onu yanğından qorumağı bacarmamalısan, həm də suçu sübuta yetirilə bilməyən hansısa gümanlı bir yanğın törədicisinin ağzına tənəkə qıf soxub xam nefti, yaxud çıraq neftini iştirakçıların bəti-bənizi avazıyana qədər onun qarnına doldurmağı bacarmalısan. Amma bu da sənin primitiv vəzifələrindən biridir.
Ən çətini, məsələn, neft quyularından tez-tez dartılıb-çıxarılan cəsədi tanımamaq, yaxud onu buruq sahibinin arzusunca tanımaq idi. Neft qaynaqlarındakı cəsədlərlə xüsusi davranış tələb olunurdu. Gündə bir neçə dəfə fəhlələrdən kimsə adi vedrənin içinə oturub quyuya enməli olurdu ki, bunun da doxsan faizi ölüm demək idi. Çox vaxt vedrəni qazda boğulub neftə quylanmış fəhləsiz çıxarırdılar. Cəsəd yalnız bir neçə həftə sonra tapılırdı, əksərən də heç yerli-dibli tapılmırdı. Ölkə banditləri istənilən adamı xəlvətcə quyuya ata bilərdilər və mühəndislə araları saz idisə, şübhədən həmişəlik can qurtarırdılar. Amma bunun üçün, deyildiyi kimi, gərək mühəndislə aran saz olaydı, bunu da ki, ümumiyyətlə, quyunun yiyəsi, neft sahibkarı edə bilərdi.
Həmişə qaynaqların sahibi həmin qaynaqlardan xeyli aralıda yerləşən şəhərdə yaşayırdı. O, ayda iki-üç kərə sahələrə baş çəkirdi, hər dəfə də çoxlu qorçular əhatəsində, çünki bəzi mədənlərə gedən yollar çox qorxulu idi. Yola müharibəyə hazırlaşan kimi hazırlaşırdılar, zira o, daim macara axtaran, yaraqsız səyyahın pusqusunda duran dəstələrlə zəngin qum çölündən keçirdi. Mədənlərə gəzinti sahibkar üçün hər vaxt təhlükəli bir iş idi. Yalnız çox az bir qismi orda özünü qorxusuz hiss edirdi, bunlar da buruqlar arasında boya-başa çatmışlar olurdu ki, onlar üçün bayırda sirr adlı anlayış yox idi və onlar özlərini fəxrlə neft sənayesinin baniləri hesab edə bilərdilər, çünki buruqları qumlu torpaqda ucaltmış ilkinlər idilər. Azərbaycanın bir sıra neft yataqlarının kəşfində xidməti olmuş atam da onların sırasında idi. O vaxt xam sahələri gəzib-dolaşanda və əvvəllər yalnız çox az neft sahibkarına xas olan, indi isə ümumiyyətlə rast gəlinməyən incə bir duyumla öz kəşfini gözləyən çölləri tapmağın yolunu biləndə onun hələ onyeddi yaşı tamam deyildi. Zamanında vur-tut yüz mark dəyərinə aldığı qumlu bir sahə sonralar bir neçə milyon mark dəyərində oldu. Dəyərin belə yüksəlişini o gözləməmişdi, çünki yeni kəşf olunmuş torpağın böyük bir hissəsini qəpik-quruşa satmışdı. Amma o yenə də Azərbaycan neftinin ən yaxşı bilicilərindən sayılırdı. Törpülənməmiş fəhlələrin və bəlkə də onlardan da betər mühəndislərin arasında o, işdən başı çıxan azlardan biri idi. Buruqlara gediş onun üçün heç də təhlükəli deyildi, beləki məni, oğlunu da özü ilə götürməkdən çəkinmirdi.
Üzərimdə neft mərasimi aparılanda mənim altı yaşım vardı ki, bunu başqaları iyirmi yaşda olanda onların üzərində güclə aparırdılar. Bir növ hakim sinfə daxil olmaq hesab edilən neft mərasimini hər yeni sahibkarın və onun böyümüş uşaqlarının üzərində aparırdılar. Bu da ondan ibarət idi ki, toplaşmış fəhlələrin və işçilərin gözü qarşısında sıçradıcı qurğu ilə təchiz olunmuş quyudan çıxan nefti yeni maqnatın üstünə yağdırırdılar, buna «qızıl yağışı» deyilirdi. Neft çıxarılan zaman bəzən buruqlardan narın neft damcıları sıçrayırdı. Bu damcı kiminsə paltarına düşərdisə, sevincinin həddi-hüdudu olmazdı, çünki «qızıl yağışı» xoşbəxtlik rəmzi sayılardı və onun yaratdığı ləkələri heç vaxt təmizləməzdilər.
