rəfdən babalarından yadigar qalmış “Quran”ı əlinə aldı: hörmətlə üç dəfə öpüb alnına qoydu, sonra arxa qapağını açdı; oradakı kağızda uşaqların adları və doğum günləri yazılmışdı. Yenə eyni rəfdə yerləşən köhnə qabı açdı, qələmin ucunu ehtiyatla mürəkkəbə batırdı, daha əvvəl yazdığı sətirlərin altına ürəklə 4 rəqəmini, sonra bir əlif hərfi yazdı… Bu an Nigar arxa otağın aralı qapısından başını çıxardıb sevinclə:
– Cavad ağabəy, – dedi, – muştuluğumu istəyirəm, vallah…
Cavad günlərdən bəri Miriylə məşq etdiyi adı yazmağa çalışırdı: sin… dal…
Nigar davam etdi:
– Yoxsa, deməyəcəyəm!
Cavad adı bitirdi: elif, lam, bir dənə də lam, hı…
Nigar inadla sözlərinə davam etdi:
– Vallah-billah, deyən deyiləm!
Cavad yazmağa çalışdığı adı gözdən keçirdi: gözlədiyindən daha yaxşı alınmışdı. Sonra oxudu: “Əsədulllah”. Bəyəndi, yazmağa davam etdi: “Cavad oğlu Axundov, 1 mart 1873”. Bir də altına, “Bakı, Persidskaya küçəsi, No. 62” yazsaydı nə gözəl olardı. Amma yazmadı, öz-özünə: “”Quran”a ünvan yazmaq olmaz”, – dedi. Nigara sarı döndü, həyəcandan danışa bilmədi və səsi qısıldı, yalnız:
– A Nigar bacı! – deyə bildi. Bir nəçə dəfə udqunduqdan sonra, – Bilirəm ki oğlandır, – dedi. Sonra həyat yoldaşının vəziyyətini soruşdu. Yaxşı olduğunu öyrənincə bir qədər rahatlandı.
İlk dəfəydi, hər şey qaydasındaydı. Qadınlar ev-eşiyi yığışdırdıqdan sonra, hamı öz sandığından körpə üçün bir şeylər tapıb gətirdi, amma onu bələyə bürümədən əvvəl hər şeyin qaydasında olduğunu bildirmək üçün körpə anasına və atasına göstərildi.
Körpəni qucağına alan Cavad həyat yolđaşını görmək istəyərkən, mənasını bilmədiyi bir neçə dua oxudu.
Nigar onun yolunu kəsdi:
– Ay Cavad ağabəy, işdən çıxarıldığını Haşımdən eşitdim. Qətiyyən bunu Xanıma demə, yazığın südü kəsilər.
Cavad işdən qovulduğunu arvadına söyləmədi, yalnız bərk-bərk onun alnından öpdü, sonra uşağı bələyə qoydu. Xanım üç qızdan sonra ərinə bir oğlan verdiyi üçün xoşbəxt idi; nəslin davamçısı, gələcəyin təminatçısı…
Ertəsi gün Cavad işə gedirmiş kimi, eyni saatda evdən çıxdı. O, Miri ilə iş axtarmaq məqsədilə şəhərdəki neft müəssisələrinin bürolarına baş çəkəcəkdi. Cavad Miri ilə görüşəndə onu xoşbəxt edən doğum hadisəsi haqda danışdı. Miri sevindiyini söylədi və onu qucaqlayaraq təbrik etdikdən sonra:
– Mən İstvanın istəyinə uymayacağam, – dedi, – bir neçə gün sonra da Bakıdan gedəcəyəm. Nobel firmasında işləyən bir tanışım var: Oleq Bardin. Sən bir neçə gündən sonra onun yanına gedərsən, mən ona çox güvənirəm. Görəcəksən, əvvəlkindən daha yaxşı işin olacaq.
– Sağ ol! Sənə borcumu necə ödəyəcəyimi bilmirəm. Ən pis vaxtımda Xızır kimi imdadıma çatdın… Tanrı nə muradın varsa, versin!
– Sən indi bunları dərd eləmə, səni pis vəziyyətdə qoyan mən idim, mübahisə etdiyimizi nə tez yadından çıxarmısan?
– Doğurdan, yadımdan çıxıb. Nə haqda mübahisə edirdik ki?
– Bəlkə də, çox yersiz, çox mənasız söhbətdi. Yaddan çıxartsaq yaxşıdı.
– Yox, danış. Səni tanımağıma köməklik edər.
