nifrət edirdi və haqlı olaraq deyirdi ki, avropalılar daha uğurludurlar. Avropa baxışlarına görə neft xaqanlarının əksəriyyəti həbsxanalıq idi. Fəqət bu, qısaca bir çabanın tez bir zənginliyə çatdırdığı dünyanın hər yerində hökm sürən hal idi. Meksikanın, Venesuelanın neft mədənlərində də, Alyaska və Klondikanın qızıl yataqlarında da, Cənubi Afrikanın zümrüd axtarıcılarında da həmin münasibətlər, həmin qəddarlıq, yalan və hiylə hökm sürür ki, onların vasitəsilə bir ovuc aferist yeni çırpışdırdığı sərvəti qoruya bilir.
Birinci nəsl hər yanda eyni olur, bəlkə o, Bakıda başqa yerlərə nisbətən hətta xeyli yaxşı idi, çünki sahibkarların bir qismi köhnə feodal bəylərdən çıxmışdı və müəyyən mədəniyyəti onlar özləri ilə neft sənayesinə gətirmişdilər. Atamın əksər həmkarının keçmişi qaranlıq idi, bir neçəsi əvvəllər səfil, başqaları isə oğru olmuşdu. Elələri də vardı ki, söhbət düşəndə həyasızcasına irişə-irişə Sibir katorqalarından danışırdı.
Müsəlmanlar, ermənilər, ruslar, polyaklar, gürcülər, isveçlilər burda bir silk yaratmışdılar ki, o da heç bir mənsəb fərqi bilmirdi, yalnız özünəbənzərlərdən kənarda keçmişdən həvəssiz söz salırdı və oğrularla yanaşı əsl bəylərbəyiləri, şahzadələri özünün üzvləri sırasına qəbul edirdi. Əksəriyyət üçün səciyyəvi şey həyata barbar münasibət, öz pullarını işə yaratmaq bacarıqsızlığı və, tezliklə aşkar olduğu kimi, qızılın təsiri altında böyüyən ikinci nəslin tamamilə soysuzlaşması idi. Savadsız, zəngin atalar, əslinə qalsa, bu xoşxasiyyət barbarlar, övladlar böyütmüşdülər ki, onlar da hələ beşikdə ikən həyatdan bezmişdilər, intihar düşüncələrinə qapılmışdılar və yasağı yüngül olan işlər görməyə çalışırdılar. Amma neft bəyzadəsinə Bakıda nə qadağan edilə bilərdi? Bu, talenin qisası idi. Özləri artıq müəyyən mədəniyyətə – şərq, yaxud qərb – malik olan belə neft sahibkarlarının yalnız övladları bu iti çöküşdən xətərsiz qurtula bildilər.
Ayrı-ayrı neft ailələri arasında daimi bir mübarizə hökm sürürdü ki, o da tez-tez digərlərini dartıb gətirirdi. Onda küçələrdə qan su yerinə axırdı, insanlar izsiz-tozsuz yoxa çıxırdılar və bu işlər üçün hər vaxt hazır dayanan bandalar ikiqat məvacib alırdılar. Aferistlər yığnağının iqamətgahı kimi Bakı öz gözəllikləri ilə yanaşı həm də şərq paytaxtının bütün özəlliklərini qoruyub saxlamışdı. Bir neçə neft sahibkarı təkcə sənayeçi deyildi, onlar həm də ölkənin içərilərində öz təbəələrinin yaşam və ölümü üzərində mütləq hökmə malik mülkədarlar idilər və öz kəndlərində daimi mühafizə dəstələri yetişdirirdilər. Bunlar müsəlmanlar, qismən də ermənilər idilər ki, onlar da birlikdə neft sahibkarlarının əksəriyyətini təşkil edirdilər və bir-biri ilə barışmaz mübarizə aparırdılar.
Çıxarılandan sonra xam neft dəniz sahilindəki neftayırma zavodlarının yaxınlığında qurulmuş iri rezervuarlarda saxlanılır. Neft buruqları həmin rezervuarlardan təxminən iyirmi kilometr aralıda olur. Boruları neftayırma zavodları ilə birləşdirmək üçün səhradan neft kəməri çəkilirdi ki, o da müxtəlif sahibkarların neftini ümumi rezervuarlara axıdırdı. Hər şirkətin çənlərlə boru əlaqəsi vardı ki, bu çənlərdə də axıb-gələn xam neft xüsusi xazla ölçülürdü. Neft kəmərləri ilə rezervuarlar xam nefti qoruyub-saxlayan, onu zavodlara ötürən və bunlardan yaxşı gəlir götürən bir firmaya məxsus idi. Ölkədə ikiyüzdən çox neft sahibkarı olduğuna görə səhra boyunca bir-birinə çalın-çarpaz olmuş müvafiq sayda borular çəkilmişdi; deməli, hər şirkətin özünün neft kəməri vardı ki, firmanın sərəncamına verilən neftin miqdarı qəbul edilərkən dəqiq müəyyənləşsin və başqa şirkətin hesabına yazılmasın. Neft kəməri firması yalnız rezervuara çatan neftə cavabdeh idi, daha rezervuarlara tuşlanmış neftə yox. Hərdən borular partlayırdı, yaxud yetərincə qalın olmurdu, ona görə də işlənən və daxil olan neftin miqdarı üst-üstə düşmürdü. Deməli, çölü keçəndən sonra neft rezervuara çatanda ölçülməli olurdu. Bu fırmanın yaxşı, yaxud pisliyi sonrakı məsələdir. Amma yüzlərlə boru çöldə bir-birini kəsib-keçirdi və qarışıq bir mənzərə yaradırdı.
