dərhal onun üzərində qəyyumluq iddiası ilə çıxış elədi. Vülqrenin qardaşları V Qiyom və Aymar buna qarşı çıxdılar. Onlar varis üzərində qəyyumluğu və qraflığı özləri üçün tələb edirdilər. Riçardın qoşunu yaxınlaşanda qardaşlar Limoj vikontuna sığındılar. Qohumluq bağları olan bəzi başqa qraf və vikontlar da onların tərəfini tuturdular.
Riçard düşmənlərinə qəfil zərbə vurdu. Belə ki, 1182-ci ilin aprelində ani hücumla müttəfiqlərdən birinin – Periqor qrafının əsas qalasını tutdu. Sonra yolunun üstündəki hər şeyi dağıdaraq Limuzenə keçdi. Ancaq hərbi gücü az olduğu üçün atasından kömək istəməli oldu. II Henri digər oğlunu – Gənc Henrini qardaşı Riçardın köməyinə göndərdi. Bunu eşidib qorxuya düşən Limoj vikontu sülh istədi. O söz verdi ki, ögey qardaşlarına daha kömək etməyəcək. Riçard sülhə razılaşdı…
IV FƏSİL
Ailə ixtilafları
Çox keçmədi ki, ingilis kralının ailəsində yeni qarşıdurmanın ilk işartıları görünməyə başladı. Belə ki, Gənc Henri atasından hakimiyyət əldə etməyə çalışırdı. Bu məsələdə onu fransız kralı II Filip də müdafiə eləyirdi. Ancaq atası ona güzəştə getmək istəmirdi.
Gənc Henri 1182-ci ilin yayında Limojdan keçib gedərkən qiyamçılar ona Akvitanyanın hersoqu olmağı təklif elədilər. Çünki güclü Riçardla müqayisədə zəif Gənc Henri onlar üçün daha əlverişli idi. Bertran de Bornun10 sözləri ilə desək, Riçard qiyamçıları «mum kimi əzib istədiyi formaya salırdı».
Gənc Henri üçün təklif cəlbedici olsa da, təhlükəli idi. Qardaşlar bir-birini sevmirdi. Gənc Henri qardaşının hərbi uğurlarına açıq-aşkar paxıllıq eləyirdi. Əgər indi o, Riçarda qarşı qiyamçılarla birləşsə, bu, atasının xoşuna gəlməyə bilərdi. Bunu isə Gənc Henri istəmirdi. Yeri gəlmişkən, Gənc Henrini qardaşına qarşı döyüşə kralın üçüncü oğlu Joffrua da təhrik eləyirdi.
Atası ona hakimiyyəti verməyəndə Gənc Henri Qüdsə getməyi qərara aldı. Lakin II Henri zorla da olsa, onu bu fikrindən daşındırdı. Mülayim xasiyyətli Gənc Henri heç öz ailəsində qayda-qanun yarada bilmirdi. Oğlu körpə yaşında vəfat etmişdi. Arvadı Marqarita ona dostu, cəngavər Uilyam Marşalla xəyanət eləyirdi. Bunu eşidən Gənc Henri dostunu hərbi xidmətdən qovmaqla kifayətlənmişdi…
1182-ci ilin payızında, görünür, Gənc Henrinin razılığı ilə Akvitanyada yenə iğtişaşlar başladı. Anqulemdə isə Qiyom və Aymar qardaşları müharibəyə davam eləyirdilər. Limoj vikontu isə sülh sazişini pozub kapitan Qiyom Arnonun başçılıq etdiyi qaskonlardan və basklardan ibarət muzdlu əsgərlərlə onlara qoşuldu.
II Henri 1182-ci il Milad bayramını Normandiyada qarşıladı. Üç oğlu da yanında idi. Həmçinin Saksonya və Bavarya hersoqu olan Aslan Henri ilə birlikdə qızı Matilda da kralla birlikdə idi. Hersoq sarayında bayrama mindən çox cəngavər toplanmışdı. Mərasimdə bir az əvvəl adını çəkdiyimiz görkəmli trubadurlardan11 biri Bertran de Born da iştirak edirdi. Onu Riçard şəxsən dəvət eləmişdi. Şeir həsr etdiyi Matildadan başqa, Normandiyada trubadura xoş gələn heç nə olmadı…
Bəlkə də, Gənc Henrinin təzyiqlərini azaltmaq üçün II Henri digər oğulları Riçardla Joffruaya əmr elədi ki, ona vassal kimi sədaqət andı içsinlər. Joffrua dərhal razılaşdı: necə olsa da, Bretan artıq Normandiyadan asılı idi. Riçard isə təklifi qətiyyətlə rədd etdi. Onun sözlərinə görə, atalarının sağlığında bir qardaş o birinin vassalı ola bilməzdi. Üstəlik, Gənc Henri atasının, o isə anasının mirasını almalıdır. Lakin sonradan Riçard təkliflə razılaşdı: bir şərtlə ki, Akvitanya həmişəlik onun və varislərinin olacaq. Buna isə Gənc Henri razı olmadı, çünki qiyamçıların köməyi ilə gec-tez Akvitanyanı alacağına ümid eləyirdi. Riçardla savaşmağa da əsas var idi – o, Puatye ilə Turen sərhəddindəki Klervo qalasını öz məqsədləri üçün möhkəmləndirmişdi. Gənc Henrinin fikrincə, bu qanunsuz addım idi, çünki həmin qala ona miras qalmış torpaqda yerləşirdi.