– Məni və ya səni tanımaq o qədər də vacib deyil. Əsas olan şey bir-birimizi, yəni özümüzü tanımaqdır. Hə, indi xatırladım. Sən, “Biz kimik?” – deyə tutub durmuşdun. Mən də, “Necə yəni biz kimik? Sən bizim kim olduğumuzu bilmirsən? Nə ağzına gələni danışırsan?’’ – deyirdim. Səsimiz bərk çıxdığına görə işverənlər duyuq düşüblər…
– Ağzıma gələni danışmıram. “Biz kimik?” – deyəndə, təkcə səni, ailəni, ya da özümü nəzərdə tutmuram; bütün bu şəhərdə, əyalətlərdə və kəndlərdə, daha doğrusu, ölkədəki insanları nəzərdə tuturam. Bax, neft istehsalı bölgəsində bizimlə bir yerdə işləyən Gevorq – erməni; ustabaşı Alek – rus; rəis köməkçisi İstvan – macar; baş mühəndis Şuman isə almandır… Başa düşdünmü nə demək istədiyimi?
– Davam et.
– İndi biz kimik?
– Yenə eyni yerə gəldik. Bax, biz… Biz musəlmanıq, təbii ki, o saydıqlarından ola bilmərik. Biz adlı-sanlı müsəlmanlarıq.
– Olmadı da… Olmadı. Müsəlmanlıq dindir, onların da hamsı xristiandır, amma adları, dilləri, üstəlik, həyat tərzləri belə bir-birindən fərqlidir. Bəs biz? Biz necə danışırıq?
Cavad bir müddət fikirləşəndən sonra:
– Müsəlmanca deyəcəkdim, amma səhv olduğunu anlayıram, – dedi.
– Hə, haqlısan, düzgün deyil. Amma həmişə elə deyirlər. Qəribə camaatıq biz, adımız belə yoxdur. İtirmişik adımızı. Bizdən söz açanlar, “Müsəlmandır” – deyib keçirlər. Bəziləri də bizim üçün yeni ad uyduraraq “Tatar” – deyirlər. Heç aidiyyəti yoxdur. Tatarlar bizə heç oxşamır, heç bir ortaq cəhətimiz yoxdur.
Uzun sürən müzakirə bitəndən sonra Cavad və Miri bir daha görüşmədilər. Miri təhsil aldığı Kiyev şəhərinə qayıtdı. Cavadsa ağır keçən işsiz günlərin birində Nobel şirkətindəki Oleq Bardinlə görüşə bildi. Ona Miridən söz açdı, öz dərdini danışdı.
Oleq Bardin ona şübhəylə baxdı, uzun-uzun danışdırandan, yaxşıca sıxıb-sıxışdırdıqdan və bir çox şərtlərlə onu təngə gətirəndən sonra, nəhayət, işə götürdü. Əvvəllər olduğu kimi, Cavad yənə də əlində kürək, kəndirin ucundakı vedrəylə quyuya endi… Bəs nə oldu quyu qazmaqda gündəmə gələn o buxar maşınları? O, hələ də bel və kürəkləmi işləməyə davam edəcək?..
1881
Çətinliklə keçən günlərdən sonra ağlını başına yığan Cavad tapdığı işdən dördəlli yapışdı. Artıq heç kimlə dalaşmır, hətta dostyana söhbət belə etmir, bir fikri olsa da, olmasa da heç kimlə paylaşmırdı. O, hər yerdə dilini saxlamağı və sakit durmağı yaxşıca öyrənmişdi. Böyüklərin qabağında boynubükük durmağa, danlanarkən cavab qaytarmamağa, danışmamağa və gülümsəməməyə belə adət etmişdi.
Quyu diblərində, qaranlıqlar içində əlində kiçik bel və kürək olduğuna baxmayaraq gələcəyə ümidlə baxırdı. Nədənsə qaranlığın bir çox insanda oyatdığı qorxu hissi ona təsir etmirdi. Bəlkə də, bu, onun qaranlıqda ətrafını daha aydın gördüyündən irəli gəlirdi. Aydınlıqsa bir gurultu kimi dincliyini pozur, qorxudurdu onu; tanımadığı və öyrəşə bilmədiyi qələbəlikdəki kütlələrin izdihamı, hayqırışı və dalğa kimi qabarmasından qorxurdu. Üç qızdan sonra bir oğlu anadan olmuşdu ki, bu da onun irəlidəki həyatında yeganə ümidi idi. Oğlunun doğumundan