Абдурагим-бек Ахвердов

Ac həriflər


Скачать книгу

Rusiyanın 35000 qoşunu müqabilində əlahəzrətin 80000 qoşunu var. Bir belə qoşunun müqabilində Rusiya qoşunu məgər davam edə biləcək?

      Ağa Məhəmməd şah Qacar. Dayanmayın, gedin, qoşunu hazır edin!

      Sərkərdələr gedirlər.

      Fərraşbaşı (daxil olur). Qibleyi-aləm buyuran tək edib, yaqutu aldıq. (Yaqutu verir.)

      Ağa Məhəmməd şah Qacar. Öldü, ya sağdır?

      Fərraşbaşı. Xeyr, qurban, sağdır, amma canı azdır.

      Ağa Məhəmməd şah Qacar. Ona gedib deyərsən ki, əziyyətinə səbəb özü oldu və sabah göndərərsən, getsin Mazandarana. (Fərraşbaşı çıxır.) Hacı İbrahim xan! Hacı İbrahim xan. Bəli, qurban.

      Ağa Məhəmməd şah Qacar. Mən sərkərdələrə dediyim sözləri eşitdin?

      Hacı İbrahim xan. Bəli, qurban, eşitdim!

      Ağa Məhəmməd şah Qacar. Sən yəqin eləyibsən ki, mən dediyim tək eləyəcəyəm?

      Hacı İbrahim xan. Əlbəttə, gərək qibleyi-aləmin xahişi əmələ gələ.

      Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim! Mən səni indiyədək çox aqil şəxs hesab edirdim. Amma heyif, sədd heyif mənim zənnimə! Mən güman eləməzdim ki, sən də mənim sərkərdələrimtək ağılsızsan. Sənintək aqil şəxs heç xəyal edə bilərmi ki, mən aparım öz başımı Rusiyanın fulad84 divarına döyüm və ya qoyun sürüsünə bənzər qoşunumu aparam Rusiyanın müntəzəm qoşununun top-tüfənginin qabağına verəm. Mən bilirəm, nə eləyəcəyəm. Bir rus gülləsi mənim qoşunuma çatmayacaq. Qoy Rusiyanın qoşunu nə qədər yeriyəcək, yerisin! Lənkəranla Tehranın arasını biyabana döndərəcəyəm, hər nə tapsalar, alsınlar. Gəl dalımca!

      Gedirlər.

PƏRDƏ

      Beşinci məclis

ƏHLİ-MƏCLİS

      Ağa Məhəmməd şah Qacar

      Hacı İbrahim xan

      Sadıq xan

      

      Bir nəfər sərkərdə

      Şuşa qələsi. Məhəmməd Həsən ağanın evində Ağa Məhəmməd şahın mənzili. Məclis ortadan iki bölünüb: sağ tərəfdə Səfərəli və Abbas bəy pişxidmətlərin otağı, sol tərəfdə Ağa Məhəmməd şah Qacarın yatacaq otağı. Otağın ortasından qırmızı ipək pərdə çəkilib. Pərdənin dalında Ağa Məhəmməd şah Qacarın taxtı qoyulub. Ağa Məhəmməd şah Qacar döşək üstündə əyləşib, yanında piysuz85, qabaqda Hacı İbrahim xan ayaq üstündə durub.

      Ağa Məhəmməd şah Qacar. Doğrudur, Hacı İbrahim xan, bir şəxsi ki Allah ucalda, onu məxluqat heç vəchlə aşağı sala bilməz və bir şəxsi ki Allah aşağı sala, cəmi maxələqəllah yığıla, ucalda bilməz. Əgər, xudanəkərdə, bizim qoşunumuz rus qoşunu ilə rubəru gələydi, bir atlımız qalmazdı və Allahın əli mənim üstümdə olmasaydı, indi rus cümlə İrana malik olmuşdu. Qəzanın işini gör. Dava əsnasında imperatriçə vəfat edir, yerinə oğlu əyləşir və o da hökm edir ki, İran üstünə gedən qoşun geri qayıtsın. Çox böyük xoşbəxtlikdir, Hacı İbrahim xan.

      Hacı İbrahim xan. Bəli, qurban. İnşallah, həmişə Allahın tövfiqi qibleyi-aləmin üstündə olacaq.

      Ağa Məhəmməd şah Qacar. Mən necə ki yəqin etmişdim, elə də oldu. Şuşa qələsinə davasız malik olduq. Heyif ki, İbrahim xan ələ keçmədi. Amma ümidvaram ki, bu gün İbrahim xanın ya özü və ya başı gələ. Onun dalınca gedən 2000 adamın əlindən haraya qaça biləcək? O şair Molla Pənah necə oldu?

