Mehdi. Bir təvəqqem var, mirzə, qorxuram, əmələ gətirə bilməyəsən.
Mirzə Heydər. Hacı, belə sözləri buyurmayın. Bəndəni ölümə də göndərsəniz, boyun qaçırmaram. Siz ki məni ölümə göndərməyəcəksiniz?
Hacı Mehdi. Di onda qulaq as, deyim.
Mirzə Heydər. Bəli, buyurun, hacı ağa.
Hacı Mehdi. Bax, mirzə, mən dünən hamamdan qayıdan vaxt bir arvad tayfasına rast gəldim. Hava da bir az külək idi. İttifaqən külək arvadın başından çadırşəbini atdı, arvadın üzünü açdı. O vaxt mənim halətim dəyişdi və özümü bilmərrə itirdim. Guya ki, məni qalxızıb ikiəlli vurdular yerə. Bu çanacan əqlim başıma gəlməyib. Vallahi heç bilməyirəm, evə necə gəldim, çıxdım. İndi mənim də səni çağırmağımın səbəbi budur ki, gərək mənə bu işdə bir çarə tapasan ki, mən o övrəti alım.
Mirzə Heydər. Xub, hacı. Əvvəl gərək bilmək o, qızdır, ya yox? Və bir də kimin qızıdır? Bəlkə, ərdədir?
Hacı Mehdi. Mən gəldim evə yarımcan. O saat adam göndərdim, Gülpəri qarını çağırdım və övrətin bir para nişanələrini ona dedim. Deyən kimi bildi və dedi ki, o qız qəssab Nəbinin qızıdır. Adı da Güllü və özü də qızdır. Bax, mirzə, imdi aman günüdür, mənə bir əlac eylə. Əlindən gələni müzayiqə eləmə. Sənə bir yaxşı xələt verrəm.
Mirzə Heydər (əlini aparır alnına və bir az fikrə gedir). Bir adam göndərin, hacı, bircə Gülpərini buraya çağırsın, görək nə tövr edərik.
Hacı Mehdi(üzünü tutur qapıya). Ay gədə, Qiyas! (Qiyas daxil olur.) Get, Gülpəri qarıya deyilən, “ağam səni çağırır, səninlə işi var”, tez deyilən, gəlsin. Genə bayaqkı kimi kələm almağa getmə. (Nökər gedir.) Yaxşı, mirzə, indi fikrin nədir?
Mirzə Heydər. Hacı, bunun bir fikri yoxdur. Çox asan işdir. Amma bir zad var ki!
Hacı Mehdi. Nədir o zad, de görüm.
Mirzə Heydər. Hacı, bağışlayınız, sizin Allaha şükür, bir parça yeməyə çörəyiniz var, övrətiniz var, dörd nəfər, Allah saxlasın, uşaqlarınız var. İndi sizin iki arvad nəyinizə lazımdır?
Hacı Mehdi. Ay mirzə, mən səni buraya vəz verməyə çağırmamışam. Əgər bu işə əl qoya bilərsən, qoy. Yox, qoymayacaqsan, onu de. Dəxi mənə vəz vermək lazım deyil.
Mirzə Heydər. Ay hacı, dəxi nə üçün acığınız tutur? Bir söz idi, dedim, hər nə buyurursunuz, yerinə yetirrəm.
Hacı Mehdi. Dəxi mən bir zad bilmirəm, ancaq bu işdə hər nə kələyin var, işlət.
Gülpəri (daxil olur). Salaməleyküm, hacı, qadan alım, genə nə olub məni yadına salıbsan, nə qulluğun var?
Hacı Mehdi. Gəl otur, indi görərsən, nə qulluğum var. Qulluğum çoxdur. (Gülpəri əyləşir qapının ağzında. Hacı üzünü tutur mirzəyə) Bu da Gülpəri!
Mirzə Heydər (əlini salıb cibinə, kağız, qələmdanı çıxarır). Hacı, hərçənd mən bu işə əl qoyaram, ancaq qorxuram ki, sonra cəmi təqsiri, günahı mənim boynuma qoyasınız.
Hacı Mehdi. Ay rəhmətliyin oğlu, dəxi artıq söz lazım deyil, işini gör.
Mirzə Heydər (Gülpəriyə). Gülpəri, bilirsən, hacı istəyir, qəssab Nəbinin qızı Güllünü alsın. Ondan ötrü səni çağırmışıq ki, gedəsən, qəssab Nəbinin arvadının yanına elçiliyə. İndi hər nə deyəcəksən, nə tövr söz açacaqsan, o sənin işindir. Onu sən yaxşı bilirsən. Elə ki işi qurtardın, hacı sənə bir yaxşı xələt verəcək.
