq edir.

      Bu mənbələrin yazdığına görə, Əmir Teymur Toxtamış xanı məğlub etdikdən sonra öz qoşununun başçılarına Qumari çayının kənarında ənam vermiş və Qum boğazında qışlamışdır. Qumari adlanan bu çay Terek çayı yaxınlığında olub, indi türkcə Kumi və rusca Kuma adlanır. Əlifin vava və kaf, qaf və ğəyn hərflərinin bir-birinə çevrilməsi uzaq deyildir. Təsəvvür etmək olar ki, Qaytaq və Həptaq ya bir mənada olub, ya da bir-birindən dəyişmədir, ya da ki, Tağ mütləq Dağıstanın adı imiş. Şamxal mülkünə «həp» – yəni hamı – sözü əlavəsilə «həptaq», üsmi mülkünə də, Keyxosrov və sair Kəyan padşahlarına nisbətilə, ya da böyük və uca mənasına gələn «key» sözü əlavəsilə Keytaq demişlər. Sözlərin işlənməsində ta dala, kaf və ğəyn hərfləri də qafa və biləks dəyişilmişdir.

      Hun tayfası haman Ğun adlanan tayfadır. Moisey Xorenskinin yazdığına görə, miladi tarixin V əsrində Xəzər dənizinin qərb sahilində sakin imişlər. İndi yeri məlum olmayan Varçan, bunların ən böyük şəhəri olmuşdur. Simaca kifir, qaniçən, talançı və cəsur olan bu tayfa, qədim zamanlarda Çin hüdudundan Qıpçaq çölünə və Xəzər dənizi ilə Qara dəniz arasındakı sahəyə gələrək, hədsiz zülmlər etmişlər. Bunların padşahı Atilla… müxtəlif tayfaları, hətta Macarıstanı da, özünə tabe etmişdi. Qostəntiniyyədən xərac alırdı. Hicri 454-cü ildə vəfat etdikdən sonra, övladı arasında gedən çəkişmələr nəticəsində Ğun