target="_blank" rel="nofollow" href="#n63" type="note">63 düzəldir. Lezvalar arasına rezin, yaxud karton izolyator qoyulur, ayrılıqda hər biri bir məftilə bağlanır, məftil də öz növbəsində dediyim elektrik mənbəyinə. Lezva «kipitilnik» çaydanın içərisinə salınmaqla qaynanmış suyun hazır olması heç üç dəqiqə də çəkmir. Ancaq bu zaman əslində qaynanmış su yox, xüsusi tamı olan «yandırılmış» su alınır. Yoxa lənət.
«Çefirşik»dən indiyə kimi xərclədiyimiz avans pulları ala bilməyəcəyimizi başa düşdük.
Söz verib yerinə yetirməyən «zek» hökmən cəzalandırılır. Bu cəza kamerada bir, «zon»da digər üsulla verilir. Həm də buna söz vermə yox, «dil oxuma» deyirlər. Pulun qaytarılma vaxtı təyin olunubsa, yəni, «tavan» qoyulubsa, bu daha pis. Əgər, «zek» «dil oxuyub» və «tavan» vaxtı ötürsə, o, «zek» kimi «şərəfli» bir adı daşımaq hüququndan məhrum olur. Bu gündən etibarən adına «fuflo»64, yaxud «fufloşnik» deyilir.
Kameramızda belə bir gərginlik yaranmışdı. «Çefirşik» özü də vəziyyətin gərginliyini başa düşürdü; çölə göndərdiyi, «qonets»lər hamısı boş qayıdır, nəticə əldə edilmirdi. Axşama məhkəmə prosesi planlaşdırıldı. «Mitropolit»65 mən, iclasçılar Adil və Bəxtiyar, prokuror Cəfər, vəkil Əzizalı təyin olundu.
Axşama kimi nə domino oynanıldı, nə söhbət aparıldı. Üzlərdəki cüzi təbəssüm də yoxa çıxdı. Daxilən hamı döyüşə hazırlaşan əsgər hissi keçirirdi. Nəticə acınacaqlı da ola bilərdi: hakim mən olsam da, müşahidəçilər, əsasən də tələbkarlar çox pis mövqe, daha doğrusu, türmə qaydası üzrə ədalət mövqeyi tutmuşdular. İmkanlı yoldaşlardan hər hansı biri onun borclarını ödəməyi üstünə götürsə, Rauf «fuflo» ləqəbi ilə «zona» gedəcək, yox əgər bu borc pul şəkilində də ödənilməsə, digər, yəni natura ilə ödəniş forması seçiləcəkdi.
Ağır və üzücü məhkəmə prosesi «yazı» ilə yekunlaşmalı oldu. Rauf buna da şükür etməli idi.
Yüz il bir damın altında bir kəslə yaşasan da onu tanıya bilməzsən. İnsan özü böyüklükdə, özü ağırlıqda bir sirr bağçasıdır. İkicə saat əvvəl qabaq-qabağa oturub çörək yediyi yoldaşı indi öz əli ilə parçalamağa hazır olan insan övladları verdikləri hökmün icrasını tələb edirdilər. Qana susamış məhbuslar üçün, bəlkə də, bu bir əyləncədən çox özünüdərk və ya özünütərk idi. Yazılmayan qanunların hər bəndinə dəqiqliklə əməl edən «zek» bu prosesi xüsusi səliqə, xüsusi maraqla aparır.
Bığın kişilik nişanəsi olduğunu israr edənlərdən türmədə bığını uduzanlar da olur. Sizcə bığı elə sadəcə olaraq qırxırlar, yaxud onu öz sahibinə qırxmağı məcbur edirlər?
Yox! Təntənəli surətdə hamam günü təyin olunur, təzə mələfə, təzə dəsmal, təzə lezva, təzə sabun… Hər şey yalnız təzə olmalıdır, hamı bu səhnəni müşahidə edir – istəyən də, istəməyən də. Bığı qırxılan sakitcə dayanmalı, dəllək rolunun ifaçısı tələsmədən, hətta, vaxtı uzada-uzada işləməlidir. Gülməyə, hətta, zarafat etməyə də icazə verilir.