Gülpəri. Ay başına dönüm, qəssab Nəbinin arvadı bir lovğa şeydir, o heç indiyə kimi gözəl-göyçək cavan oğlanları bəyənməyib, onlara qız verməyib. İndi mən ora getsəm, vallahi məni it ilən qovarlar. Deyərlər ki: “Ay kaftar, bizim qızımız qırmızı saqqallı, qoca kişinin tayıdır?!” Hərçənd hacı dövlətlidir, amma genə qəssabın arvadı günü üstünə qız verməz.
Mirzə Heydər. Bəs mən nəçiyəm? Mən elə iş görərəm ki, heç bir söz deməzlər.
Gülpəri. De görüm, nə eylərsən, əlinə ağac alıb gedib onlar ilə dava edəcəksən?
Mirzə Heydər. Sən ağzına gələni söyləmə, sözümə qulaq as. Mən indi üç dua yazaram: birini qoyarsan dilinin altına, onda sən hamısına şirin görünərsən. Heç kəs sənə yaman söz deməz və bir də bir dua yazaram onu it tükü ilə, ancaq qara it olsun və pişik tükü ilə bir yerdə qəssabın qapısından girəndə basdırarsan və üçüncü duanı qoyarsan suya, bir gecə qalar suyun içində. Sübh, gün çıxmamış bir almanı üç dəfə salıb çıxardarsan o suyun içinə və qalan su ilə üzünü yuyarsan və almanın da bir parçasını bir tövr qəssabın qızına, bir parçasını da anasına verərsən, sonra iş düzələr, gedər. Di imdi səbir elə, duaları yazım. (Başlayır yazmağa.)
Gülpəri. Yaxşı, yaz görək, necə olar.
Hacı Mehdi. A Gülpəri, bu işi düzəltsən, məni özünə borclu elərsən. Sənə elə bir xələt verərəm ki, heç misli olmasın və hansı çitdən özün bəyənsən, tuman alaram. Ala, qabaqca də sənə bir az xərclik verim. Allah qoysa, iş ki düzəldi, səni razı edərəm, necə ki, xahişin.
Gülpəri (pulu alır). Allah oğlunu saxlasın. Allah qoysa, hacı, mirzə duaları yazar, apararam, yəqin ki, düzəldərəm. Sonra, hacı, səndən bir zad təvəqqe edəcəyəm.
Hacı Mehdi. Nədir, de görüm?
Gülpəri. Mənim kiçik oğlum evdə bikar oturub. Xahiş edirəm ki, onu götürün, burada sənə xidmət eləsin. Mən də sənin canına nə qədər ömrüm var, duaçı ollam.
Hacı Mehdi. O da baş üstə, dəxi nə qulluğun var? Elə yaxşı oldu. Bu nadürüstü qovaram, sənin oğlunu saxlaram. Sənin oğlun yaxşı oğlandır.
Mirzə Heydər. Hə, Gülpəri, duaları yazdım. Dur gəl irəli. (Gülpəri gəlir mirzənin yanına) Bax, bu duanı qoyarsan dilinin altına, bu birini də it-pişik tükü ilə basdırarsan qəssabın darvazasının ağzında. Bunu da…
Gülpəri. Mirzə, başına dönüm, pişik də gərək qara olsun?
Mirzə Heydər. Yox, pişik hər rəng olsa, olsun, ancaq pişik olsun. Bunu da…
Gülpəri. Dedim, birdən deyərsən, pişik də gərək qara olsun. Onda mən qoca arvad pişiyi haradan qova-qova tutacağam? Amma yaxşı oldu, öz evimizdə bir dənə boz pişik var, elə onun tükündən yolaram.
Mirzə Heydər. Yaxşı, dəxi bəsdir, qulaq as, gör nə deyirəm. Bax bunu da suya salıb, içinə bir dənə alma salginən və suyu ilə də üzünü yuyarsan, başa düşdünmü?
Gülpəri. Niyə başa düşmədim, a başına dönüm?
Mirzə Heydər. Bax dəyişik salmayasan, hər birini öz yerinə qoy.
Gülpəri. Niyə dəyişik salıram, uşaq deyiləm ki.
Mirzə Heydər. Di get.
Gülpəri istəyir getsin.
Hacı Mehdi. Amma, Gülpəri, bax dəxi mən demirəm, nə tövr elə, nə tövr eləmə. Amma əlindən gələni müzayiqə eləmə.
Gülpəri. Ay hacı, başına dönüm, mənim