Джек Лондон

Ağ diş


Скачать книгу

p>

      1

      YEMƏK HƏSRƏTİNDƏ

      Donmuş çayın hər iki sahili boyu qalın küknar meşəlikləri uzanırdı. Bir az əvvəl külək ağacların yarpaqlarındakı qarı çırpmışdı və indi onlar bir-birinə söykənərək ala-toranlıqda daha məşum görünürdülər. Ətrafı dərin sükut bürümüşdü. Heç bir həyat nişanəsi yox idi. Hava soyuq, şaxtalıydı və bu tənha səhralıqda hökm sürən sükutu kədərli adlandırmaq olmazdı. Ən dəhşətlisi bu idi ki, qulağa qaqqıltı səsi dəyirdi. Yaman qorxunc səs idi. Fərəhsiz səs elə bil qədim sfinkslərin şaqqanağına bənzəyir, buz kimi adamı dondururdu. Dünyanın ətəyindən sallanmış köhnə, amiranə bir müdriklik hər şeyə rişxəndlə gülürdü; həyatın mənasız, mübarizənin faydasız olduğuna gülürdü. Bura kimsəsiz, tənha bir yer idi, qəlbi də, iliyi də donmuş uzaq şimal çölləriydi. Lakin belə şaxtalı, tənha çöllərdə də canlılar gözə dəyirdi. Minik itləri qoşulmuş kirşə buz bağlamış çayın üstüylə gedirdi. İtlərin pırtlaşıq tüklərini qırov basmışdı. Nəfəsləri buxarlanıb havada donur, sonra büllur dənəciklərə dönüb yerə tökülürdü. İtlərin boynuna dəri xaltalar keçirilmişdi, qoşquya bağlanmış qayışlarla onlar kirşəni dartırdılar. Tozağacının qalın qabıqlarından düzəldilmiş kirşə qarın içinə otururdu. Kirşənin qozlası yuxarı qalxaraq lüləni xatırladırdı. Bunu ona görə etmişdilər ki, o, qabağına çıxan yüngül qar təpəciklərini basıb əzsin. Kirşədə qayışlarla möhkəm bağlanmış uzunsov bir yeşik gözə dəyirdi. Orada pal-paltar, balta, qəhvədan, tava da vardı. Amma kirşənin yarıdan çox hissəsini tutan uzunsov yeşik nəzəri daha çox cəlb edirdi.

      İtlərin qabağında xizəkli adam zorla addımlayırdı. Lap arxadan ikinci adam gedirdi. Üçüncü adam da vardı. Amma o, kirşənin içindəki həmin ensiz, uzunsov yeşikdə uzanmışdı və onun üçün dünyanın bütün məşəqqətləri birdəfəlik qurtarmışdı. Çünki şimalın tənha hikməti onu məğlub etmişdi. Elə əyib sındırmışdı ki, hərəkətsiz uzanmış, döyüşü mübarizəsiz dayandırmışdı. Soyuq şimal hərəkəti sevmir. O, həyatın əleyhinədir, çünki həyat hərəkət deməkdir. Hərəkət edən nə varsa tənha şimal onu dondurub məhv edir; dənizə axmaq istəyən suları dondurur, ağacların şirəsini qarsıdır. Tənha şimalın daha bir cəhəti var: insana qarşı amansızdır. Onun inadını daha qəzəblə sındırır. Çünki insan dünyanın ən yırtıcı məxluqudur! Çünki insan – bu ikiayaqlı məxluq həmişə şimalın iradəsi əleyhinə, onun “hər hansı bir hərəkət axır ki, donmalıdır!” hökmünə qarşı çıxır.

      Bununla belə, kirşənin qabağında və arxasında iki cəsur adam həyat eşqiylə irəliləyirdi. Əyinlərinə dəri palto geymişdilər. Kirpikləri, yanaqları və dodaqları ağımtıl, xırda buz sırsıralarına bürünmüşdü. Adamların ağzından çıxan buğ büllur dənəciklərinə dönür, sonra bu dənəciklər onların üz-gözünə qonur, sifətlərini görünməz edirdi. Onların əcaib görkəmi vardı. Elə bil bu adamlar hansı bir xəyali kölgənisə o dünyada basdırıb qayıdan qəbirqazanları xatırladırdılar. Amma xəyali məxluq deyildilər; dünyanın qəmli səhrasına, fərəhsiz gülüş və sükunət aləminə düşmüş adamlardı. Bu cəsurlar var güclərini inadlı, məğrur niyyətlərinə həsr etmiş, şimal dünyasının qəddarlığı ilə bəhsə girmişdilər. Bu kimsəsiz dünya onlar üçün yad kosmosun əlçatmaz ənginliyi qədər uzaq idi.

      Onlar dinməzcə irəliləyir, sanki danışığa güc sərf etməkdən qorxurdular. Ətrafı ölü sükut bürümüşdü. Sükut onların bütün vücudunu əsir eləmişdi. Bu, dənizin dərinliklərində üzən dalğıcın bədəninə suyun etdiyi təzyiqə bənzəyirdi. Sükunət qətiyyət adlı qanunu ilə onları əsarət altına almış, şüurlarının ən gizli qatlarına soxularaq elə bil oradan bütün saxtalıqları, yalanları, xudbinlik əlamətlərini üzüm şirəsi kimi sormuşdu. Bu səssiz dünya onların qulağını sanki belə bir fikirlə deşirdi: siz miskin, yazıq adamlarsınız, ölü canlarsınız, toz dənəciklərisiniz, havada hara gəldi uçuşan, təbiətin kor qüvvələrinin əsiri olan mığmığasınız.

