Osman Balcıgil

Yaşıl mürəkkəb


Скачать книгу

bağlanmış qalstukla konsert zallarında təkbaşına keçirirdi. Yaşadığı yer Berlinə yaxın idi deyə tez-tez bəstəkar Vaqnerin əsərlərindən ibarət konsertlərə gedirdi.

      Alman ədəbiyyatı kimi, alman musiqisini də dərindən öyrənirdi.

      * * *

      Qürbətdə yaşayanların nisgili səngimək bilmir. Fikirləri həmişə geridə – vətəndə qalır, xüsusən, sevgi xatirələri…

      Gecə gözünü yummadı. Səhərə yaxın mürgüləsə də, yata bilmədi, çarpayıdan qalxdı. Sviterləri üst-üstə geyinib iş stolunun lampasını yandırdı.

      Götür-qoy edib qərara gəlmişdi: xüsusi etinayla ərəb əlifbasında yaşıl mürəkkəbli qələmiylə yazdığı şeirlərini qarşılıqsız sevdiyi qadına hədiyyə edəcəkdi.

      – İlahi, nə böyük sevgidir! – sanki inlədi.

      Dəftərinin ilk səhifəsinə “Nahidə”25 yazdı.

      Nahar fasiləsində məktəbdən çıxıb dəftərini o vaxtlar Ankarada müəllim işləyən böyük sevgisinə göndərəcəkdi.

      Səbahəddin günəşin ilk şölələri pəncərədən süzülənədək masa lampasının işığında işlədi.

      “Qurbağanın serenadası”, “Körpünün uşaqları”, “Qırışlar”, “Oyuncaqlar” başlıqları ilə dörd hissəyə böldüyü şeir dəftərini çantasına qoydu.

      Nə böyük eşqdir! Qarşılıqsız, amma böyük!

      Onda Nahid xanım hələ on doqquz yaşında idi. Gözəlliyi və zəkasıyla işıq saçırdı. Kişilər onun ətrafında pərvanətək dolanırdılar. Səbahəddin isə Yozqata getməzdən qabaq – İstanbulda ona vurulmuşdu. Sevgisini etiraf etmiş, amma müsbət cavab ala bilməmişdi.

      Yozqatdan qalaq-qalaq məktub göndərsə də, nəticə dəyişməmişdi.

      Məğlubiyyətini “Sərvəti-fünun” jurnalında “Bir macəra” adıyla dərc etdirdiyi şeirdə ifadə etmişdi.

      Üzünü qırxarkən bu şeirin ilk bəndini ucadan oxudu:

      Nəticəsiz məhəbbətə bağışladım gəncliyimi,

      Gördüm onun nə meylini, nə mərhəmət sığalını.

      Diz çökərək hüzuruna deyəndə mən sevdiyimi

      Gözləri bir sillə ilə devirdi saf xəyalımı…

      Bu sillənin təsiri hələ davam edirdi. Gənc qarşılıqsız məhəbbətin cənginə keçmişdi. Başına gələni lap yaxşı bilirdi, amma eşqdən kim qaça bilər ki?

      Səbahəddin qəti qərar vermişdi. Səhər yeməyini bitirdi, günortadan əvvəlki dərslərinə girdi, ardınca poçta yollandı. Cidd-cəhdlə hazırladığı şeir dəftərini Nahidə göndərdi.

      * * *

      Zaman sürətlə axıb keçirdi.

      Gənc “əldəki quşun budaqdakı quşdan faydalı olduğunu” düşünərək Məlahətlə münasibətini heç kəsmədi. Gözəllikdə, cazibədə və başqa keyfiyyətlərdə Nahidə çata bilməsə də, Məlahət daha yaxında, əlçatan idi. Hərdən xüsusi icazə alaraq qızı məktəbdən götürür, birlikdə ətrafı gəzir, Potsdam kafelərində vaxt keçirirdilər. Haçan rastlaşsalar, bir-birinə təzə öyrəndikləri şeylərdən danışırdılar. Əlbəttə, ən çox Səbahəddin danışır, Məlahət qulaq asırdı.

      * * *

      Səbahəddin bir gün həmişəki kimi əlində kitabla məktəbin qarşısında Məlahəti qarşıladı. Dərhal, “Dostların yaraşıqlı türklə görüşdüyünü yenə də soruşdularmı?” – deyərək marağını gizlətmədi.

