insan əti yeyiblər ki…
– Bəsdi, bədniyyət olma! Daha taqətim yoxdur! Henri acıqlı-acıqlı böyrü üstə çevrildi. Billin susması onu təəccübləndirdi. Bu, Billə yaraşan hal deyildi. Adətən sərt sözlər onu hövsələdən çıxarırdı. Henri yuxuya gedənə kimi bu haqda düşündü. Nəhayət, kirpikləri açılıb yumuldu və o, belə bir qənaətlə dərin yuxuya getdi ki, “Bill ruhdan düşüb. Sabah onu ovundurmaq lazımdı. Ayıltmaq lazımdı onu”.
3
ACLIQ HARAYI
Gün uğurlu gəlmişdi. Gecə bir dənə də olsun it qaçmamışdı. Bill və Henri bu şaxtalı gündə xoş əhvalla yola düzəldilər. Bill sanki ötən gecəki həyəcanlarını unutmuşdu. Döngələrin birində kirşə aşdı. Amma Bill itlərlə zarafatından qalmadı. Aləm biri-birinə qarışmışdı. Aşmış kirşə nəhəng qar topasının arasına pərçim olmuşdu. Onu təzədən düzüb-qoşmaq üçün itləri qoşqudan aşası oldular. Qızılaxtaranlar əyilib kirşəni qaldırmağa çalışanda Henri Tayqulağın qaçıb uzaqlaşdığını gördü.
– Dayan, Tayqulaq – Henri qışqırdı və dikəlib itin dalınca baxdı.
Amma Tayqulaq daha da bərkdən götürüldü. Orada, yolun kənarında, indicə ötüb gəldikləri yerdə dişi canavar Tayqulağı gözləyirdi. İt ona çatanda qulaqlarını şəklədi, addımlarını yavaşıtdı, sonra dayandı. İt canavara diqqətlə, amma oğrun-oğrun baxır, bəlkə də həsəd aparırdı.
Dişi canavar dişlərini qıcıtdı, sanki itə bic-bic gülümsündü. Sonra bir neçə dəfə oynamaq hərəkətləri edib dayandı. Tayqulaq hələlik ehtiyat edirdi, quyruğunu yuxarı qaldırıb, qulağını şəkləyə-şəkləyə ona tərəf getdi; başını lap dik qaldırdı.
İt canavarı imsimək istədi. Vəhşi isə geri çəkilərək qabaq pəncələriylə iti oynaşmağa dəvət etdi. Tayqulaq irəli meyllənəndə, canavar geri çəkilirdi. Ha yavaş-yavaş, ha yavaş-yavaş canavar Tayqulağın başını tovladı, onu öz etibarlı müdafiəçilərindən, insanlardan uzaqlaşdırıb ardınca apardı. Birdən elə bil Tayqulağı cərəyan vurdu. Nəsə dumanlı bir təhlükə hiss edib dayandı. Dərhal kirşəyə tərəf çevrildi, qoşqu dostlarına, onu səsləyən insanlara baxdı. Ancaq geriyə meyllənmək istəyəndə dişi canavar dərhal onu yoldan elədi, Tayqulağa yaxınlaşdı, bircə anlıq burnuyla ona toxundu, sonra oynaya-oynaya, iti özünə çəkə-çəkə daha da uzaqlaşdı.
Bu vaxt Billin yadına tüfəng düşdü. Amma silah çevrilmiş kirşənin altında qalmışdı. Henri dostuna kömək edib şeyləri yığışdırana kimi itlə canavar biri-birinə o qədər yaxın durmuşdular ki, belədə güllə atmağa dəyməzdi.
Tayqulaq öz səhvini gec başa düşdü. Bill və Henri hələ də bir şey anlamırdılar. Birdən gördülər ki, Tayqulaq dönüb var gücüylə onlara tərəf qaçır. Tayqulağın qabağını kəsmək üçün yolun hər iki tərəfindən on iki boz, arıq canavar qaçırdı. Elə bu vaxt dişi canavar bayaqkı oynaqlığını və hiyləgərliyini unudaraq vəhşi ulartı ilə Tayqulağın üstünə şığıdı. Tayqulaq onu çiyni ilə itələdi, ancaq itin geriyə yolu bağlanmışdı. Tayqulaq kirşəyə çatmaq ümidini itirməmişdi. Canavar sürüsünün mühasirəsinə cumdu. Canavarlar getdikcə çoxalırdı. Dişi canavar isə itdən əl çəkmir, ondan bir addım belə aralanmırdı.
– Hara gedirsən, Bill? – deyə Henri dostunun çiyinlərindən yapışdı.
– Bəsdi! Onlar daha it görməyəcəklər!
Henri kirşənin üstündə oturub gözləməyə başladı. Görəsən, bunun axırı necə olacaqdı? Bundan başqa onun əlindən nə gələrdi ki?..