Bu kəmərlərdən biri hörmətli ağalardan sayılan, mədəniyyətə xüsusi üstünlük verən, hər il xarici səfərlərdə olan və Avropa sivilizasionunun nümayəndəsi hesab edilən iri sənayeçi Rzaya məxsus idi. Onun qonşuluğundakı kəmər böyük bir şirkətinki idi və gecə-gündüz işləyirdi, çünki şirkətin bir ədəd milyonluq fontanı vardı və neftinin əl-ayağını yığıb-yığışdıra bilmirdi. Amma bir gün həmin şirkət gördü ki, çıxarılandan rezervuara xeyli az neft gəlir. Neft yolda borudan açıq-aşkar yox olurdu. Çölə çaparlar göndərdilər ki, boruları yoxlasınlar, amma şübhəli bir şey tapılmadı. Borular yerli-yerindəydi, lakin neft yenə də yox olurdu. Bütün yolu gecəli-gündüzlü göz altına aldılar, heç nəyin xeyri olmadı. Bu, başdan-başa elə anlaşılmaz idi ki, az qala düşündülər, şirkət öz kreditorlarını sakitləşdirmək üçün bilərəkdən həmin fontan hay-küyünü qaldırıb. Daha fontanın etibarlılığına inanmırdılar. Bu hal aylarla davam etdi. Tezliklə məlum oldu ki, digər şirkətlərdən də həmin əcaib şəkildə neft oğurlanır. Məsələ ciddiləşdi, nefti oğurlananlar öz işçilərini bir yerə yığıb gecələr əl-ayaq çəkiləndə borularının yanındakı bütün boruları çevirtdirdilər ki, bəlkə itkinin səbəbini tapa bildilər. Və burda görünməmiş bir şey ortaya çıxdı. Gördülər ki, Rzanın kəməri yerin altından bütün qonşu kəmərlərə qoşulub. Başqalarının nefti sadəcə olaraq onun kəmərinə axırmış və rezervuara axırıncının məhsulu kimi tökülüb qeydə alınırmış. Öz gəlirini ölçüsüz həddə artırmaq üçün mədəniyyət dağarcığı Rza, deməli, sadəcə bir üsul tapıbmış. Neft sahibkarları onun timsalında başqalarına da dərs verdilər: Rza həbsxanaya salındı və buruqları dayandırıldı. Bütün neft silki coşmuşdu, ölümlə və eldənçıxarı etməklə hədələyirdi. Amma iş o yerə çatmadı. Rza həbsxanada özünü güllələdi və özlərini didib-dartan oğulları onu bütün neft sahibkarlarının gözü önündə torpağa tapşırdılar. Ona qarşı cinayət işinə xitam verildi.
Rza adlı birisi oğurlayır. Amma buna görə o, doğrudanmı ölməlidir? İntihar və təntənəli dəfn hələ ölüm demək deyil axı. On il sonra mən Paris kafelərinin birində birja kursları ilə tanış olan möhtərəm, yaşlı bir ağaya rast gəldim. Bu, Rza idi, yazıq intiharçı. Tanındığını görəndə xəfifcə gülümsəyib dedi:
– Adam elə asanlıqla ölmür.
Sonra həbsxanada bir cəsədlə öz paltarını necə dəyişdiyini, onun başına bir güllə vurduğunu, o qədər də yüksək olmayan məbləğə həbsxana rəhbərliyini özünün azad olunmasına necə razı saldığını danışdı. İşləri uşaqlarına tapşırıb kipkirmiş Parisə gəlməyə üstünlük vermişdi ki, burda da təqaüdçü kimi yaşayırdı və dövlət idarələrində özünü yüksək çaplı siyasi qaçqın kimi qələmə vermişdi.
– Xırdaca bir neft sızqasına görə özünü öldürüb gözəl həyatdan əl götürməyə dəyməz, – axırda o bunları deyib mənə xoş münasibətini bildirdi və mehribanlıqla əlimi sıxdı. O, bugün də Parisdə yaşayır. İşləri barədə isə dəqiq məlumatım yoxdur. Bəlkə də peşəsini dəyişmə naminə Bank dö Fransın pul çapxanası ilə özünün şəxsi mənzili