xeyli az uzaqlaşır; sənaye və ticarət böhranlarının, daha az hallarda isə pulun öz dəyərindəki dəyişilmələrin törətdiyi güclü sarsıntı dövrləri istisna təşkil edir.
Tədavül vasitələri miqdarının tədavüldəki əmtəələrin qiymətlərinin məbləği ilə və pul tədavülünün orta sürəti ilə müəyyən edildiyini göstərən qanun70 bu şəkildə də ifadə edilə bilər: əmtəələrin dəyər məbləği məlum olduqda və onların metamorfozlarının orta sürəti məlum olduqda, tədavüldə olan pulun və ya pul materialının miqdarı bu materialın öz dəyərindən asılıdır. Belə bir illüziya vardır ki, guya məsələ məhz əksinədir, guya əmtəə qiymətlərini tədavül vasitələri kütləsi müəyyən edir, tədavül vasitələri kütləsini isə həmin ölkədə olan pul materialı kütləsi müəyyən edir71; bu illüziyanın kökü onun ilk nümayəndələrində belə mənasız bir hipotezdədir ki, əmtəələr tədavül prosesinə qiymətsiz, pul isə dəyərsiz daxil olur və sonra bu prosesdə əmtəə həlməşiyinin müəyyən hissəsi metal qalağının müvafiq hissəsinə mübadilə olunur72.
Pulun tədavül vasitəsi funksiyasından onun sikkə forması meydana gəlir. Qiymətdə və ya əmtəələrin pul adında fikrən təsəvvür edilən müəyyən çəkili qızıl hissəsi tədavül prosesində bu əmtəələrin qarşısına eyni adlı bir qızıl parçası və ya sikkə şəklində çıxmalıdır. Qiymət miqyasının müəyyən edilməsi kimi, sikkə kəsilməsi də dövlətin əlinə keçir. Qızıl və gümüşün sikkə olaraq geydiyi və dünya bazarına gələrkən yenidən çıxardığı müxtəlif milli libaslarda, daxili və ya milli əmtəə tədavülü dairəsi ilə ümumi dünya bazarı dairəsi arasındakı bölgü meydana çıxır.
Deməli, qızıl sikkəsi ilə qızıl külçəsi bir-birindən ancaq görkəminə görə fərqlənir və qızılı daim bir formadan digərinə çevirmək olar73. Sikkəxanadan çıxan qızılın tutduğu yol onu ən axırda aparıb əritmə putasına çıxarır. Ona görə ki, tədavüldə qızıl sikkələr sürtülüb yeyilir, həm də biri çox, biri az yeyilir. Qızıl sikkənin adı ilə onun qızıl substansiyasının miqdarı, onun nominal məzmunu ilə real məzmunu yavaş-yavaş bir-birinə uyğun gəlməməyə başlayır. Eyni adlı qızıl sikkələr müxtəlif dəyər kəsb edir, çünki indi onların çəkisi müxtəlif olur. Tədavül vasitəsi olan qızıl qiymət miqyası olan qızıldan uzaqlaşır və qiymətlərin reallaşdırdığı əmtəələrin gerçək ekvivalenti olmaqdan çıxır. Bu qarışıqlığın tarixi orta əsrlər və XVIII əsrədək yeni dövr ərzində sikkə işi tarixinin başlıca məzmununu təşkil edir. Tədavül prosesinin təbii meyli sikkənin qızıl varlığını zahiri qızıla çevirməyə, yəni sikkəni öz rəsmi metal məzmununun ancaq simvoluna çevirməyə olan bu təbii meyl hətta ən müasir qanunvericilikdə də qəbul edilmişdir: bu qanunvericilik müəyyən edir ki, metal nə dərəcədə itkiyə uğradıqda qızıl sikkə tədavül üçün yararsız olur, yəni sikkəlikdən çıxır.
