Абдурагим-бек Ахвердов

Hekayələr


Скачать книгу

yenə "gördüm" demir. Sənə varlılarla tarazıya girmək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat!

      – Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır.

      Həsən ağanın rəngi dəyişdi:

      – Nə demək istəyirsən, bu eyhamların mənası nədir?

      – Bir məna yoxdur, ağa! Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar56 ediniz. Nə vaxtda sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun məni qovsunlar. Bağışlayın, başağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, Hacı Qulu.

      Mirzə Səfər getdi. Həsən ağa Hacı Quluya:

      – Görürsən, Hacı, xalq nə payədə57 qudurub?! Hər qor- qoduq özünü adam cərgəsinə qoşur. Buna deyən gərək: "Ay qoturun biri, sən neyləyirsən ali təhsil görmüş oğulu? İki oğlun məktəbi tamam edib, çox gözəl, hərəsini bir işə qoy, səni dolandırsınlar". Camaat gəldikcə qudurur. Verdiyi cavaba bax!

      Həsən ağa ovqatı təlx qalxıb getdi evinə.

      İki aydan sonra Mirzə Səfərin böyük oğluna tədarük görüb Rusiyaya yola saldılar. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol və müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi.

      Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə. Müəllimlikdə böyük qabiliyyət göstərdiyinə işləri günü-gündən tərəqqi etməkdə idi, qardaşına nəinki artığınca pul göndərirdi, hətta aybaay bir qədər də öz gələcəyi üçün kənara qoyurdu.

      Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi.

      Bir-iki gündən sonra Həsən ağa Mirzəni bazardan keçən görüb çağırdı:

      – Mirzə Səfər, bir buraya zəhmət çək.

      Mirzə gələndə onun əlini bərk sıxdı:

      – Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır, ona deginən, bir mənim yanıma gəlsin, deginən, əmin xahiş edirdi ki, sabah axşama çaya qonaq gələsən.

      Mirzə təəccüblə ağanın üzünə baxdı:

      – Bilirsiniz, ağa, mənim oğlum bu saat məndən ağıllıdır. Mən ona heç bir məsləhət görə bilmərəm, öz təklifini özü yaxşı bilir.

      – Sən ona deginən, oğlun Yevropa adətlərinə, yəqin, bələddir, özü bilir ki, ağsaqqallara vizit vermək lazımdır.

      – Baş üstə, deyərəm. Xudahafiz.

      Həsən ağa dübarə Mirzəyə əl verdi.

***

      Mirzə Səfər ölüm bəstərində58 idi. Böyük oğlu təbib bir yanında əyləşib tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca atasına dərman içirdirdi. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi: əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı.

      Mirzə gözlərini açdı.

      – Balalarım, yavuğa gəlin, əlinizi mənə verin.

      Oğlanlarının əllərini aldı əllərinə:

      – Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da, Həsən ağa kimi adamlara gedib yalvarmayın. Onuntək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dolanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq onda etibar gördüm.

      Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu.

      Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün tamam şəhərin tüccarı59, əyanı onun dəfnində iştirak edirdilər. Hətta Həsən ağa da təşrif gətirmişdi.

      Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sər-səlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. O adam usta Zeynal idi.

      ŞEYX ŞƏBAN

      – Şeyx Şəbanı siz tanıyırsınızmı?

      – Xeyr!

      – Heyif, sədd heyif. Mən haman o Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə məscidinin qabağında əyləşib pinəçilİk edirdi. Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları yığıb, qəlibə vurub, yamayıb ucuz qiymətlə – cütünü bir abbasıdan, altı şahıdan satardı. Fəqir-füqəranın ayaqqabıları hamısı ancaq Şeyx Şəban əməli olardı.

      Deyəsən, yavaş-yavaş yadınıza düşür? Bir toy, bir ehsan Şeyx Şəbansız keçməzdi. Meyit qabağında Şeyx Şəban: "La hövlə və la qüvvətə", – deyəndə səsi şəhərin o biri qapısında eşidilirdi. Hər sabah tezdən durub, enib, sübh namazını məsciddə qılıb, sonra çıxıb, öz yerində əyləşib peşəsinə məşğul olardı. Günorta və axşam azanını da verməyi özünə fərz hesab edərdi. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah! Azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi.

      Şeyx Şəban gödəkboylu, uzunsaqqallı bir kişi idi. Baharda, yayda abaya60 bürünərdi və qış fəslində çiyninə bir Xorasan kürkü salardı. Bir nəfər deyə bilməzdi ki, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyildi. Otuz il bir abada gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan korluq verməzdi.

      Rəng və hənanı da həmişə əttar Kərbəlayı Məqsuddan alardı. Hər adamın satdığı hənanı bəyənməzdi. Düşəndə də deyirdi ki, Kərbəlayı Məqsudun hənası cəmi İranda tapılmaz! Gör nədir ki, qazı ağa özü də onun hənasını işlədir və dəlilinin də ki müqabilində heç bir irad ola bilməz. Yemək tərəfindən həmçinin Şeyx Şəban özünə korluq verməzdi. İlin çox hissəsini toylarda, ehsanlarda plov yeyərdi. Fəqət plov olmayan günü də hökmən gərək bir abbasılıq ət alıb göndərəydi evə, ta arvad axşam abgüşt bişirsin. Əti də Şeyx Şəban qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Nisyə ət alıb əlinə pul keçdikcə hesablaşardı. Ondan əlavə, düşəndə axşamlar yemişdən, üzümdən, qarpızdan alıb özü abanın altında evə gətirərdi.

      Şeyx Şəban belə Şeyx Şəban idi.

      Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur