ilk qəzetlərdəndir. Yüz ildən sonra çox dəyərli olacaq. İçindəkiləri də diqqətlə oxu.
– Əlbəttə, əlifba inqilabı uğurla başa çatsa! – Səbahəddin gülə-gülə qəzeti yellədi.
* * *
Taraq-turuqla şütüyən köhnə qatarda bir əlində taxta çamadan, digərində “Cümhuriyyət” qəzeti tutan gənc ətrafa göz gəzdirdi. Axtardığı qız bu vaqonda deyildi. Vaqonlararası qapılardan keçə-keçə qatar boyu irəlilədi. İki vaqon sonra hədəfinə çatdı.
Platformada rastlaşdığı qızı tanımadığı üç başqa tələbə ilə tapdı. Gənclər qızın qarşısında oturmağa çəkinmişdilər. Səbahəddin fürsəti fövtə verə bilməzdi. Ona görə də cəld tərpəndi.
Deyəsən, birlikdə Almaniyaya dil öyrənməyə gedəcəkdilər.
Beş gəncin hər biri Müəllim Məktəbinin məzunu idi və Qazinin5 istəyi ilə həyata keçirilən proqrama əsasən İstanbuldan yola çıxırdılar.
Dəsmalıyla göz yaşını silən gənc qızın qarşısında oturub əlini uzatdı:
– Adım Səbahəddindir. Sizin kimi Almaniyaya gedirəm.
Qız təəccüblənmədi. Birlikdə gedəcəklərini əvvəldən – platformadakı baxışlarından başa düşmüşdü.
O da əlini uzadıb:
– “Məlahət”6, – dedi və əlavə etdi, – Tanışlığa şadam.
Nədənsə Səbahəddin səfər yoldaşını adəti üzrə söhbət atəşinə tutmadı. Qarşıda uzun yol, danışmaqçün xeyli vaxt vardı.
Hələ vaqonun pilləkənində, “Ağır otur, batman gəl” – deyib özünü tənbeh etmişdi.
* * *
İçində “Rəsmli Ay”ın7 son sayı olan “Cümhuriyyət” qəzetini açdı.
Jurnalı yanına, latın əlifbası ilə çap olunmuş qəzeti dizləri üstünə qoydu. İlk sətirləri oxuyanda “Milliyyət” qəzetinin altı ay əvvəl başlatdığı təcrübə yadına düşdü. O vaxt “Milliyyət” öz manşetində “Bax vəqil İsmət Paxa cənablarının İstambula gəlixini” xəbər vermişdi.
Türk dilinə uyğun olmayan şriftlərlə yazılan xəbər xeyli gülüş doğurmuşdu. Yazının başlığına əlavə qeyd də qoyulmuş, latın hərflərinin necə oxunacağı izah edilmişdi.
“Milliyyət”in ardınca “Cümhuriyyət”, “İqdam”, “Son Saat”, “Hakimiyyəti-milliyyə” bu təcrübəni sınamışdı. Qəzetlərdə bir müddət ərəb hərfləri ilə yanaşı latın əlifbası ilə yazılan türk dilinin də istifadəsinə başlanmış və nəticədə, islahat tamamlanmışdı.
Səbahəddinin yola düşdüyü gündən etibarən bütün qəzetlər yeni türk dilində çap olunacaqdı.
Pertevin verdiyi qəzeti oxuyarkən bir tərəfdən də islahat üçün görülən hazırlıqların işə yaradığını düşünürdü. Yeni əlifba ilə yazılan türk dilini istifadə edən qəzetlər bu yolda xeyli əhəmiyyətli iş görmüşdü. Ölkənin hər tərəfində açılan kurslar da yeni yazının mənimsənilməsində çox faydalı olmuşdu. Bununla belə dəyişiklik üçün bir çox insanın qəzet oxumaqdan vaz keçəcəyi güman edilirdi. Avamından ziyalısına qədər – hər kəs qəzet satışının iyirmi beş-otuz faiz azalacağından bəhs edirdi.
Gənc düşünürdü: “Görək… Deyilənlər, həqiqətən də, baş verəcəkmi?”
