Александр Грановский

Şirürəkli Riçard


Скачать книгу

      "I Riçard cəsur və diribaş idi, qorxunun nə olduğunu bilməzdi. Başqa krallar kimi əsilnəcabətli olmasa da, onlardan daha varlı, daha şöhrətli və daha döyüşkən idi"

Amin Maalouf

      I FƏSİL

      Şirürəkli Riçard – ingilis, yoxsa fransız?

      1154-cü ildə İngiltərədə kral taxtına 21 yaşlı II Henri çıxdı. Bundan üç il sonra isə onun yeni övladı, eyni zamanda gələcək varisi olan Riçard dünyaya gəldi. Riçardın doğum yeri Oksford şəhəridir.

      II Henri Anju qraflarının nəslindən idi. Bu nəslin nümayəndələri torpaq uğrunda həmişə öz qonşuları – Şimali Fransada yerləşən Normandiya və Fransanın cənub-qərbindəki Akvitanya hersoqları ilə, eləcə də eyni bölgədəki Blua qraflarıyla vuruşurdular. XII əsrin ilk yarısında Men qraflığı da onların ixtiyarına keçmişdi. Bununla belə, Anju qrafları ilə müqayisədə qonşularının uğurları hələ də daha böyük idi. Akvitanyalılar 1036-cı ildə Qaskoniya hersoqluğunu1 özlərinə birləşdirmiş, Normandiya hersoqu I Vilhelm isə 1066-cı ildə anqlosaksonları darmadağın edərək İngiltərə kralı olmuşdu. Məhz bu istiladan sonra İngiltərə və Normandiya bir dövlət kimi La-Manşın hər iki tərəfindəki torpaqlara sahiblənmişdilər.

      Zaman keçdikcə birləşmiş ingilis-norman dövləti Fransa kralları üçün böyük təhlükəyə çevrildi. Ona görə də Kral VII Lüdovik (1081 – 1137) ingilis kral ailəsi daxilindəki ixtilafları qızışdırır, eləcə də İngiltərə vassallarının qiyamlarına dəstək verirdi. İngilis-normanların düşmənlərindən biri də Men qraflığına iddia edən Anju qrafları idi. Normandiyanın cənubdan təhlükəsizliyini təmin etmək üçün «Fateh» ləqəbli I Vilhelmin kiçik oğlu, ingilis kralı I Henri (1068–1135) öncə Normandiya hersoqu, sonra isə Anju qrafı olan V Gənc Fulka müttəfiqlik təklif etdi. Bu müttəfiqliyi daha da gücləndirmək üçün isə qızı və varisi Matildanı Gənc Fulkun oğlu Qəşəng Joffrua ilə evləndirməyi məsləhət gördü. Bir zamanlar Almaniya kralı və Müqəddəs Roma imperatoru V Henrinin (1086 – 1125) arvadı olmuş Matilda adaxlısından 11 yaş böyük idi. Belə ki, qadının 25, Qəşəng Joffruanın isə vur-tut 14 yaşı var idi. 1128-ci ildə nikah baş tutdu. Bundan sonra Fulk öz torpaqlarını – Anju, Men və Tureni oğluna verib Fələstinə yola düşdü. Orada Qüds kralının qızı ilə evlənib qayınatasının ölümündən sonra isə kral taxtına çıxdı.

      1135-ci ildə isə I Henri vəfat etdi. Lakin yeni kral onun varisi Matilda yox, Fateh I Vilhelmin başqa bir nəvəsi Stefan de Blua (1092 – 1154) oldu. Bu isə ixtilafa gətirib çıxardı: tezliklə ingilis-norman baronları Matildanı taxtda oturtmaq üçün qiyam qaldırdılar. Qiyam vətəndaş müharibəsinə çevrildi və düz 15 il davam etdi. Qraf Joffrua qərara gəldi ki, Kral Stefanın düşdüyü çətin vəziyyətdən bəhrələnsin. Ona görə də öz arvadının mirasına daxil olan Normandiyanı işğal etməyə başladı. 1144-cü ildə Normandiyanın işğalı başa çatdı. Qraf Joffrua 1150-ci ildə onu böyük oğlu Henrinin ixtiyarına verdi. 1151-ci ildə qraf Joffrua 38 yaşında vəfat etdi. Onun istəyi ilə mənsub olduğu nəsil «Plantagenet» adlandırılmağa başlandı. Bu sözün mənası «naz budağı» demək idi. Qraf Joffrua papağını həmin bitkinin budağı ilə bəzəməyi çox xoşlayırdı.

      Joffrua ilə Matildanın evliliyindən dünyaya gələn Henri bizim kitabımızın qəhrəmanı Şirürəkli Riçardın atasıdır. O, 1133-cü ildə doğulub. 1149-cu ildə ingilis taxt-tacına iddia etməyə başlayanda atası ona miras olaraq Normandiya hersoqluğunu və Anju qraflığını bağışlayıb. Bundan üç il sonra isə Henri Akvitanyanın varlı hersoqunun varisi ilə evlənib. Qızının adı Eleanora idi.

      Eleanoranın atası hersoq X Qiyom (1099 – 1137) təxminən on beş il idi ki, dul qalmışdı. Bu səbəbdən də hersoqluğun taleyi onu çox narahat edirdi. Oğul övladı yox idi, qızı Eleanora isə 15 yaşında idi. Başqa çıxış yolu qalmadığını görən X Qiyom ölümündən bir qədər əvvəl Fransa kralı VII Lüdovikin hüzuruna elçi göndərib qızını oğluna almasını təklif etdi. Hersoq bu yolla Akvitanyanın öz bütövlüyünü qoruyub saxlayacağına ümid bəsləyirdi.

      VII Lüdovik bu təklifi sevinclə qarşıladı. Beləliklə, 17 yaşında olan «Gənc» ləqəbli Lüdoviklə Eleanoranın kəbini Bordoda kəsildi. Onlar Akvitanyadan Parisə çatınca VII Lüdovik vəfat etdi. Beləliklə, parislilər yeni evlənən cütlüyü həm də yeni kral və kraliça kimi qarşıladılar. Lakin Gənc Lüdovik taxta çıxmağa hazır deyildi. Çünki sadəcə dini tərbiyə almışdı. Bu səbəbdən də yalnız böyük qardaşının 1131-ci ildə vəfatından sonra VII Lüdovik olaraq taxta çıxdı.

      Şıltaq, gözəl, ağıllı, təhsilli, sərbəstliyə öyrənmiş Eleanora öz ciddi, kədərli, mömin ərinə uyğun gəlmirdi. «Mən rahibə ərə getmişəm», – o deyirdi.

      Eleanora 1147-ci ildə əri ilə səlib yürüşünə2 çıxdı. Yürüşə bir çox Akvitanya əyanları da qoşuldular. Səlib yürüşü məğlubiyyətlə nəticələndi. Belə ki, Fransa, Almaniya və Qüds krallarının birləşmiş qoşunları Dəməşqi mühasirəyə alsalar da, onu fəht eləyə bilmədilər. Dəməşqin müdafiəsinə əmir Nəcməddin Əyyubi rəhbərlik edirdi. Həmin vaxt on yaşlı oğlu Səlahəddin (1138 – 1193) də atası ilə birlikdə idi. Sonralar Əyyubilər xanədanının ilk hökmdarı olan Səlahəddinin yolu Şirürəkli Riçardla kəsişəcəkdi. Bu barədə zamanı gələndə ətraflı danışacağıq.

      VII Lüdoviklə arvadı uğursuz səlib yürüşündən ayrı-ayrı gəmilərdə qayıtdılar. Onlar arasındakı anlaşılmazlıqlar daha da dərinləşmişdi. Nəticədə dörd il sonra – 1152-ci ildə kral və karliça boşandılar. Boşanmaya səbəb kimi isə VII Lüdovikin varisinin olmaması göstərildi.

      Bundan iki ay sonra Eleanora yenidən ailə qurdu – o, Anju qrafı Henriyə ərə getdi. Arvadının cehizi ilə valideynlərinin mirasını birləşdirən Henri, beləcə, Fransanın ən güclü qrafına çevrildi. O, İngiltərə üzərinə yürüşə çıxdı və Kral Stefanla müharibəyə başladı. Bu zaman Henrini sevindirən, ingilisləri isə yasa qərq edən hadisə baş verdi: Kral Stefanın böyük oğlu Estaş vəfat etdi. Bu zərbədən sarsılan Stefan məcbur qalıb Henrini öz oğulluğuna götürdü və onu varisi kimi qəbul etməyə razılaşdı, üç ay sonra isə qəm-qüssədən azarlayaraq vəfat etdi.

      Nəticədə 1154-cü il dekabrın 19-da II Henri İngiltərə taxtına çıxdi. Həmin vaxt yeni kralın 21 yaşı olurdu.

      VII Lüdoviklə ərdə olduğu 15 il ərzində Eleanora ona varis doğmasa da, II Henri ilə evləndikdən sonra səkkiz uşaq dünyaya gətirdi: 1156-cı ildə vəfat edən Qiyom (1153), Henri (1155), Matilda (1156), Riçard (1157), Joffrua (1158), Eleanora (1161), İoan (1165) və İoanna (1166).

      VII Lüdoviklə müqayisədə II Henri heç də rahib deyildi. Onun nikahdan kənar Ceffri və Ulyam adlı oğulları da olub. Bu ingilis hökmdarı kraldan çox adi kəndçiyə oxşayırdı. Sevimli məşğuliyyəti ovçuluq idi. O, döyüşməyi sevmir, hər hansı mübahisəli məsələni diplomatik gedişlərlə yoluna qoymağa üstünlük verirdi. Lakin diplomatiya işə yaramayanda və müharibə variantı qaçılmaza çevriləndə II Henri özünü bacarıqlı sərkərdə kimi aparırdı. Ümumiyyətlə, ağıllı və təhsilli bir adam olan bu kral ətrafına alimləri yığmışdı, əla yaddaşı var idi, latın dilində sərbəst danışırdı. Sərvəti çox olduğundan fransız kralının vassallarına həmişə pul verir, bununla da hər hansı savaş zamanı onların neytral mövqe tutmalarını təmin edirdi. II Henri yalnız ömrünün sonunda, ağır xəstə olduğu vaxt məğlubiyyətin acısını daddı. Hökmdarlığı müddətində İngiltərədə yalnız 13 il yaşadı. Qalan vaxtını Fransanın ona aid olan torpaqlarındakı mülklərində keçirdi. Çünki öz dövləti üçün əsas təhlükə olaraq Fransa kralını görürdü. Buradan belə nəticə çıxır ki, Şirürəkli Riçard İngiltərədə doğulsa da, öz valideynlərinə, baba və nənələrinə görə əsl fransız idi. İstənilən halda, damarında bir az da olsa ingilis qanı axırdı. Elə ulu nənəsi Edit də ana tərəfdən anqlosakson krallarının nəslindən idi. Odur ki Riçard özünü fransız saymırdı.

      II FƏSİL

      Riçardın uşaqlığı

      Riçardın uşaqlığı