      Hacı İbrahim xan. Qibleyi-aləm, zindana salıblar.

      Ağa Məhəmməd şah Qacar. Xub, sabah, mənə yazdığı fərdin ləzzətini ona göstərərəm.

      Hacı İbrahim xan. Qibleyi-aləm, deyirlər, Molla Pənah gecə vaqiə görüb, deyirmiş ki: “Məni Ağa Məhəmməd şah öldürə bilməyəcək”.

      Ağa Məhəmməd şah Qacar. Nə eləyim, cümə axşamı olmayaydı, onun vaqiəsinin doğru olmağını ona sübut edəydim!.. Amma İbrahim xan ələ keçməsə, mən rahat ola bilməyəcəyəm.

      Hacı İbrahim xan. Qibleyi-aləm, İbrahim xan quş da olsa, 2000 rəşid atlının qabağından heç bir yana qaçıb qurtara bilməz.

      Ağa Məhəmməd şah Qacar.Allah sən deyəni eləsin. Hacı, dəxi get, rahat ol. Məni tək qoy, yatmaq vaxtı yaxınlaşır. Şam namazı qılım. (Hacı çıxır, şah canamaz gətirib istəyir açsın. Bu halda Sadıq xan daxil olur). Nə var? Niyə gəldin.

      Sadıq xan. Qibleyi-aləmin fərmayişinə görə gəlmişəm.

      Ağa Məhəmməd şah Qacar. Kim yetirdi sənə mənim fərmayişimi?

      Sadıq xan. Səfərəli.

      Ağa Məhəmməd şah Qacar. Buraya çağır onu. (Sadıq xan çıxır.) Məgər bu biinsaflar məni bir dəqiqə rahat qoymazlar? (Səfərəli daxil olur.) Nə vaxt mən sənə dedim, get, Sadıq xanı çağır?

      Səfərəli. Yarım saat bundan əqdəm.

      Ağa Məhəmməd şah Qacar (qəzəbli). Yalan deyirsən, namərbut!

      Səfərəli. Ola bilər ki, mənim qulaqlarım qibleyi-aləmin fərmayişini düzgün eşitməyibdir.

      Ağa Məhəmməd şah Qacar. Bir qulaqlar ki, mənim fərmayişimi dürüst eşitməyələr, mənə lazım deyillər. Get, cəllada deginən, qulaqlarının ikisini də kəssin. (Səfərəli çıxır. Sərkərdə daxil olur.) Hə, necə oldu?

      Sərkərdə. Qibleyi-aləm, Tərtər çayının kənarında yetişdik İbrahim xana. Üstündə 5000-dən ziyadə atlı var idi. Çox dava elədik və İbrahim xanın qoşunundan da çox qırdıq. Amma çox olmaqlarına görə bizə faiq gəldilər. Xanı ələ gətirə bilmədik. Qaçdı Car Biləkan86 tərəfə.

      Ağa Məhəmməd şah Qacar. Yalan deyirsən, namərbut! Doğrusunu de görüm, dava eləyibsən, ya yox? İbrahim xan haradan alırdı 5000 qoşunu? Sən bilirsən ki, bu neçə ilin müddətində Qarabağın adamları bir halətə düşüblər ki, qollarından tutan olmasa, yatdıqları yerdən dura bilmirlər. Doğrusunu de görüm, dava eləyibsən, ya yox?

      Sərkərdə. Qibleyi-aləm, necə ki ərz elədim, elədir.

      Ağa Məhəmməd şah Qacar (durur ayağa). Yalan deyirsən, yalan deyirsən! İbrahim xan 200 adamdan artıq aparmayıb! Qorxub qaçıbsınız! Doğrusunu de! Yoxsa, and olsun Allaha, ətini tikə-tikə kəsdirib gözünün qabağında yandıracağam!

      Sərkərdə. Sahibi-ixtiyarsınız, qibleyi-aləm. Amma necə ki ərz elədim, o növdür.

      Ağa Məhəmməd şah Qacar. Apardığın adamdan nə qədər qırılıb?

      Sərkərdə. Qoşun hamısı salamat qayıdıb.

      Ağa Məhəmməd şah Qacar. Get! Məlum oldu! Sabah sən də və sənin qoşunun da lazımi ənamınızı alarsınız. (Sərkərdə gedir.) Qalsın sənin tənbehin sabaha. Görünür, qarabağlıların küyündən qorxub qaçıblar. Dəxi bilmirlər ki, ölümdən