tərəfindən Sind çayı adlandırılırdı. Veda ariləri adlandırılan hind arilər e.q. 1700-1500-ci illərdə burdan hərəkət edərək Hindistana getdilər. Orta Asiyada yerləşən soqd, baktriya və digər ari kökənli tayfalar Biruninin “Türk Padşahı” adlandırdığı Turan padşahının icazəsi ilə Xarəzm təqviminin başlanğıcı hesab olunan e.q. 1292-ci ildə Qurqandan gələrək Xarəzmdə yerləşdikləri qeyd olunur. Qərbi Tyanşanın Çu çayı hövzəsində yaşayan türklər Su (Çu) adlı hökmdarlarının başçılığı altında arilərin təzyiqi ilə öz yurdlarını tərk edib Çinin şimalına mühacirət etmələri Xarəzm təqviminin başlanğıcı ilə eyni zamana təsadüf edir. Daha öncələri Çinin şimalına gələrək çinlilərlə uzun illər ərzində mübarizə sonucunda yerləşən Tik türklərinin bir qolu olan Çular burda e.q. 1116-cı ildə ilk birləşmiş Çin dölətini qurdular. (Z.V.Togan, Ümumi Türk Tarihine Giriş, 1981, Səh. 32)
İ.M.Dyakonov hind-avropa dil ailəsinin meydana çıxması məsələsini şərh edərkən qəti şəkildə bildirir ki, “İranın avtoxton əhalisi IV və hətta III minillikdə nəinki iran, dilində hətta hind-avropa dilində danışa bilməzdilər. Ona görə ki, linqvistik dəlillərə əsasən protohind-avropa dili mərkəzi-şərqi Avropanın çox məhdud bir ərazisində təşəkkül tapmış və onun müxtəlif qollara ayrılması bütün III minillik ərzində baş vermiş, ümumi hind-iran qolu isə bir az daha erkən dövrdə ayrılmışdır.
Bizə məlum olduğu üzərə e.q. 2300-cı ildə 1150-ci ilə qədər İran yaylasının qərb sərhəd dağlıq ərazilərinə səfər edən sumerlər, akkadlar, elamlılar və assuriyalılar burda nəinki hind-iran, hətta ümumiyyətlə hind-avropa dillərinin hər hansı bir daşıyıcıları ilə rastlaşmamışdılar. O zamanlar İranın indiki Luristan əyalətində yaşayan və e.q. XVIII əsrdən e.q. XII əsrə qədər Babildə hökm sürərək orda öz sülalələrini yaratmış olan kassilər dil etibarı ilə hind-avropalı deyildilər və kassilərin panteonunda hər hansı bir hind-avropa allahı mövcud olmamışdır”. (И.М. Дьяконов, 1971, Səh. 129)
İran və Ön Asiyanın qədim tarixi üzrə böyük avtoritet hesab olunan Dyakonov irandilli tayfaların İranın qərbinə e.q. I minilliyin əvvəllərində gəlməsi haqqında özünün də əvvəllər tərəfdarı olduğu və rəsmən qəbul olunmuş görüşlərin heç bir pozitiv dəlillərə əsaslanmadığını yazır. Yazılı mənbələrdə ilk fars hakimiyyət sülaləsi hesab olunan Əhəmənilərin e.q. VII əsrin əvvəllərində yaşadıqları təsbit olunduğundan bu tarix sözsüz şəkildə irandilli xalqların Ön Asiyaya gəlişləri tarixi kimi qəbul olunmaqdadır. (И.М.Дьяконов, 1971, Səh. 128)
Riçard Fray “İranın irsi” əsərində farsların şimaldan Qafqaz yolu ilə və ya şərqi İran ərazisindən e.ə. X əsrində gələrək öncə Urmiyə gölünün qərb və cənub-qərb tərəflərində assurların Parsua adlandırdıqları ərazilərdə yerləşdiklərini yazır. Lakin fars şəxs adları mənbələrdə yalnız e.q. 879-cu ildən qeyd olunmağa başlayır. Parsuanın əhalisinin irandilli olduğuna şübhə ilə yanaşan Fray assurların bir çox əraziyə verdikləri Parsua/Parsuma/Parsumaş adını “bahadır, qəhrəman” mənasında işləndiyini və bu adın zamanla iranlı tayfa başçılarının tituluna çevrildiyini yazır.
O II Kirin və ümumiyyətlə Əhəmənilərin Assuriyanın adını çəkdiyimiz Parsua əyaləti ilə heç bir əlaqəyə malik olmadıqları fikrindədir. (Р.Фрай, 2002, Səh. 102)
Parsua adı Assur kralı III Salmanasarın e.q. 837-ci ildə Zaqros dağları yaylalarında yerləşən Şərq ölkələrinə etdiyi bir hərbi səfərlə əlaqədardır. İranlıların yaşadığı ərazi “Parsua” adlandırılsa da, onlarla qonşuluqda yaşayan midiyalılar assur mənbələrində tamam fərqli adla “umman manda” adlandırılırdı, yəni bir çox tarixçilərin farslarla midiyalıları eyni kökə malik irandilli etnos hesab etmələrinə rəğmən, assurlar onların tamamilə ayrı-ayrı etnik kökə malik xalqlar olduqlarını gözəl bilirdilər. Farslar sonradan cənuba, Elamın şimalındakı Luristan tərəfə köçmüş, nəhayət indiki Fars vilayətinin ərazisində məskunlaşmışdılar. Özlərini ari/ariyana adlandıran bu irandilli tayfalar öncə Urmiyə gölü tərəfdə yaşadıqları Assuriyanın Parsua əyalətinin adını özlərinə etnik kimlik olaraq qəbul etmiş və bu adı Parsa şəklində yeni vətənlərinə şamil etmişlər. Bu ad sonradan ərəb dilində Fars adı ilə əvəz olunmuşdur. Parsa və Parsua adları yəqin ki, eyni sözün müxtəlif variantlarıdır və araşdırıcılar bu sözün iran dilində olduğuna şübhə ilə yanaşırlar. Alman alimi E. Hertsfeld Parsuanı assur sözü hesab edir və mənasının “kənar ölkə”, “diyar” (край) olduğunu bildirir. (Р.Фрай, Наследия Ирана)
“Midiya tarixi” əsərinin müəllifi İ.M.Dyakonov qeyd edir ki, Diyala çayının yuxarısında Zamua ölkəsinin və Mannanın qonşuluğunda yerləşən Parsua (elamca Pasava) akkad dilində “diyar” və “ölkə” mənasında olub fars dili və fars etnik adı ilə heç bir əlaqəsi yoxdur və Parsuanın farsların vətəni olduğu və onların e.ə. VIII–VII əslərdə burdan çıxarılaraq indiki Fars əyalətində yerləşdikləri haqqındakı iddialar tamamilə yanlışdır. Parsuada hər hansı bir irandilli toponim və şəxs adı mövcud olmamışdır və bu adın farslar tərəfindən cənubdakı fars ölkəsinə verildiyi haqqında fikir yanlışdır. (Дьяконов И.М., Т. I, 2012, Səh. 179)
E.ə. IX əsrdə Ön Asiyaya gələn farslar digər xalqların ərazilərini istila edərək özlərinə yeni vətən yaradırdılar. Rus assuroloq Z.Raqozina yazır ki: “Farslar Elama hücum edib onu işğal etdilər. Ora tamamilə darmadağın edildi, əhalisi əsir alındı, şahzadələri öldürüldü ya da qula çevrildilər, şəhərləri və məbədləri talan edilib heyvanların məskəninə çevrildi. Xuzilər “Şər və yaramazlar” ölkəsi olan Farsa nifrət edirdilər və dəfələrlə Əhəmənilərə qarşı üsyan qaldırmışdılar. Ən geniş üsyan e.ə. 519-cu ildə baş verdisə də yenə də amansızlıqla yatirildi. Əhəmənilər Suzu və xuziləri öz hakimiyyətləri altına alsalar da, heç vaxt tam şəkildə özlərinə tabe edə bilmədilər. İlk öncə Zap və Diyala çayları arasındakı vadidə yaşayan farslar 27 tayfadan ibarət olub dağınıq bir şəkildə idilər.
Antik müəlliflərin verdiyi məlumata görə Fars əyalətində məskunlaşan on-on iki iranlı tayfalardan yalnız üçü “pasarqad”, “marafi” və “maspi” tayfaları arilər idi. O tayfalardan dördü qeyri-arilər olub təmiz köçəri tayfalar idilər. Qərbdə dağətəyində yaşayan “amarda” tayfası kassi və elamların qarışığından törənmişdi. Digərlərinin dilləri qruluş etibarı ilə aqlyunativ dilli olub turanlı və ya ural-altay qrupuna mənsub idilər. Onların yaşadıqları ölkə Anşan adlanırdı və Elamın tərkibində idi. (З.Рaгозина, 1903, Səh. 312–313)
Parsua qəbilələrindən birinin adı Marafi idi ki, bu ad iran və sami dillərində “Mar” və “Əfi” olmaqla hər ikisinin də mənaca “ilan” demək olan sözlərdən ibarətdir. Ermənilər də Midyalılara mar deyirdilər. Marafilər iran mənşəli ola bilməzlər, çünki onlarda tarixən ilan və əjdahaya etiqad mövcud olmamış, əksinə bu müqəddəs heyvanları onlar əzəli düşmən hesab etdikləri turanlı türklərlə eyniləşdirmiş, onlara xas simvollar hesab etmişlər.
İranlılar şərqə doğru hərəkət etdikləri zaman ilk öncə Xəzər dənizinin güneyində Hirkaniya adlanan qədim Turan ərazisində məskunlaşmışlar, daha doğrusu burda onların