yazır ki, püşk atma zamanı Turanın idarəçiliyi Yafəsə verildi. Yafəsin xalqa göstərdiyi ədalət və qayğı sayəsində Turan ən yüksək cənnətə çevrildi. Bu yüksəliş Çinin qısqanclığına səbəb oldu. Turan ləyaqətin, şanın, şərəfin, mərdliyin ən dəyərli keyfiyyətlərin zirvəsinə yüksəldi. (Хафизи Таныш Бухари, 1983, Səh. 47)
Türklər Yafəsi İlcə xan da adlandırırlar. İlcə xandan sonra onun oğlu Dib Yabqu xan hakimiyyət tacına və üzüyünə sahib olaraq təkcə Turanın deyil, bütün dünyanın hökmdarı oldu. O çoxsaylı xalqı, şanlı ordusu və əyanları ilə Kurtaq və Urtaq dağların arasındakı ərazidə məskunlaşmışdır. (Хафизи Таныш Бухари, 1983, Səh. 47, 48)
Tarixin qədim dövrlərində Turan adlı dövlətlərin və ölkələrin mövcudluğuna müasir dövrdə şübhə ilə yanaşılaraq nə qədər inkar edilsə də, tarixi qaynaqlarda və qədim müəlliflərin əsərlərində dünyanın müxtəlif ərazilərində bu adı daşıyan dövlət və ya ölkələrin mövcudluğu haqqında geniş məlumatlar öz əksini tapmışdır.
Hələ arilər qərbdən gələrək İran adlanan coğrafiyanın quzey-doğusunda yerləşmədən öncə Turan dövləti Sibirin güneyini, Qazaxıstan da daxil olmaqla bütün Türkistanı, Əfqanistanı, İran yaylasını və Qafqaz da daxil olmaqla böyük bir ərazini əhatə edirdi. Xəzər dənizi Turanın daxili dənizi hesab olunurdu. Genetik araşdırmalara əsasən turanlı öntürklər bir etnos kimi 16 min il öncə öz ilkin vətənləri olan Sibirin cənubu və Ural dağları arasında təşəkkül tapmışlar. Onlar zaman-zaman burdan müxtəlif istiqamətlərə yayılaraq bəşər tarixinin ilk mədəni insan təbəqəsini meydana gətirmişlər
Genetik araşdırmalar və linqvistik dəlillər nəticəsində məlum olmuşdur ki, 5 min il öncə Avropanı tərk edib Rus çöllərinə geri dönən R1a1 qaploqrupunun daşıyıcıları olan hind-avropa ailəsinə mənsub insanlar bir müddət sonra yenidən müxtəlif istiqamətlərdə hərəkət etmişlər. 3500 il öncə, yəni e.q. 1500-cü illərdə onlar Ural, Cənubi Sibir, Mərkəzi Asiya, İran və Hindistan istiqamətində hərəkət edərək öz dillərini burda yaymışlar. R1a1 qaploqrupunun iranlı arilər adlanan qolunun Cənubi Sibirdən hərəkət edərək Ön Asiyaya gəlib məskunlaşmaları m.ö. 1600-1000-ci illər arasında baş vermişdir. Onlar Qərbi Azərbaycan və Midiya ərazisinə e.q. IX əsrdə Gələrək məskunlaşmışlar. (Клесов А., 2010, Səh. 23)
Öncə Mərkəzi Asiyada, sonra isə Ön Asiyada tarix səhnəsinə qədəm qoymuş yeni irq olan ari iranlıların meydana çıxması turanlı öntürklər və ari irqləri arasında gərgin mübarizənin başlanmasına səbəb olmuşdur. Bəşər tarixinin ilkin irqi olan və dünyanın dörd tərəfinə yayılmış Turan irqi arilərlə mübarizədə malik olduqları əraziləri çox zaman güzəştə getməyə məcbur olurdular. Mərkəzi Asiyada turanlı türklərlə iranlı arilər qarşı qarşıya gəldikləri halda, Ön Asiyada Aralıq dənizi hövzəsi və Mesopotamiyada arilərin meydana çıxması ilə bəşəriyyətin üç böyük irqi turanlılar, arilər və samilər bölgədə ağalıq uğrunda yüz illərlə davam edən qanlı qarşıdurmalar prosesinə cəlb olunmuşdular.
İranlılar qərbə doğru irəlilədikləri zaman Hind okeanı və Xəzər dənizi arasında məskunlaşmış monqoloid irqi ilə qarşılaşdılar. Çoxlu qollara bölünmüş bu tayfalarla qarşıdurmada iranlılar bu yabançı tayfaların təsirinə məruz qalıb onlarla qarışdılar və onların çox ənənələrini mənimsədilər. İranlıların şərqdə və şimalda məskunlaşmış köçəri Turan tayfaları ilə arası heç vaxt kəsilməyən mübarizəsi xatirələrində daima canlı olaraq yaşamışdır.
İranlılar min il yarım ərzində turanlıları ariləşdirməyi başardılar, lakin bu qan qarışığı olmadan mümkün deyildi. Əsilzadə iranlıların elamın əsilzadə qəbilələri ilə necə birləşdiklərini bilirik.
E.q. 650-ci ildən bəri Azərbaycanda və Ardalanda midiyalıların idarəsi altında yaşayan iranlılar sonrakı dövrdə Asiyanın taleyini dəyişməyi bacarmışdır. (Wirth A., 1905, Səh. 48)
Arilər və turanlılar yeni daha əlverişli yerlərdə məskunlaşmaq üçün hər ikisi qərb istiqamətində hərəkət etmişlər. Arilər və turanlılar Yaksart sahillərində Soqdiyada toqquşdular və ilk zamanlar turanlılar üstünlüyə malik idilər. Lakin iranlılar turanlıların işğalından xilas oldular. Avestada Turanın hökmdarı Franqrasyanın adını çəkir və orda mələklərə müraciətlə Franqrasyan üzərində qələbə çalmağa yardım etməsi üçün ona düa edirlər. Fravaşı min başlı düşmən turanlılara qarşıdır. (F.Lenormant, 1887, Səh. 377)
XIV əsr ərəb müəllifi İbn Fadlallah Al Omari “Fərqli ölkələrdəki dövlətlərin vəziyyətinə baxmağın yolları” adlı əsərində Turanlıların iki hissədən ibarət olduğunu yazır. Birinci Mavərənnəhrdəki turanlılar, ikinci isə Xarəzm və Qıpçaqdakı turanlılar. Qıpçaqdakı Turan dövləti eni və uzunu geniş bir ərazini əhatə edən dövlətdir. Orda şəhərlər az olub, geniş çöllərə malikdir. Oranın xalqının sayı hədsiz dərəcədə çoxsaylıdır. Onların Özbək adlı Hökmdarları xalqı idarə etməkdə böyük qayğı göstərmir və arvadı dövləti onunla birlikdə idarə edir. Paytaxtları Turan (İtil) çayının sahilindəki yerləşən Saray şəhəridir. Onların digər şəhəri Xarəzm vilayətinin Qurqənc şəhəridir. Bu Turan hökmdarının qış iqamətgahı Saray şəhəri, yay iqamətgahları isə Urutaq dağlarında yerləşir.
Onun güney sərhədləri İnd və Sind torpaqlarını əhatə edir. Al Omari Turan tarixindən bəhs edərək yazır ki, Turan xaqanlar ölkəsidir və türklərə mənsubdur, hökmdarları Əfrasiyabdır. Turanın sərhədləri Bəlx çayından başlayıb günəşin doğduğu yerdəki əraziləri əhatə edərək Dunay çayına qədər davam edir. Onun quzey sərhədləri isə Qıpçaq xalqının ərazisini, Saklab, Çərkəz, Rus və Macarları və onların şimalında məskunlaşmış çoxsaylı xalqların ərazilərini əhatə edir. Turanın tərkibinə çoxlu dövlətlər, ölkələr, xalqlar və vilayətlər daxildirlər. (Ибн Фадлаллах Ал Омари, 1884, Səh. 226)
Böyük Turan dövləti süquta uğradıqdan sonra onun ərazisində müxtəlif dövrlərdə Turan adı daşıyan bir neçə dövlət mövcud olmuşdur.
Çox qədimlərdən İranın cənubunda böyük Turan dövlətinin əhatə etdiyi ərazidə Bəlucistanda Sakestanla qonşuluqda paytaxtı Quzdar adlanan kiçik Turan mövcud olmuşdur. Bu Turan əyaləti hind-iran arilərinin Mərkəzi Asyaya olan təcavüz və işğalları nəticəsində böyük Turan arealından ayrı düşərək öz varlığını qoruyub saxlamış və yabançı etnosların əhatəsində bir anklava çevrilmişdir.
Kirmanın fars əhalisi bir neçə yüz il öncə Belucistana soxulmuşlar. Onlardan öncəki dövrlərdə isə sakların və yueçilərin təzyiqi ilə Hindistanın brahui tayfası indi Belucistan adlanan Turan ərazisinə gələrək məskunlaşmış və bu günə qədər orda yaşamaqdadırlar. Farslar oranın və eyni zamanda Mekranın əhalisini qədim ənənəyə əsasən Turya və Turan adlandırmışlar. Alman tarixçisi G.Hüzinq yazır ki, qədim zamanlarda İranın şimalında və şərqində turanlı altay tayfaları yaşayırdılar.
Farslar Kirman da daxil olmaqla İran yaylasının qüzey ərazilərini işğal etdikdən sonra Turanın ucqar güney ərazisində yerləşən və ana vətəndən qoparılmış paytaxtı Quzdar olmaqla kiçik Turan dövləti