      Bir neçə saat keçdi. Qısa, tutqun günün bozumtul işığı görünəndə ətrafı bürümüş sakitlik pozuldu. Uzaqdan zəif bir ulartı gəldi. Səs get-gedə artdı, daha zildən gəldi və bir xeyli bu vəziyyətdə qaldı, titrədi, sonra gücünü azaltmadan yavaş-yavaş susdu. Bu səsdə qəmli, həm də şiddətli bir aclıq həsrəti vardı, Belə olmasaydı, yəqin ki, bu ulartını nəyinsə ölən ruhunun iniltisinə bənzədərdin.

      Qabaqda gedən adam geriyə qanrılaraq kirşənin dalınca gələn dostuna əliylə işarə etdi. Həmin ulartı yenə sükutu iynə kimi deşməyə başladı. Adamlar qulaq verib, səsin istiqamətini müəyyən etməyə çalışdılar. Səs onların bir az bundan qabaq ötüb keçdiyi qarlı düzəngahdan gəlirdi.

      Az sonra cavab ulartısı eşidildi, o da arxadan, amma bir az sol tərəfdən gəlirdi.

      – Bill, deyəsən, axı onlar bizim dalımızca düşüblər, – qabaqda gedən adam dilləndi. Səsi xırıltılıydı, elə bil öz səsi deyildi, çox çətinliklə danışırdı.

      – Yəqin yemək tapmırlar, – dostu cavab verdi. – Neçə gündü bir dənə də olsun dovşan izi gözümə dəymir…

      İkisi də susdu və təşvişlə ard-arası kəsilməyən ulartıya qulaq asdı. Qaş qaralan kimi adamlar itləri meşəyə tərəf döndərib çayın sahilində düşərgə saldılar. Kirşədəki tabutu götürüb ondan oturacaq və stol kimi istifadə etdilər. Tonqalın başına yığışan itlər hərdən mırıldanır, hürür, lakin qaranlığa cummaq meyli göstərmirdilər.

      – Henri, deyəsən, itlərin oddan xoşları gəlir, – Bill dilləndi.

      Buz parçaları ilə dolu qəhvədanı ocağın üstündən asmağa əyilmiş Henri başını tərpətdi. Sonra tabutun üstündə oturub yeməyə başladı. Dedi:

      – Canlarından qorxurlar, görmürsən? Bilirlər ki, burada onları yedizdirəcəklər, amma orada özləri kiminsə girinə keçə bilərlər. İti aldatmaq çətindir.

      Bill başını yellədi:

      – Bəlkə də… bilmək olmaz!

      Henri maraqla dostunu süzdü:

      – İtlərin ağlına şübhə etdiyini birinci dəfədi görürəm…

      Bill paxlanı ağzında çeynəyə-çeynəyə dedi:

      – Bəs görmədin ki, mən onlara yemək verəndə necə mırıldanırdılar?

      – Düzdür, həmişəkindən fərqli olaraq bu dəfə çox mırıldanırdılar, – Henri təsdiq etdi.

      – Henri, neçə itimiz var?

      – Altı…

      – Bura bax, elə mən də deyirəm ki, altı dənədir, – deyə Bill onun sözünə qüvvət verdi. – Torbadan altı dənə balıq götürmüşdüm, hərəsinə birini atdım. Amma birinə yenə çatmadı…

      – Yəqin səhv vermisən. Düz saymamısan…

      – Bizim cəmi altı itimiz var, – Bill laqeyd-laqeyd təkrar etdi. – Mən də altı dənə balıq götürdüm, Təkqulağa balıq çatmayıb. Kisədən bir balıq da götürdüm…

      – Axı cəmi altı itimiz var, – Henri təkid etdi.

      – Mən demirəm ki, hamısını itlər yeyib. Hər halda, yeddinci balığı kimsə qamarlayıb…

      Henri yeməyini saxlayıb tonqaldan o tərəfə boylandı və itləri saydı.

      – Orda cəmi-cümlətanı altı it var, – dedi.

      – Yeddincisi qaçdı, mən gördüm, – deyə Bill təmkinlə dilləndi. – İtlər yeddi dənə idi. Henri dostunu mərhəmətlə süzdü:

      – Kaş həmin yerə tez gedib çataydıq…

      – Bunu necə başa düşək?

      – Necə istəyirsən. Elə bil daşıdığımız bu yüklər səni əsəbiləşdirir. Tamam başqalaşmısan. Allah bilir gözünə nələr görünür…

      Bill ciddiləşdi:

      – Mən də elə bu haqda düşünürdüm, – dedi. – Həmin it qaçanda, o saat qarın üstündəki ləpirlərinə baxdım. Sonra itləri saydım. Bax, görürsən, odur ləpirlər. Baxmaq istəyirsən? Gəl göstərim.

      Henri heç nə deməyib yeməyinə davam etdi. Soyanın üstündən