Pul tədavülünün özü sikkənin real məzmununu nominal məzmunundan uzaqlaşdırırsa, onun metal varlığını onun funksional varlığından uzaqlaşdırırsa, bunda sikkə funksiyasında metal pulu başqa materialdan olan nişanlarla və ya sadəcə simvollarla əvəz etmək imkanı gizli halda vardır. Qızıl sikkəni gümüş və mis nişanların əvəz etməsi rolu tarixən, bir tərəfdən, qızıl və ya gümüşdən vəzncə tamamilə cüzi sikkələr kəsməyin texniki çətinlikləri ilə izah edilir və digər tərəfdən bununla izah edilir ki, aşağı metallar yüksək metallardan–gümüş qızıldan, mis də gümüşdən–əvvəl dəyər ölçüsü olmuş və deməli, daha nəcib metal onları taxtdan saldığı zaman onlar artıq tədavüldə pul vəzifəsi daşıyırmışlar. Onlar qızılı əmtəə tədavülünün elə sahələrində əvəz edirlər ki, burada sikkə çox böyük sürətlə dövr edir və, deməli, çox böyük sürətlə sürtülüb yeyilir, yəni elə sahələrində əvəz edirlər ki, burada alqı və satqı əməliyyatları çox kiçik miqyasda daim təkrar olunur. Qızılın bu cığırdaşlarının qızılın öz yerini tutmasına mane olmaq üçün bunların qızıl əvəzində hökmən qəbul edilməsindən ötrü qanunla ən aşağı tədiyyə hədləri müəyyən edilir. Müxtəlif növ sikkələrin tədavül etdiyi xüsusi dairələr, əlbəttə, bir-biri ilə çulğaşır. Qızılla yanaşı xırda sikkə qızıl sikkələrdən ən kiçiyinin hissələrini ödəmək üçün meydana çıxır; qızıl daim pərakəndə tədavülə daxil olur və xırda sikkəyə dəyişilmək yolu ilə eyni dərəcədə daimi surətdə oradan kənara atılır74.
Gümüş və mis nişanların metal məzmununu qanun öz istədiyi kimi təyin edir. Tədavüldə onlar qızıl sikkədən daha tez sürtülüb yeyilir. Buna görə də onların sikkə funksiyası felən öz çəkilərindən, yəni heç bir dəyərdən asılı olmur. Qızılın sikkə varlığı onun dəyər substansiyasından tamamilə ayrılır. Bunun sayəsində də nisbətən heç bir dəyəri olmayan şeylər–kağız parçaları qızıl əvəzində sikkə vəzifəsi daşımaq imkanı alır. Metal pul nişanlarında onların xalis simvolik xarakteri hələ müəyyən dərəcəyə qədər gizli qalır. Kağız pulda bu xarakter tamamilə aydın surətdə meydana çıxır. Gördüyümüz kimi, ce n'est que le premier pas qui coute [ancaq birinci addım çətindir].
Biz burada ancaq icbari məzənnəli dövlət kağız pullarını nəzərdə tuturuq. Bunlar bilavasitə metal tədavülündən meydana gəlir. Əksinə, kredit pulları elə şərtlər tələb edir ki, biz sadə əmtəə tədavülü çərçivəsində qaldıqca, bunlar bizə hələ əsla məlum deyildir. Ancaq ötəri qeyd edək ki, əsil mənada kağız pul, pulun tədavül vasitəçi funksiyasından irəli gəldiyi kimi, kredit pullarının da təbii kökünü pulun tədiyyə vasitəsi olmaq funksiyası təşkil edir75.
Üzərində öz pul adları, məsələn, 1 f. st., 5 funt sterlinq və i. a. yazılmış olan kağız pullar tədavül prosesinə dövlət tərəfindən kənardan daxil edilir. Onlar doğrudan da öz eyni adlı qızıl məbləğləri əvəzində tədavül etdiyinə görə, öz hərəkətində ancaq pul tədavülünün özünün qanunlarını əks etdirir. Kağız pulun spesifik tədavül qanunu onun ancaq qızıla nisbətindən, ancaq qızılın nümayəndəsi olmasından irəli gəlir. Bu qanun isə sadəcə ondan ibarətdir ki, buraxılan kağız pulun miqdarı, onun simvolik olaraq təmsil etdiyi qızılın (və ya gümüşün) həqiqətən tədavül edə biləcəyi miqdardan artıq olmamalıdır. Doğrudur, tədavül dairəsinin qəbul edə biləcəyi qızılın miqdarı daim dəyişilərək məlum orta səviyyədən gah yuxarı qalxır, gah da aşağı düşür. Lakin müəyyən ölkənin tədavül vasitələri kütləsi empirik surətdə təyin edilə biləcək müəyyən minimumdan heç zaman aşağı düşmür. Bu minimum kütlənin öz tərkib hissələrini daim dəyişdirməsi, yəni hər dəfə başqa qızıl hissələrindən tərtib olunması, əlbəttə, bu kütlənin həcminə və onun daim tədavül dairəsində olmasına əsla təsir etmir. Buna görə də həmin kütlə kağız simvollarla əvəz edilə bilər. Lakin bu gün biz bütün tədavül kanallarını tamamilə dolacağı dərəcədə kağız pulla doldursaq, sabah əmtəə tədavülündə hər hansı dəyişikliklər üzündən bu kanallar həddən artıq dolmuş ola bilər. Burada hər bir