Qənimət Əlisaoğlu

Həbsxana


Скачать книгу

gətirən müstəntiq də həmin gün bir sarışın Marusya, yaxud qarayanız Nairi ilə sənin zümrüd ləpələrinə baş vursun, qan qarışmış suyundan bir ovuc götürüb onun mərmər sinəsinə çiləsin…

      Başqa bir «xanım» isə əlində «Hökm yerinə yetirildi!» yazılmış bir parça kağız körpələrini başına yığıb ağladıqca-ağlasın.

      «Atam haradadır? Atama nə olub?» suallarına ürək parçalayan hönkürtüylə cavab versin.

      Allah da hər iki səhnəyə səbirlə tamaşa etsin, haqlını haqsızdan ayırmağı uzaq, naməlum bir vaxta, axirət gününə saxlasın.

      Başqa bir «nazor»un dediklərinə görə meyitin başı balta ilə bədənindən ayrılır, baş sinə üstünə qoyulur və bu sayaq şəkil çəkilir. «Hökm yerinə yetirildi!» cümləsi ilə bu şəkil də təsdiqedici fakt kimi Moskvadakı cənablara göndərilir.

      Bu da inandırıcıdır, hər halda «öldü» sözünü «öldürüldü» sözündən fərqləndirən bir şəkil hökmən olmalıdır. Daha Moskvaya meyitin özünü göndərməyəcəklər ki…

      Qətl axşamı başa çatır. İcraçılar akt tərtib edib qollayırlar. Səhəri gün tezdən saat 7-8 radələrində pəncərələri bağlı «UAZ» naməlum istiqamətə yol alır. Filan nömrəli məhbusun başı kəsilmiş meyiti yandırılmaq üçün filan yerə aparılır…

      … İçəri girməyimlə arxamca qapının bağlanması bir oldu. Gözlərim alacalandı. Yarıqaranlıq otaqda sifətlərinə qeyri-adi sarı rəng çökmüş bir dəstə adam vardı. kimi öz yerində uzanmış, kimi də stol arxasında oturmuşdu. 22 göz dikilmişdi gözümə. Hələ bu yerlərin qayda-qanunlarına bələd olmadığımdan çaşıb qalmışdım. 50-55 yaşlarında arıq, sifəti qırışmış, gözləri işıldayan yəhudi yaxınlaşıb salamımı aldı. Oturmağa yer göstərdi. Nəfəsimi dərib oturdum.

      – Yaşa, – deyə özünü təqdim etdi, – Yakov Danil. Köhnə işlə Qaradağdan gəlmişəm. «Karandaş»gillə tutulanlardanam. Bu yoldaşları sənə təqdim edim: Adil – Salyandan gəlib, 88-1-lə oğurluq mal satdığı üçün tutulub. Cəfər – rüşvət almaya-almaya rüşvət maddəsi ilə gəlib. Bəxtiyar – naxçıvanlıdır, 88-1-lə gəlib. «Avşaq»ımız – bu cavan oğlandır. Sabah məhkəməsidir. Bu biri Bəxtiyar isə «barıqa» kimi tutulub…

      Tanışlıq uzun çəkdi. Təqdim olunanlar haqqında əlavə məlumat verənlər də tapıldı.

      «Nara»nın birinci mərtəbəsində lap axırıncı yerdə «sever»in qabağında bir məhbus da oturmuşdu. Sakitcə qulaq asır, söhbətə qoşulmurdu. Maraqlı idi ki, tanışlıq verənlərdən onu xatırladan olmadı.

      Özümü təqdim etdim. Bütün titul və vəzifəmi, çoxsaylı maddələrimi saydım.

      – Bundan sonra yadda saxla, – Cəfər dilləndi, belə maddələrə buket deyirlər. Müzəffərə ilişmisənsə, işin çətin olacaq. O, Sabirin qudasıdır.

      Suallara təmkinlə, sakitcə cavab verirdim. Axır ki, dillər yoruldu, suallar tükəndi.

      – Yaxşı, – Yaşa ətrafa göz gəzdirdi, – müəllim harda yatacaq?

      Gözlədiyimin əksinə olaraq mənə öz yerlərini verənlərin sayı çox oldu. Həm də bir tərəfdən bəxtim gətirmişdi ki, formal surətdə «avşaq» vəzifəsini icra edən Baloğlan sabah məhkəməyə gedəcək, çox güman ki, sabah da öz «srok»54unu alacaq və «osujdyonka»55 kamerasına salınacaqdı. Demək, yer boşalacaqdı. Müzakirə mənim xeyrimə həll olundu: hələlik ikinci mərtəbədə, Puşkinə, məhkəməyə aparılmış Xosrov kişinin yerini tutası oldum.

      Öz yerimə qalxdım. Qalan təlimatı Baloğlan verəsi oldu, özü də pıçıltı ilə:

      – Ora, – barmağı ilə pərdəyə tutulmuş dördkünc yeri göstərdi – «sever»dir, yəni ayaqyolu. Gün ərzində ora iki dəfə ağır getmək olar: səhər və axşam su gələndə. Yüngül getməyə həmişə icazə var. Getməmişdən qabaq bax, əgər stolun üstündə ağzı açıq qab, kiminsə əlində yemək, yaxud siqaret varsa, getmək olmaz. Getməzdən əvvəl ucadan «sever!» demək lazımdır ki, məsəl üçün, ağzında konfet olan kəs onu udsun. Siqaret çəkən şəxs siqaretini söndürsün. «Sever»in qabağındakı «nara»ya «quşxana» deyirlər. Ora… ora «petux»ların yeridir. Yəni, onlardan qadın kimi istifadə etmək olar. Onunla əl verib görüşmək, bir stol arxasında oturmaq olmaz. Onun qabından istifadə etmək, yaxud başqasının qabında onun yemək yeməyinə razılıq vermək olmaz.

      – Bəs hamı çörək yeyəndə necə? – soruşdum.

      – Hamı yeyəndə o, öz yerində uzanır. Biz durandan sonra oturub yeyir. Qayda belədir… Onun qaşığının dəstəyinə, krujkasına xüsusi nişan vurulur ki, tanınsın…

      «Petux» hər kamerada olur. Bəzən kamerada çox böyük qəbahət etmiş, yaxud arxasınca «qara ox» gəlmiş məhbusu da kamera məhkəməsinin hökmünə görə «petux» edirlər. Nə qədər inandırıcı olmasa da, bu əməliyyat bütün türmələrdə, bütün kameralarda aparılır.

      Fakt faktlığında qalır. Mənim də faktları, danmağa mənəvi haqqım, hüququm yoxdur. «Petux»un qabında kiçik deşik açırlar ki, onun qabları əlamətinə görə fərqlənsin. Yoxsa, Allah eləməmiş, onun qabından kimsə təsadüfən istifadə edə bilər.

      Əsas «vəzifəsi» ilə yanaşı, «petux» qulluqçu, zibildaşıyan, «işverən» vəzifələrini də icra edir.

      Kamera məhkəməsi özlüyündə dövlət məhkəməsindən ciddi şəkildə fərqlənmir. Onun da müttəhimi, hakimi və iclasçısı, prokuroru və vəkili var.

      Məhbuslar əsl məhkəməyədək özləri sınaq məhkəməsi qururlar. Bu sınaq məhkəməsini məhkəmə prosesinə gedəsi «bratan» üçün bir neçə dəfə təkrar edir, eynilə məhkəmədə olduğu kimi, hətta, bir az da ciddi suallar qoyulur. Burada da vəkil müdafiə edir, prokuror iş «oxuyur», hakim və iclasçılar məşvərətə gedir və nəhayət, hökm elan edilir. Maraqlıdır ki, oxunan hökm əksər vaxtlarda əsl hökmlə eyni olur. Özü də kamera hakimi xalq hakimindən daha sərt mövqe tutsa belə, ondan daha ədalətli, daha insanpərvər olur. Çünki, kamera hakimi müttəhimi başa düşür, onun çəkdiyi mənəvi əzabları görür.

      Bir də… Kamera hakimi hakim statusu almaq üçün bir qucaq rüşvət vermədiyindən «zek»dən də rüşvət tələb etmir; burda nə güzəşt var, nə də təmənna.

      Məhbus kamerada istər pis, istərsə də yaxşı cəhətdən formalaşır, daha prokuror həzrətləri onun üçün elə bir məna kəsb etmir. Hakimin onsuz da standartdan kənara çıxmayacağını bilən şəxs üçün əvvəlcədən planlaşdırılmış və kamera «hakimi» tərəfindən oxunmuş 12 il əvəzinə xalq hakiminin oxuyacağı 13, yaxud 14 il sayının fərqi yoxdur. Ümumiyyətlə, təcridedilmə müddəti uzandıqca əsəbləri kütləşən, məhəbbətini nifrəti ilə əvəz edən məhbus üçün ilk ayların çətinliyi, çox iş almaq qorxusu aradan qalxır, «nazor» da, «oper» də cılızlaşır. Çoxları üçün hər şey adiləşir, göz yaşı azalır, sırtıqlıq və şit zarafatlar ürəklərə yol tapır…

      «ÇEFİRŞİK»

      Eyni çəmənlikdə öküz – ot,