      Məlahət bunu əvvəlki görüşlərin birində söyləmişdi. Həqiqətən də, haçan küçəyə çıxsa, “Yaraşıqlı türk gəldimi?” – soruşurdular. Qızın ağzından səhvən çıxan bu ifadə gəncin ürəyinə elə yatmışdı ki, dilindən düşmürdü.

      – Eh, kaş heç deməzdim, – Məlahət deyindi, – hə, “yaraşıqlı türklə” görüşüb-görüşmədiyimi yenə soruşdular.

      Halbuki qız indi çox ciddi idi: Səbahəddinin lovğalanmağına imkan verməyəcəkdi.

      – Hansı kitabı oxumağa başlamısan? – deyib mövzunu tez dəyişdirdi, gəncin “yaraşıqlı türk” sözündən həzz almağına mane oldu.

      – Rilkenin26 bir kitabı, – Səbahəddin bu suala məcburən cavab verdi.

      * * *

      Kafedə əyləşdilər. Səbahəddin papağını yandakı stula qoydu, qəlyanını səliqə ilə doldurub alışdırdı. Kəkələyə-kəkələyə danışmağa başladı:

      – Rilkeni mütləq oxumalısan, Məlahət. Oxuyarkən həyatı da müşahidə etməlisən. O möhtəşəm insan mənə elə fikir aşıladı ki, o fikri həyat fəlsəfəmə çevirdim. Bu haqda danışmağımı istəyirsən?

      Məlahət dostunun üzündəki ifadədən başa düşdü ki, çox ciddidir. Bəzən “etmə”, “demə”, “soruşma” söyləyərək zarafat etməsinin həmin an işə yaramayacağını düşündü.

      – Qulağım səndədir, – deyib əlindəki qəhvə fincanını stolun üstünə qoydu.

      – Məlahət, yalnız möhtəşəm həyat yaşayan insanlar ortaya möhtəşəm əsər qoya bilərlər. Rilke məhz belə şəxsiyyətlərdəndir. Ailəsinin, xüsusilə, anasının təsiri, Praqada keçən uşaqlıq xatirələri, sevgilisi ilə birlikdə Rusiya, Skandinaviya səyahətləri və Rodenlə27 Parisdə keçirdiyi günlər…

      Səbahəddin bu məqamda susdu.

      Məlahət düşündü ki, o özünü Rilkenin yerində təsəvvür edir, sanki Rilkenin həyat təcrübəsini mənimsəməyə çalışırdı.

      Səbahəddin sönmüş qəlyanını yenidən alışdırdı, soyumuş qəhvəsindən bir qurtum içdi və stolun üstündəki kitabı göstərərək söhbətinə davam etdi.

      – Məsələn, bu “Das Stunden-Buch” əsərini “Saatlar kitabı”, yoxsa “Dua saatları” kimi tərcümə etməliyəm? Qərar verə bilmədim. Şair kitabın ilk hissəsində tanrı obrazı yaratmağa çalışır. Deyir ki, Allahı kainatın xaricində deyil, zərrələrdə axtarmalıyıq…

      Həmişəki kimi bir xeyli danışdı. Vəhdəti-vücuddan başlayıb təsəvvüfdə qurtardı. Ardınca cibindən başqa kitab çıxarıb “Das Stunden-Buch”un üstünə qoydu, qəlyanından qullab aldı. Məlahət kitabın adını oxudu:

      – Tomas Mann28 “Buddenbroklar” – nə deməkdir?

      Səbahəddin:

      – Ailənin soyadıdır, – deyərək gülümsədi. Qəlyanından bir neçə dərin qullab alıb sözə davam etdi, – yazıçının Lübekli29 ailəsinin macərasıdır. Başdan-ayağa satiradır. Mann bu kitabda Buddenbrokların dörd nəslinin addım-addım varlanması və dağılmasını təsvir edir. Bir yandan burjuaziyanın uğur qazanma əzmi, qazanılan pula yiyə durmaq istəyi, digər yandan amansızca biliyi qorumaq həvəsi… Tomas Mann hər şeyi necə də sadə, səmimi nəql edib…