Александр Грановский

Şirürəkli Riçard


Скачать книгу

olsa da, xasiyyətləri tutmurdu. Gənc Henri, görünür, Riçardın uğurlarına, şöhrətinə paxıllıq eləyirdi.

      Gələcək kral isə dayanmadan irəliləyirdi – on günlük mühasirədən sonra Mulinyöv adlanan əhəmiyyətli bir qalanı tutub Anqulemə yaxınlaşırdı. Vəziyyətin çıxılmazlığını görən VI Qiyom bu şəhəri və daha bir neçə qalanı Riçarda təslim etmək məcburiyyətində qaldı. Riçard isə qrafla oğullarını əsir götürərək atasından aman diləmələri üçün İngiltərəyə göndərdi.

      Bu zaman II Henri kiçik qızı İoannanı Siciliya kralı II Vilhelmə ərə vermiş, özü isə 1176-cı ilin Milad bayramını oğulları Joffrua və İoanla keçirmişdi. O, çoxdan «Qərbin Qüdsü» sayılan Santiaqo-de-Kompostelaya6 ziyarətə getmək arzusunda idi. Odur ki Riçarda məktub göndərib İspanyaya gedən yolu quldurlardan təmizləməyi tapşırdı. Məsələ burasında idi ki, həmin yolun üzərində ingilislərin vəhşi, məkrli, qəddar xalq hesab etdikləri basklar və navarralılar yaşayırdılar.

      Milad bayramından sonra Riçard cənuba ildırım sürətli hücum edib düşməni qəfil yaxaladı. Bir neçə şəhərləri, ardınca da Pireneydən keçən yola nəzarət eləmək imkanı verən Sen-Pyer qalasını ələ keçirdi. İngilis şahzadəsi qarşısında aciz qalan bask və navarralılar sülhə razılaşdılar, tacirlərin, zəvvarların təhlükəsizliyini təmin edəcəklərinə and içdilər. Riçard fevralın 2-də Puatyeyə qayıdıb elçilər vasitəsilə qazanılan uğurlar barədə atasına məlumat göndərdi.

      1176-ci ilin sonunda Fransanın mərkəzindəki Şatoru qalasının zəngin baronu Berri Raul de Deol vəfat etdi. Onun varisi olaraq bir qızı qalmışdı. Qızın vur-tut üç yaşı vardı. II Henri dərhal ona qəyyumluğa götürmək, beləliklə, Şatoruya yiyələnmək istədi. Qızın qohumları ingilis kralının bununla bağlı tələbini rədd etdilər. Görünür, onlar VII Lüdovikin köməyinə bel bağlayırdılar. Şatoru qalasının müharibəyə hazırlaşdığını eşidincə isə II Henri lap özündən çıxdı. Axı bu, təhqir demək idi! II Henri yaranmış problemi güc yolu ilə həll etmək qərarına gəldi. Həmin işi isə Riçarda yox, Gənc Henriyə həvalə etdi. Halbuki qalanın daxil olduğu Berri bölgəsinin sahibi Riçard idi. Görünür, II Henri qardaşlar arasında ixtilafı daha da alovlandırmaq, bununla da onların hər ikisini ayrı-ayrılıqda tamamilə öz iradəsinə tabe etdirmək istəyirdi.

      Beləliklə, Gənc Henri Normandiya və Anjuda qoşun toplayıb Berriyə soxuldu. O, Şatorunu tutdu, ancaq qızı tapmadı. Plantagenetlər üçün bu qəyyumluq məsələsi hədsiz dərəcədə önəm daşıyırdı: mərhum baronun qızı II Henrinin himayəsinə keçərsə, ingilislərə həm yaxşı qazanc gətirəcək, həm də Fransanın müəyyən qismindəki hakimiyyətlərini daha da möhkəmləndirəcəkdi.

      Riçardın nişanlısının 17 yaşı artıq tamam olmuşdu. O dövrün qaydalarına əsasən çoxdan ərə getmək vaxtı idi. Bu, Fransa sarayını narahat eləyirdi. 1176-cı ildə VII Lüdovik dəfələrlə Roma papasına müraciət etdi ki, Henriyə təzyiq göstərsin: ya nikahı tezləşdirsin, ya da Alisanı evə qaytarsın. Papa fransız kralını haqlı saydı. Odur ki II Henrini torpaqlarına interdikt7 qoyacağı ilə hədələdi. Lakin II Henri iki kralın görüşünə qədər interdikti təxirə salması üçün papanın razılığını ala bildi. Bunun ardınca isə VII Lüdovik qarşısında tələb qoydu ki, Alisanın cehizi kimi Burj baş yepiskopluğunun torpaqlarını ona, Vekseni isə Gənc Henriyə versin.

      Avqust ayında Henri qoşunla İngiltərədən Normandiyaya gəldi. 1177-ci ilin sentyabrında papa müvəkkilinin iştirakı ilə kralların görüşü baş tutdu. Mübahisəli torpaq məsələləri münsiflər məhkəməsinə verildi. Riçard isə Alisa ilə evlənməli oldu. Bundan başqa, hər iki kral səlib yürüşündə iştirak etməyə razılaşdılar, ona görə də bir-birinə hücum etməyəcəklərinə söz verdilər.

      Bir qədər sonra II Henri oğlu Riçardı qabaqda göndərib özü isə onun arxasınca qoşunla Şatoruya daxil oldu. Orada mərhum baronun qızının qohumlarından qəyyumluqla bağlı razılıq aldı. Sonralar isə həmin qızı ingilis baronlarından biri ilə evləndirərək istəyinə çatdı. Bundan başqa, Anqulem və Limuzendəki qiyamçılar ilə də haqq-hesab çürüdən II Henri üçün işlər çox uğurlu gedirdi.

      1178-ci ildə Riçard böyük ordu ilə yenə baskların ölkəsinə yollandı. Oranın həbsxanasında köhnə düşməni, Biqorr qrafı Santyula rast gəldi. Yerli sakinlər onu əsir götürmüşdülər. Araqon kralı II Alfons qraf Santyula zamin durdu və Riçard düşmənini azad etdi.

      Demək lazımdır ki, Kral II Alfons ilə Riçard bir-birinə oxşayırdılar. Hər ikisi gənc və igid idilər, bütün ömürləri döyüşdə keçmişdi. Kastiliya ilə müttəfiq olan kral cənubda mavrlarla, şimalda isə Navarra krallığı və Tuluza qraflığı ilə döyüşür, yeni-yeni torpaqları özünə birləşdirirdi. II Alfons Akvitanya üçün də təhlükəli qonşu idi. Bəlkə, Riçard elə ona görə də ordusunu getdikcə gücləndirirdi.

      Riçard 1178-ci ilin Milad bayramını Sent şəhərində keçirdi. Bayram günlərində tufanın yaxınlaşdığı artıq aydın hiss olunurdu. Belə ki, Tayleferlər nəslinin yeni başçısı Anqulem qrafı Vülqren və VII Lüdovikin köhnə dostu Joffrua de Rankon bayrama gəlmədilər. Vülqren, görünür, verilən itkilərlə barışa bilmirdi. Ümumiyyətlə isə, həm Vülqreni, həm də de Rankonu anjuyluların cənuba doğru yayılması narahat eləyirdi.

      İşi belə görən Riçard böyük ordu toplayıb de Rankonun Sent və Bordo yollarına nəzarət edən Pon qalasını mühasirəyə aldı. De Rankon müharibəyə yaxşı hazırlaşdığından hücum uğurla nəticələnmədi. Riçard taktikanı dəyişmək lazım olduğunu anladı. Qoşunun yarısını Ponda saxlayıb qalan yarısı ilə şimala yürüş etdi. İyirmi beş günə beş qala tutdu. 1179-cu ilin mayında Taybur qalasına (Fransa) yaxınlaşdı və bu qalanın fəthi ilə adını məşhurlaşdırdı.

      Taybur qalası alınmaz sayılırdı. Düşmənlər onu bir dəfə də olsun tuta bilməmişdilər. Qala Şaranta çayının sağ sahilində yerləşirdi və Nyordan Sentə gedən yeganə körpünü nəzarətdə saxlayırdı. Qala ilə şəhərcik üç tərəfi sıldırım olan qayanın üstündə tikilmiş, dördüncü tərəf qalın divarla əhatələnmişdi. Riçardın mancanaqları qala divarlarını dağıtdığı vaxt, əsgərlər qalaya məxsus ətrafdakı bağları, üzümlükləri qırır, zəmiləri viran qoyurdular. Riçard düşərgəni darvazaya yaxın yerdə salmışdı. O özünü elə göstərirdi ki, guya düşərgədə heç kim yoxdur. Şəhər qarnizonu8 görüntüyə aldanıb mancanaqları və düşərgəni ələ keçirmək fikrinə düşdü. Riçarda da elə bu lazım idi. Onun döyüşçüləri qəfil pusqudan çıxıb düşməni darvazaya tərəf qovdular. Darvazanın ağzında qızğın döyüş başladı. Riçard lap öndə vuruşurdu. Onun döyüşçüləri tam üstünlük qazandılar, darvazadan içəri soxularaq şəhəri tutdular. Şəhərin bütün ərzaq ehtiyatı Riçardın əlinə keçdi. Bu səbəbdən də qala daxilindəki müqavimət uzun sürmədi. Tezliklə Taybur təslim oldu. Xəbəri eşidib möhkəm sarsılan de Rankon başqa yolu qalmadığını görüb Ponu da Riçarda təslim etdi. Hər iki qalanın divarları dağıdıldı. Müttəfiqlərinin uğursuzluğunu öyrənən Vülqern isə Anqulemdən çəkildi. Beləliklə, ora da Riçardın nəzarətinə keçdi. II Henri İngiltərədən Riçardı qələbə münasibəti ilə təbrik etdi.

      Uzun