1183-cü il yanvarın 1-də Gənc Henri ömrünün sonuna qədər atasına sadiq qalacağına and içdi. İşi belə görən Riçard dərhal qalanı atasına verməyə razılaşırdi. Və tezliklə aydın oldu ki, Klervo ilə bağlı narazılıq Gənc Henri üçün bəhanədir…
Tezliklə II Henri oğullarını Anjedə toplayıb qiyamçılarla imzalanacaq sülh anlaşmasını qoruyacaqlarına and içməyə məcbur etdi. Qiyamçıların nümayəndələrinin iştirakı ilə barışıq sənədinin tezliklə Mirboda imzalanması razılaşdırılmışdı. İngilis kralı 1183-cü il fevralın əvvəlində Joffruanı Limuzenə sülh bağlamağa, həmçinin qiyamçıları danışıqlara gətirmək üçün yolladı. Ancaq Joffrua gözlənilməz addım atdı: o, qiyamçılara qoşuldu! Bunu isə Riçardla mübahisədə qiyamçıların haqlı tərəf olması ilə əsaslandırdı. Joffrua ilə daim birlikdə hərəkət edən Gənc Henri atasını yola gətirdi ki, kral məhkəməsi qarşısında qiyamçıları dinləsin, keçən ilki müqavilənin şərtlərinə yenidən baxsın. Bundan sonra isə onun özü də Limuzenə yola düşdü.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, II Henrinin əksər situasiyalarda Riçarda qarşı ədalətsiz münasibəti diqqət çəkirdi. Ola bilsin, bunun səbəbi Gənc Henrini, sadəcə, hakimiyyət iddiasından daşındırmaq, həmçinin digər oğullarının köməyi ilə Riçardı yerində oturtmaq istəyi idi. Hər halda, II Henrinin ədalətsiz münasibətini görüb Riçarddan narazı olan başqa vassallar da ona qarşı baş qaldırırdılar.
Qiyamçılarla bağlı məsələdə Gənc Henrinin təklifi ilə razılaşdığı üçün atasıyla bərk mübahisə edən Riçard ardınca kral sarayını icazəsiz tərk elədi və Puatyeyə üz tutdu. Bu zaman qiyamçılar Limuzendə böyük qoşun toplayırdılar. Riçardın tərəfdarlarından biri olan Sent-Martial monastırının başçısı vəziyyəti belə görərək qaçıb aradan çıxmışdı. Şəhərdəki qarnizon isə qiyamçıların tərəfinə keçmişdi. Muzdlular ətrafdakı yaşayış yerlərini talayırdılar.
Riçard ilk zərbəni bretanlılara vurdu. Sonra isə ordunu Bretanda qoyub süvari qoşunu ilə birgə Limuzenə yollandı. Limoj yaxınlığında qəfildən şəhərin vikontuna hücum çəkdi. Vikont qaçıb canını qurtarsa da, onun muzdlu döyüşçüləri darmadağın edildi, çoxu əsir alındı. Sonradan Riçardın əmri ilə həmin muzdluların bəziləri suda batırıldı, qalanlarının isə ya başları kəsildi, ya da gözləri çıxarıldı. Hətta daim mərhəməti, rəhmdilliyi təbliğ edən keşişlər belə Riçardın bu amansızlığı qarşısında fərqli mövqe sərgiləmişdilər: onların fikrincə, muzdlular öz soyğunçu, talançı əməllərinə görə cəzalandırılmışdılar!
Gənc Henrinin ölümü
Bu zaman II Henri ilə Gənc Henri arasında xüsusilə də qiyamçılara qarşı münasibətlə bağlı kəskin fikir ayrılıqları yarandı və onların münasibəti xeyli pisləşdi. Nəticədə Riçarda qarşı ədalətsiz davrandığını hiss eləyən II Henri oğlunun könlünü almaq üçün kiçik dəstə ilə Limuzenə tələsdi. Lakin Riçardın dəstəsi Limoj qalası yaxınlığında kralı hücumla qarşıladı. Kral təbəələrindən olan bir cəngavər yaralandı. Tərəflər arasında döyüş Riçardın əsgərləri kralı tanıyana qədər davam etdi.
II