Абдурагим-бек Ахвердов

Ac həriflər


Скачать книгу

Amilaxvari. Padşah, dağın başına dürüst nəzər yetir. Şahzadə Davidin beş topu orada guruldayır.

      Tavad Maçabeli (üç bayraq gətirir). Şahzadə Yuhan tərəfindən padşahın xaki-payinə70 bu üç İran bayraqlarını yıxıram. İnşallah, İran qoşununun hamısı bu bayraqlartək sənin xaki-payinə yıxılacaq.

      Orbeliani (bir nəfər qoşun əhli özünü yetirir). Padşah sağ olsun, evimiz yıxıldı. Ağa Məhəmməd xan tərəfindən hökm oldu, 12000 Mazandaran atlısı hücum elədi. Bir bax, gör qoşun necə pərakəndə olub dağılır.

      II İrakli (ucadan). Ey mənim öz ziri-dəstimdən olan qoşun, nə durubsunuz? Vətən namusu əldən getdi! Vurun özünüzü qabağa! (Qılıncı çəkib enir.)

      Tavad Amilaxvari (İraklini saxlayıb). Padşah sağ olsun, dayan! Doğrudur, qoşunumuz basıldı, padşahzadələr əhatə olunub, amma cəmi rəiyyət sənin rəşadətinə bələddir və hamı bilir ki, sən vətən, millət yolunda ölməyi xoşbəxtlik hesab edirsən. Bir belə bədbəxtliyin müqabilində ki, vətənə üz verib, sən də öz ölməyinlə vətənin qəmini artırma! Sənin vücudun vətənə, millətə lazımdır.

      II İrakli. Millət əldən gedəndən sonra mənim vücudumun qalmağının faydası yoxdur. (Özünü vurur qoşuna, sərkərdə dalınca.)

      Yuhan (gəlib təllin üstünə çıxır). Bəs babam necə oldu? Yoxsa onu da öldürdülər? Bu nədir, görürəm? Deyəsən, babamı iranlılar əhatə edib, tutmaq istəyirlər! Qoymaram, tutalar! Gərək mənim üstümdə qalan 300 qoşun da yox ola ki, babam əsir ola! (Nərə vurur.) Ey mənim qardaşlarım! Padşah əsir olur, qoymayın! (Qılınc çəkir, təllin üstündən enib gedir, top-tüfəng səsi ucalır. Bir azdan sonra Yuhan İraklini gətirir). Baba, yaralanmayıbsan ki?

      II İrakli. Yox, bala, yaralanmamışam. Niyə qoymadın, məni öldürələr, vətəni bu halətdə görməyim?!

      Yuhan. Yox, baba, nə qədər vətənin nəfəsi var, sən ona lazımsan!

      II İrakli. Təbil vurun, qoşun çəkilsin! Davidə xəbər verin, nahaq yerə güllələrini sərf etməsin. Topları götürsün, çəkilsin dağlara. Tiflis əhalisinin hamısına xəbər edin ki, durmayıb hər nə mayəhtacları var, götürüb şəhərdən çıxsınlar. Ax, namərd dünya! Namərd Solomon!

      Gedirlər.

      İranın qoşunu səhnədən ötür. Ağa Məhəmməd şah Qacar yanında bir neçə sərkərdə gəlib, çıxır təllin üstünə.

      Ağa Məhəmməd şah Qacar. Afərin Gürcüstan qoşununa! And olsun Məhəmmədhüseyn xanın qəbrinə, bir belə dava etmişəm, bu rəşadətlə dava edən düşmən görməmişəm! Afərin! Ey İranın qəyur qoşunu, daha sizin vəzifəniz qurtarır. Vurun özünüzü Gürcüstanın paytaxtı gözəl Tiflisə. Zirü zəbər71 edib, gərək daşı daş üstündə qoymayasınız. Gərək bu gün Gürcüstana məhşər gününün nümunəsini göstərəm. Üç gün qoşuna qarət izni verirəm. Amma məbadə kəlisalara72 əl vurasınız… Kəlisa Allahın evidir, ehtiramı – müsəlmana vacibdir. Övrət, uşaq – hər nə ələ keçsə, əsir edərsiniz. Qocaları qılıncdan keçirərsiniz! (Sərkərdəyə) Sadıq xan, binagüzarlıq bu gün səninlədir. Gərək sən girəsən şəhərin içinə.

      Sadıq xan. Baş üstə, qibleyi-aləm!

