Абдурагим-бек Ахвердов

Ac həriflər


Скачать книгу

kəndlərini dağıdar və çünki şəhərin zindəganlığı bağlıdır kəndlərə, şəhər əhli acından təngə gəlib, labüddən təslim olacaq.

      Cavad xan. Yaxşı ki, biz təbəiyyət elədik. Yoxsa, yəqin, indi Gəncə, İrəvan xanlıqları da Gürcüstantək tar-mar olmuşdu. Mənim təbəiyyətimin səməri bu oldu ki, həm xanlığım əlimdə qaldı, həm rəiyyətim dağılmadı və həm Gürcüstandan gələn 30000 əsirin çoxusunu şah mənə bağışladı. Hələ də satıb qurtara bilməmişəm.

      Mustafa xan. Mənim özümə şahın iltifatı az olmayıb. Əsirdən mənə də az bağışlamayıb. Əlavə Borçalı və Qazax mahallarını Gürcüstandan kəsib mənə bağışlayıb. Məni başdan çıxartmışdılar. Mən İraklinin zoruna və onun köməkliyinə xatircəm idim. Nə bilirdim ki, şahın tədbiri hamısına faiq74 gələcək. Onun qoşunundan artıq tədbiri iş gördü.

      Sadıq xan. Şahın iltifatından mən də şaki75 ola bilmərəm. Mənə da az əsir bağışlamayıb. Əlavə necə ki, görürsünüz, cəmi atlı qoşuna sərkərdə mən Sadıq xanam!

      Hüseyn xan. Metsxetdən gətirdiyim dövlət mənə kifayətdir. Amma Metsxet keyfiyyəti hər yadıma düşəndə gülməyim tutur. Elə ki şah məni və Sadıq xanı göndərdi Metsxetə, şəhərə yetişib necə lazım idi, kar gördük. Axırda yetişdik bir deyrə76, rahiblər qaçmışdılar, deyr boş idi. Hücrələrin birinə daxil olub gördüm ki, divara bir nərdivan dayanıb. Dedim, bu nərdivan nahaq yerə buraya qoyulmayıb. Nərdivana bir adam çıxartdım. Adam divarın üstündən güclü pul və cəvahirat endirdi. Binəva rahiblər qaçan vaxt pulu gizlədib və qorxduqlarından nərdivanı da divara söykəli qoyub qaçıblar.

      Sadıq xan. Metsxet ki, dağıldı və biz də ki qoşunu rahat elədik, mən bir nəfər atlı götürüb şəhərin ətrafına səyahətə çıxdım. Mən orada bir faciə gördüm. İndi də yadıma düşəndə ürəyim qana dönür.

      Hüseyn xan. Nə faciə? Nağıl elə görək.

      Sadıq xan. Şəhərin ətrafında gəzərkən yolum bir kəlisaya düşdü. Kəlisanın dörd ətrafı xaraba idi. Girdim həyətə. Həyət həmçinin boş, amma bir küncdə balaca daxmada gördüm, bir qoca kişi yapıncı altında yatıb və yanında da qoca bir erməni əyləşib. Bunların bu xaraba yerdə olmaqları mənə çox təəccüb gəldi. Ermənidən sual elədim ki: “Burada nə qayırırsınız və bu yapıncı altında yatan kimdir?” Erməni bir dərin ah çəkib cavab verdi ki: “Bu şəxs bir böyük vücud idi. 40 il bunun adı cəmi məşriqzəmində77 ehtiramla çəkilib. Ömrünün axırında buna bədbəxtlik üz verdi. Mülkünü, malını, rəiyyətini tarac elədilər. Oğlanları fəryadına yetişmədilər. Bu yapıncının altında yatan Gürcüstan padşahı II İraklidir”. Doğrusu, özümü saxlaya bilməyib, biixtiyar ağladım. Atın başını çöndərib yola düşdüm.

      Mustafa xan. Bəs niyə əsir eləmədin?

      Sadıq xan. Məgər insafdır, bir evi yıxılmış, məmləkəti dağılmış, çırağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən, şah gəlir. (Gedir.)

      Mustafa xan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək.

      Hüseyn xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayacaq və inansa da, ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sirri bizə açdı, nə rəvadır, yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sifət deyil.

      Gedirlər.

      Ağa Məhəmməd şah Qacar (Vəziri Hacı İbrahim xanla daxil olur). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərdiyim hakimi öldürüblər. Əlbəttə, o camaata gərək böyük tənbeh olsun, bir də bu cürəti eləməsinlər.

      Hacı İbrahim xan. Hakim camaata çox zülm eləyirdi. Camaat da dada gəlib bu əməli tutub.

      Ağa Məhəmməd şah Qacar. Mən ki o hakimi zülmünə görə əzl78 eləmişdim.

      H a c ı İ b r a h i m x a n. Bəli, qurban. Sizin bu mərhəmətiniz camaatı cürətə gətirib. Odur ki, hakimi öldürüblər. İndi Şirvan camaatı ağsaqqalları hüzuri-aliyə göndərib, üzr istəyirlər. Təvəqqe edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyyətlə dərbari-aliyə gəlib.

      Ağa Məhəmməd şah Qacar. Şirvan əhlinə xəbər göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində baqi qoyuram. Xanlar hamısı buradadırlarmı?

      Hacı İbrahim xan. Bəli, qurban.

      Ağa Məhəmməd şah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm, o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, İrəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlartək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədası onun qulaqlarına çatmayıb?

      Hacı İbrahim xan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qələsində möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin göndərdiyi fərdə cavab yazmışdı:

      Gər nigahdari-mən anəst ki, mən midanəm, Şişəra dər bağəli-səng nigah midarəd.79

      Ağa Məhəmməd şah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir.

      Hacı İbrahimxan. Bəli, qurban. Onun təbinə və kamalına söz ola bilməz.

      Ağa Məhəmməd şah Qacar. Buyur, sərkərdələrin və xanların hamısını buraya çağırsınlar. (Hacı İbrahim xan gedir.) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarıq Qarabağ üstünə. Amma mən yenə ümidvaram ki, İbrahim xan özü peşman olub, beyətə gələ. (Sərkərdələr daxil olurlar.) Həzərat, budur, neçə müddətdir, biz çalışırıq və çalışmağımızın da nəticəsi aşkardır. Bunun hamısı əvvəl Allahın tövfiqindəndir və sonra sizin rəşadətinizdən. İndi bizim bir ağır səfərimiz qalıb, o səfər Xorasan səfəridir. Gərək buradan Xorasana yola düşək. Mən belə güman edirəm ki, Xorasanı davasız alaq. Çünki nə Nadir Mirzə və nə atası kor Şahrux bizim müqabilimizə çıxa bilməyəcəklər.

      Sadıq xan. Qibleyi-aləm, biz hamımız indiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırıq qulluq etməyə. Xorasanın alınmağına da şəkk ola bilməz və dava olsa da, eyib etməz. Çünki əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqir, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm.

      Ağa Məhəmməd şah Qacar. De görüm, Sadıq xan.

      Hacı İbrahim xan daxil olur.

      Sadıq xan. Qibleyi-aləm, bu yerin ki, biz düşmüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını