Eldəniz Qurtulan

Əmim Hamlet


Скачать книгу

getmək istəsən, heç vaxt xəbər eləmədən getmə. Mənə deyib, elə get. Mən sənin zərgərlikdə az rast gəlinən, nadir bacarığı olan bir usta olduğuna inanmışam, haqlarını həmişə qorumuşam.

      – Sağ ol, müdir, usta olmağım mənim üçün yetərli deyil. Ətrafımızda vacib hadisələr baş verir. Onlardan baş açmaqda acizəm. Məsələn, çox qısa bir zamanda bir çox varlı iş adamı ortaya çıxdı. Dünənə kimi varlıqlarından belə xəbərsiz olduğumuz Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullahyev, Murtuza Muxtarov kimi zənginlərimiz var artıq. Ümümi olaraq yaxşı işlər də görürlər, həm də get-gedə çoxalmaları bizim işimizə sərf eləyir, amma cəmiyyətdə yoxsulluq da sürətlə artır, bu da ölkə səviyyəsində narahatlıq yaradır.

      – Narahatlıqdan bizə nə? Bizim məqsədimiz, o saydığın varlı iş adamlarının səviyyəsinə yüksəlməkdir.

      – Mənim məqsədim o deyil, cəmiyyətdə tarazlığın qurulmasıdır. Həm də mənim maraq göstərdiyim çox şey var. Məsələn, Avropada nələr baş verir? Rusiya qaynayır, deyirlər. Maraqlanıram, amma rus dilini yaxşı bilmədiyimə görə hadisələrin gedişini izləyə bilmirəm. Ayrılmağa gəlincə, çox sağ ol, soruşmağın yaxşı oldu, işdən çıxmağı, özümə bir dükan açmağı, əlbəttə, düşünürəm.

      – İşə bax ha! İndi vaxtı deyil! Həm də mən sənin maaşını otuz manatdan əlli manata qaldırmaq istəyirəm.

      Müdirin kefi pozulmuşdu. Çox vaxt etdiyi kimi dükanı Əsədə təhvil verib, dənizin sahilindəki bulvara tərəf getdi. Bulvarda Güney Azərbaycandan gələn, iş axtaran bir çox insan vardı.

      – Əsəd haqlıdır, yerdən göyə qədər haqlıdır. Bakıda neft sənayesi inkişaf etdikcə, bir varlıya qarşı yüzlərcə kasıb fəhlə, ya da işsiz ortalığı qarışdıracaq.

      Dənizə baxan, yaşıl bir ağacın altındaki bir skamyada oturaraq düşüncələrə daldı.

      “Heç nəzərə almadığımız başqa bir məsələ də İrandan gələn bu işsizlər ordusu bizimkilərdən daha geri, daha qaba və daha təhlükəlidir, çünki başqa çıxış yolları yoxdur…Vay bizim halımıza”.

      1894

      Bakının məşhur varlı sahibkarları, tacir və tüccarların qabaqcılları, xüsusən şairlər, ədiblər və rəssamlardan ibarət qələbəlik kitabxana və oxu zalının açılışında bir yerə toplanmışdılar. İnsanlar arasında Əsədullah Axundov da vardı və o, çox həyəcanlı görünürdü.

      Nəriman Nərimanov açılış nitqində dünya tarixində olan kitabxanalar haqqında ətraflı danışdıqdan sonra əlavə etdi:

      – Bizə gəlincə, – dedi, – bildiyim qədərilə, XIII əsrdə Nəsrəddin Tusinin Marağada Rəsədxana Kitabxanası ilə XVI əsrdə Şah İsmayıl Xətainin Saray Kitabxanasından sonra, XIX əsrdə Bakıxanov və Mirzə Fətəli Axundzadənin şəxsi kitabxanalarının hər biri özünəməxsus xəzinədir. İndi açılışını etdiyimiz bu mədəniyyət evi kitabxana olmaqdan əlavə, ölkəmizin və qonşu ölkələrin köhnə və yeni nəşrlərini, qəzet, jurnal və kitablarını xalqımızın əldə edib oxuması üçün daim açıq olacaq.

      Rəsmi danışıqlar bitdikdən sonra dostlar, tanışlar dəstə-dəstə ayrıldılar. Əsədullah kitabçı dostu Təbrizli Əli Əkbəri Füzuli haqqında söhbət edərkən onların arasında gördü.

      – Bağdadlı Füzulinin ərəbcə və farsca divanlarından başqa türk dilində divanı olması onu fars oxucularının gözündən salıb. Ona görə mən belə deyərdim ki, Füzulinin şeirlərini bütün türk xalqları arasında yaymaq lazımdır. Dinləyin onu, görün nə deyir:

      Ol səbəbdən fars ləfzilə nəzm çoxdur kim,

      Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

      Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm,

      Növbahar olğac tikəndən bərgi-gül izhar olur.

      Əsəd mollaxanada keçən son falaqqalı gününü xatırladı. O gündən sonra ərəbin kitabından, farsın şeir divanlarından uzaqlaşdı, bundan sonra Füzuli onun könlündə taxt qurdu. Çünki ana dilində, yəni türk dilində yazmışdı şair. Bəzi şairlərsə nədənsə bu gücü özlərində tapa bilməmişdilər.

      – Məsələn, kim?

      – Məsələn, Xəqani, Nizami…

      – Onların hər biri İran ədəbiyyatının abidəsidir.

      – Ola bilər, amma ikisi də azərbaycanlıdır.

      – Axı, onlar farsca yazıblar, bunu nəzərə al.

      – Olsun. Axı, mən də “nə səbəbdən bəzi şairlərimiz türkçə yazmaq gücünü özlərində tapa bilməmişlər?” – dedim. Haqlı deyiləm?

      – Haqlısan. Onlardan yalnız Nizami türkü və türkçülüyü mədh edib öz şeirlərində.

      – Bunda nə var ki?

      – Nə olduğunu mən sənə deyim, deməli, azərbaycanlılar türkdür.

      Özündən aslı olmadan onun Aristotel məntiqi yürütməsinə güldü:

      – Xeyr, bu, Aristotel məntiqi deyil: bu, riyaziyyatın “ikini ikiyə vuranda dörd edir” məntiqidir.

      Nərimanov Mədəniyyət Evi onun bir çox ziyalılarla tanış olmasına səbəb olmuşdu. Heç bir incəsənət və mədəniyyət yığıncağından qalmazdı Əsədullah Axundov. Bu qurumun imkanlarından yararlanaraq xaricdən bir çox kitab gətizdirə bildi. İndi o, uşaqlıq illərində heyran qaldığı Rasim əminin kitabxanasından daha böyüyünə sahib idi. Füzuli, Nəsimi və Xətainin əsərlərilə yaxından tanış olduqdan sonra, uşaqlığında ən çox marağını cəlb edən Mirzə Fətəli Axundzadənin əsərlərini də əldə etmişdi.

      * * *

      Əsədullah Axundov öz iş yerini qurarkən iyirmi beş yaşında idi və iyirminci əsrə iki il qalmışdı. Səkkiz il Əliyev qardaşlarının yanında işlədikdən sonra, görkəmli Metropol otelinin (indiki Nizami muzeyi) nəzdində təkbaşına bir zərgər-saatçı mağazası açdı. Təbii ki, müdiri bu işin qarşısını almaq üçün əlindən gələni etdi, amma istədiyinə nail olmayınca, o da böyük qardaşı kimi, əgər bu qərarından vaz keçməsə onu öldürtdürəcəyi ilə hədələdi.

      “Əlbəttə, dediyini edər! Hər gün onlarla insan şəhərin ortasında qoçular tərəfindən güllələnərək öldürülür. Mənim başqa əlacım yoxdur, necə olur-olsun müdirin tabeçiliyindən çıxıb, öz həyatıma lazım olan bir yol seçməliyəm. Mənim hər şeydən əvvəl özümü inkişaf etdirməyim, ətrafımda və dünyada baş verənləri tanımağım lazımdır. Bunun üçün birinci növbədə rus dilini yaxşı öyrənib, bu çatışmazlığımı aradan qaldırmalıyam”.

      Müdir öldürtmədi Əsədullahı. Əsədullah mağazasını ürəyi istədiyi kimi bəzədi və lazımı qədər cib saatı, qiymətli daşlarla işlənmiş bijuteriya hazırladı. Artıq hər şey hazır idi və özünə köməkçi axtararkən Nəriman Nərimanov onu bir nəfərlə tanış elədi.

      – Bu İvan Terpovdur. Moskvalı, yüksək təhsillidir… Ona çox güvənirəm. Mahaçqalada bir çeçen ustadan zərgərlik