Hökmə görə Raufun qulağının tanası iki yerdən çərtilməli idi. Şamil boğçasından təzə məhrəba çıxardı. Yod da tapıldı, pambıq da. Hamı «nara»nın ikinci mərtəbəsinə çıxıb dövrələmə oturdu. Ətə işləyən lezvanın xırçıltısı eşidildi, qan nazik xətt üzrə axıb ağ məhrəbanın üstünə töküldü. Əzazilliyı ilə seçilən Şamil beşinci damlaya kimi səbirlə gözlədi (şərtə görə üç damla da kifayət idi), sonra yodlanmış pambığı Raufun qulaq tanasına yapışdırdı.
KARSER
Dar ağacına aparan yoldan başqa sonu olan yolların hamısı yaxşıdır
18 mart. Sayca üçüncü müstəntiq Mirzoyev nəhayət ki, bu lənət qapısı arxasında, bir dəfə də olsa, mənimlə görüşmədən, dərdimi, günahımı soruşmadan, şahidlərlə üzləşdirmədən ittihamnamə ilə bərabər Sarkisyan familiyalı bir vəkil də tapıb təşrif buyurdu Bayıl türməsinə və vəkili təntənəli surətdə təqdim etdi:
– Bu yoldaş çox qabiliyyətli vəkildir. İçəridə olduğunu nəzərə alıb, onu sənə vəkil yazmışam.
Ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edilənləri məhkəməyə vəkilsiz göndərə bilmərik. Qayda belədir. İstəsən də, istəməsən də. Kişinin tapşırığıdır. İndi isə… bu sənədlərə qol çək. Hər şey həll olunub. Sənə açıq deyirəm: mübarizə aparmağın xeyri yoxdur. Əvvəla bu dörd divar arasında əlindən heç nə gəlməz, ikincisi də ki, Müzəffər qol çəkən kağız geri qayıtmır. Hara yazırsan yaz, mənasızdır. Çalış hakimi gör, bəlkə güllə vermədi. Bilirsən də… Bura Azərbaycandır, Vaşinqton yox!
İttihamnaməni imzalamaqdan imtina edib, Mirzoyevlə bərabər Sarkisyanın da himayədarlığına ehtiyacım olmadığını bildirdim. O da bunu gözləyirmiş kimi Sarkisyanla qol-qola girib gülə-gülə getdi, məni isə 39-a qaytardılar.
Müstəntiq yanından qayıdan «zek» adətən yoldaşlara izahat verir, istintaqın gedişindən danışır. Mən də ətraflı məlumat verdim. Vəziyyətimin ağırlığını özüm də başa düşürdüm, yoldaşlarım da. Axşama kimi müzakirə edib bir qərara gələ bilmədik. Kamerada ən vacib məsələnin üstündən bir gecə ötürsə, o, öz əhəmiyyətini itirmiş olur. Sabah daha təzə, az maraq doğuran olsa da, daha isti iş meydana çıxır, çıxmasa da, baş qarışdırmaq üçün düşünüb bir şey tapırlar.
Yerimdə uzanıb bütün keçmişimi, sabah və dünənimi bir daha araşdırdım. Qəribədir ki, çöldə, azadlıqda olanda adam öz səhvlərini görmür, yaxud görməyə imkan tapmır. Burda isə…
Otuz beş il ömür yaşamışdım. Və bu otuz beş ildə ölçüyə gəlməz, sayıbilinməz səhvlər buraxmış, həm də bu səhvləri düzəltmək üçün bir addım belə atmamışdım. Keçən hər ildə, ötən hər ayda, itirdiyim günlərin hər birində bağışlanılmaz səhvlər!
Danışığımda səhv!
Yazdığımda səhv! Hətta, məhəbbət yolunda atdığım addımlarım da səhv!
Səhvən doğulmuşdum, səhvlərlə yaşamışdım… Öz ətrafımı belə görməyi bacarmamışdım.
Sabah necə olacaqdı?
Əgər ədalət qələbə çalsa, məhkəmə mənim xeyrimə həll olunsa, çıxandan sonra körpələrimin üzünə necə baxacaqdım?
Ədalət qələbə çalacaqdımı?
Çətin, çətin ki, mən bu dörd divar arasından çıxa bilim.
Çətin ki, aprel ayına təyin olunacaq məhkəmədən salamat qurtarım.
Güman ki, «smertnik»lər korpusuna düşənlərdən biri də mən olacaqdım.
Ona görə də hər şeylə xudahafizləşmək lazım idi.
İrili-xırdalı bütün səhvlər üçün özüm-özümü cəzalandırmalı, cəza növünü özüm düşünməli, hökmü özüm verib, icrasına da özüm başlamalıyam. Məhkəmə prosesinə qədər