      Ağa Məhəmməd şah Qacar. Ələ keçən əsirlərin hamısını itaətə gələn xanlara bağışlayacağam ki, satıb pullarını xəzinələrinə qoyub, mənim iltifatımı görsünlər. Qoşunun dal tərəfi salamatdır. Cəmi qoşunu, hər nə var, doldurun Tiflisə, dörd tərəfdən od vursunlar. Dayanma, Sadıq xan, get. (Sadıq xan gedir.) Qoy İrakli və cəmi Gürcüstan İranın qüdrətini görsünlər. Gərək İraklini bir halətə salam ki, gəlib mənim ayağıma sürünə. Gərək Gürcüstana bir divan tutam ki, onun ancaq bir adı dünyada qalsın. (Məclisi alov işığı tutur.) Gərək nağıllarda danışılsın ki, bəli, Gürcüstan adında keçmişdə bir vilayət var imiş. (Şeypur səsi gəlir.) Nə şeypurdur?

      Sərkərdə. Qibleyi-aləm! Vali tərəfindən elçi gəlir.

      Ağa Məhəmməd şah Qacar. Qoşuna xəbər elə, elçiyə yol versin. (Sərkərdə gedir.) Yəqin, İrakli öz mənfəətini anlayıb, təbəiyyət etmək istəyir. Çox aqilanə iş görür. Həm öz canını qurtarır, həm camaatın canını.

      Tavad Keyxosrov Aveliani (elçi sifətində daxil olub, kağızı verir). Gürcüstan padşahı II İrakli tərəfindən xidmətinizə məktubdur.

      Ağa Məhəmməd şah Qacar (oxuyur). Əgər sən özünü şah və cəmi İranın hökmranı hesab edirsən, nə üçün mənim paytaxtımı dağıdırsan və rəiyyətimi əsir edirsən? Əgər sən padşahsan, padşahanə rəftar et. Sənə lazımdır ki, fəthdən sonra camaata əminlik verəsən ki, ürəyi sənə yapışa. Sən gəl mənim bu təklifimi qəbul et! Davanı dayandır. Əsirləri azad et. Sonra mən hazıram səninlə ittifaqnamə bağlamağa. Mən söz verirəm ki, bizim aramızda ittifaqnamə bağlansa, ona elə əməl edim, nə növ ki, mənim insafım, ürəyim və ədalətim mənə buyurur. Əgər mənim bu təklifimi qəbul etməyəsən, bil ki, mən ondan sonra Gürcüstanın hifzindən ötrü axıracan çalışacağam. Cəmi gürcü tayfasının ürəyi qisas arzusu ilə doludur. Və əlavə, Gürcüstanla həmməzhəb olan Rusiya heç vədə sənin Gürcüstana elədiyin zülmü qəbul etməz. (Elçiyə.) Gedib valiyi-Gürcüstana bizim də şərtlərimizi yetirərsən. Əgər qəbul etsə, biz söz veririk, əsirləri azad edək. Tiflisdə dağılan evlərin təmiri üçün pul verək və vali ilə ittifaqnamə bağlamağı qəbul edək. Əvvəla, Qarabağdan Gürcüstana davaya gələnlərin verilməsi; ikincisi, öz oğlanlarının birini girov versin və üçüncü, Gürcüstan valilərinin əlinə Azad xandan keçən almazı göndərsin.

      Gürcüstan elçisi. Mən padşah tərəfindən sizə cavab verməyə vəkiləm. Padşah namusuna və səltənətinə toxunan heç bir təklifi qəbul etməyəcək.

      Ağa Məhəmməd şah Qacar. Onda ixtiyar sahibidir. Gedə bilərsən. Xoş gəldin. (Elçi gedir) Elçini salamat ötürün, getsin. (İşıq artıb məclisi tutur.) Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi, gözəl Tiflis! Yanginən, ta hurilərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yanginən, ta afitabi-aləməfruz73 və cahangərd dastanını dünyanın hər qitəsinə yetirsin! Yanginən, ta buludlar səyyahları humaylar tamaşaya gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaztək parıldayan Qaf dağı! Bu yanan sənin ürəyindir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zəmanələrdə ziyarətinə gələnlərə Tiflis macərasını nağıl elə! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərb-dəsti Ağa Məhəmməd şah Qacar dillərdə söylənsin!

PƏRDƏ

      Dördüncü məclis

ƏHLİ-MƏCLİS

      Ağa Məhəmməd şah Qacar

      Hacı İbrahim xan – vəzir

      Şahrux Rzaqulu Mirzə – Nadir şahın oğlu

      Sərdar Mustafaxan – irəvanlı

      Cavadxan – gəncəli