Bill gözdən itmişdi. Amma kolların və təzəcə boy atan küknar ağaclarının arasında Tayqulaq gah görünür, gah da itirdi. Henri itin vəziyyətinin çıxılmaz olduğunu anladı. İt də təhlükəni başa düşmüşdü, amma qaçır, canavar sürüsü isə kəsmə yolla yüyürürdü. Tayqulaq bu vəhşilərin cəngindən çətin qurtaraydı. Kirşəyə çatmaq üçün onları qabaqlamalıydı. Canavarlar hər an onun qabağını kəsə bilərdilər. Henri bilirdi ki, haradasa, qarın üstündə, kol-kos və ağacların arasında gizlənmiş Bill canavar sürüsü və Tayqulaqla qarşılaşacaqdır.
Hər şey bir anda oldu. Hadisənin belə tezliklə baş verəcəyini Henri heç gözləmirdi. Güllə səsi gəldi. Sonra dalbadal iki atəş də açıldı. Billin gülləsi qurtarmışdı. Elə bu vaxt zingilti, inilti və dəhşətli ulartılar bir-birinə qarışdı. Henri yaralı canavarların vahiməli səsləri arasından Tayqulağın zingiltisini də eşidirdi.
Vəssalam. Bağırtı da kəsildi. Zingilti də qurtardı. Hənirsiz çöllərin dəli sükutu yenidən başladı. Henri kirşənin üstündə uzun müddət oturdu. Hara gedəydi axı? Hər şey bəlliydi. Elə bil Billin canavar sürüsü ilə əlbəyaxa çarpışması onun gözləri önündə baş vermişdi. O, həmin dəqiqələrdə yalnız bircə dəfə yerindən qalxıb kirşədən baltanı götürdü. Sonra kirşənin üstündə oturub kədərli gözlərini bir nöqtəyə zillədi. Onun ayaqları arasına qısılmış itlər tir-tir əsirdilər.
Nəhayət, Henri yorğun-arğın ayağa qalxdı, elə bil bütün günü bədənini əzmişdilər. İtləri qoşdu. Qayışlardan birini öz çiyninə keçirtdi və itlərlə birlikdə kirşəni dartmağa başladı. Amma çox getmədi, qaranlıq düşən kimi dayandı, düşərgə saldı və bacardıqca çox quru odun yığdı. İtləri yedizdirdi, özü də şam etdi, sonra düz tonqalın yanında yer saldı.
Həmin gecə Henri rahat yata bilmədi. Gözünü yummaq istəyəndə canavarlar düz ocağın böyründə göründülər. Onlar aydın görünürdülər, lap yaxındaydılar, üzük qaşı kimi tonqalı mühasirəyə almışdılar. Canavarlardan bəzisi qarın üstündə uzanmış, bəzisi çöməlib oturmuş, bir neçəsi isə qarın üstüylə sürünə-sürünə tonqala sarı yaxınlaşır, onun ətrafında hərlənirdi. Yatanları da vardı. Bu vəhşilər it kimi qarın üstündə büzüşüb arxayın-arxayın yatmışdılar. Henrinin yuxusu isə ərşə çəkilmişdi.
Henri böyük bir tonqal qalamışdı. Ona gün kimi aydın idi ki, yalnız ocağın nəhəng alovuyla özünü qoruya bilər. İtlərin ikisi də sahibin sağ-sol tərəfində oturmuşdu, Onlar Henriyə pənah gətirib son ümid yeri kimi ona sığınmışdılar, İtlər gah mırıldanır, gah zingildəyir, gah da qorxa-qorxa hürürdülər. Canavarlardan hansısa tonqala yaxınlaşanda itlərin hürüşü qalxırdı. hürüşməni eşidən canavar sürüsü hərəkətə gəlir, sıçrayıb irəli cumurdu. Nərə çəkir, ulayır, sonra yenə qarın üstünə qısılıb mürgüləyirdilər.
Sürü sürünə-sürünə tonqala yaxınlaşırdı. Vəhşilər Henrinin lap ikicə addımlığına can atır, bununla da öz ovlarını gözdən qoymaq istəmirdilər. Henri ocaqdan çubuq dartıb çıxartdı və onu canavarların üstünə tulladı. Əgər odun parçası canavarlardan birinə dəysəydi, dəhşətli nərilti və ulartı ətrafın səssizliyini pozar, vəhşilər heç olmazsa bir az geri çəkilərdilər.
Səhərə yaxın Henri yuxulu gözlərini ovuşdurub ayağa qalxdı. Yemək hazırladı. Toqqasının altını bərkitdi. Saat doqquz idi. Gün işığı canavarları qovmuşdu. Henri gecədən bəri ürəyində götür-qoy elədiyi işləri görməyə girişdi. O, cavan küknar ağaclarından qırıb onları iki qoşa, hündür ağacların arasına elə düzdü ki, sanki iki ağac arasında körpü