Neft qurğuları dünyanın ən gözəl sənaye qurğusunu təşkil edir. Dünyanın bütün fabrik və yataqlarına xas olan tüstüdən korlanmış havadan xali. Bir-birinə söykənərək yüzlərlə hündür buruqlar fantastik nağıl meşəsini xatırladır. Azərbaycanda belə hesab edirlər ki, neft mədənləri və neftli hava ağ ciyər xəstəliklərinin müalicəsinə çox xeyirlidir. Hətta yanımcıl neft sahibkarlarından biri öz buruqlarının arasında ciyər xəstələri üçün sanatoriya da tikmək istəmişdi. Neftli havanın həqiqətən belə sağlam olduğunu bilmirəm, amma deyim ki, ağ neftdən, benzindən və maşın yağından fərqli olaraq xam neftin iyi adamı doğrudan da qəribə şəkildə gümrahlaşdırır. Yataqlarda işləyən fəhlələr də bunu bilirdilər və nefti xüsusi tərzdə yararlı etmişdilər. Neftin axıdıldığı kanallarda canına neft hopmuş külli miqdar lehməni yığıb onunla əllərini və bədənlərini möhkəm-möhkəm yuyurdular. Bu lehmə həm də fəhlələrin üzünü görmədiyi sabunu əvəz edirdi.
Fəhlələr azərbaycanlılar, dağıstanlılar, farslar və ruslar idilər, bu sonuncular da ağır işin öhdəsindən gələ bilmirdilər və fəhlələr arasında ən narahat ünsürü təşkil edirdilər. Fəhlələrin ən yaxşıları neft işinin tələb etdiyi seçimsiz fatalizmə malik olan şərqlilər idi. Ruslarla şərqlilər arasındakı fərq özünü çox qabarıq şəkildə göstərirdi. Rus, neft buruqlarına və onun sahibinə dərindən nifrət edən və imkan düşdükcə mübarizə aparan ömürlük fəhlə idi. Kənddə böyümüş şərqli isə, əksinə, neft mədənlərində özünü ali mövqeli bir insan sayırdı. Mədənlərdə iş onun üçün Avropa sivilizasionu ilə təmas demək idi ki, bundan da o xeyli bəhrələnirdi. O həm də uzun müddət bura bağlanıb qalmırdı; Avropa mədəniyyətinin dadını yetərincə gördükdən sonra geri, öz kəndinə qayıdırdı ki, burada da ona dünya görmüş təcrübəli adam kimi hörmət edirdilər. Məsələn, dağıstanlılar Bakıya başlıca olaraq Azərbaycan dilini öyrənməyə gəlirdilər. Dil baxımından Dağıstanda tam anarxiya hökm sürür, az qala hər kənd ayrıca bir dildə danışır, heç də dialektdə yox, özlərindən başqa heç kəsin başa düşmədiyi bir dildə. Ona görə də asan öyrənilən çox sadə Azərbaycan dili millətlərarası ünsiyyət dili şərəfinə layiq görülmüşdü. Yurdunda savadlı insan kimi hörmət qazanmaq istəyirdisə, dağıstanlı bir neçə illiyinə Bakıya gəlir, neft mədənlərində işləyir, sonra da geri, öz dağlarına dönürdü.
Farslar və azərbaycanlılar əməlli toy etmək üçün, daha doğrusu, toplanmış pula yurdunda gözəl bir qız almaq üçün işləyirdilər. Onlar aylıqlarını heç vaxt əllərinə almırdılar, idarədə saxlayırdılar və sonradan həmin pulu götürəndə soruşurdular ki, pulu saxladığına görə kimə bir şey ödəməlidirlər. Yalnız ruslara, yarımavropalı kimi şərq qaydalarına öyrəşə bilməyən, yerli fəhlələrə nifrət bəsləyən, gördükləri yarım işin müqabilində ikiqat donluq tələb edən və tətillə hədələyən ruslara əsl peşəkar fəhlə kimi baxırdılar.
Hər halda Bakının neft mədənlərindəki həyat şəraiti dünyada heç nə ilə müqayisəyə gəlməzdi. Bugün həmin durum çoxdan arxada qalmışdır, amma fəhlələrin o çağkı vəziyyətini düşünəndə yenə də adamın əti ürpəşir. Minlərlə, onminlərlə fəhlə işıqlandırılmayan nəm, qaranlıq, dözülməz, kirli baraklarda yaşayırdılar, palazsız dar taxtlarda üç-üç yatırdılar. Baraklarda həmin taxtlardan başqa, ayrı mebel yox idi və yerə qənaət etmək üçün taxtlar elə düzülmüşdü ki, aradan keçməyə bəzən yol da olmurdu. Su yaman qıt idi, yalnız içməyə tapılırdı və, təbii ki, sabun da onun təki, ona görə də, yuxarıda deyildiyi kimi, hər şeyi neftli palçıqla yumalı olurdun. Ona da çalışılırdı ki, rus fəhlələrə pulu nağd verməsinlər, maddiyyətlə çatdırsınlar, yəni onları su ilə, çörəklə təmin edirdilər və bunu da tam maaş kimi hesablayırdılar Bunu da o niyyətlə edirdilər ki, nağd pul rus fəhlələrinin iş qabiliyyətini azaldır. Neft mədənlərində yandırıcı Günəş altındakı