Səbahəddin yaxşı bilirdi, gənc Türkiyə dövlətinin məqsədi müasirləşməkdir. Onun Almaniyaya göndərilməsi də elə bu məqsədin bir hissəsi deyildimi?
Şübhəsiz!
Türkiyə Respublikası Almaniya, İngiltərə və Fransaya onlarla gənc göndərirdi. Qazinin də vurğuladığı kimi, məqsəd ölkəni çağdaş mədəniyyət səviyyəsinə qaldırmaq idi.
* * *
Səbahəddin yeni əlifba ilə yazılmış bir məqaləyə də göz gəzdirib qəzeti qatladı:
– Oxumaq istəyirsiniz? – deyib yol yoldaşına uzatdı. Gənc qız gülümsündü və təşəkkür edib qəzeti götürdü.
Gənc tələm-tələsik taxta çamadanını açdı, içindən bir kitab və balaca lüğət çıxarıb dizlərinin üstünə qoydu.
Yeniqapı və Lanqa bostanları artıq geridə qalmış, solda güclə görünən dəniz tədricən gözdən itirdi. Qatar Halqalıdan8 şimal-qərbə – Frakiyanın9 mərkəzinə hərəkət edirdi.
* * *
Vaxt keçdikcə Frakiyanın soyuğu əməllicə hiss edildi.
Səbahəddin zəif lampa işığında Məlahətin əl çantasından bir cüt əlcək çıxardığını gördü. Maraqla gənc qıza yaxınlaşıb:
– Üşüyürsünüz? – soruşdu.
Gənc qız başıyla təsdiqlədi:
– Çox soyuqdur.
Səbahəddin səfərə hazırlaşdığı vaxt yol şəraiti və Almaniya haqqında məlumat toplamışdı:
– Ədirnəni keçənə qədər bu köhnə lokomotivlə gedəcəyik. İstiliyi yoxdur. Sonra bolqarların qatarına minəcəyik. Eşitdiyimə görə, o qatarlar qızdırıcılıdır; lokomotivdən vaqonlara istilik yayılır. Almaniyaya üşümədən gedə biləcəyik.
Ətraflı izaha qulaq asan Məlahət, “Olduqca bilikli adamdır” – düşündü. Gəncin yüksək diqqətini görən qız bir-iki kəlmə danışmağı lazım bildi.
– Deyəsən, bir qədər almanca bilirsiniz, eləmi? – Səbahəddinin dizi üstündəki almandilli kitaba və lüğətə işarə etdi. Beləcə, Səbahəddinin ünsiyyətqurma səyinə qarşı tamamilə səssiz qalıb kobudluq etmədi.
– Xeyr, – gənc dedi. Qızın diqqəti könlünü oxşadı. Onunla danışandan bəri büründüyü roldan çıxıb özü oldu, yenidən kəkələyə-kəkələyə gəvəzələdi, – Bu kitab keçən il əvvəl ingiliscə çap olunub və çox maraq çəkdiyindən dərhal alman dilinə tərcümə edilib. Dostum verdi. Lüğətdən istifadə edərək sözləri tapmağa çalışıram. Adı “Neft”, müəllifi Epton Sinklerdir10. Elə indiyəcən çətinlik çəkmədən tapdığım kəlmələr sadəcə kitabın və müəllifin adıdır.
Gənclər bir-birinə baxıb gülüşdülər.
* * *
Qatar Frakiyanın mərkəzinə yaxınlaşdıqca soyuq daha kəskin hiss olunurdu. Sərnişinlər gecə soyuqdan titrəyəcəkdilər.
Hamı jaket geyindi. Hətta bəziləri əyninə üst-üstə iki jaket keçirdi, adyalı olanlar yanındakılarla bölüşdü.
Sirkəçi vağzalından yola çıxmış qatar dan söküləndə Bolqarıstan sərhədini keçdi. Sərnişinləri digər qatara ötürdülər. Son model lokomotivdən vaqonlara yayılan istilik sayəsində hamı rahat nəfəs aldı.
Səbahəddin qeyd dəftərçəsinə Bolqarıstanla Türkiyə arasındakı fərqi yazmışdı. Osmanlıdan yadigar ölkənin Birinci Dünya müharibəsindən sonrakı