Абдурагим-бек Ахвердов

Hekayələr


Скачать книгу

olan cəmiyyəti-xeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi.

      Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcəklər, pul verməsələr, hər ikisini məktəbdən xaric edəcəklər.

      Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin yanına getdi. Müdir dedi:

      – Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum olsa da, mənim əlimdən bir iş gəlməz, sizin oğlanlarınız hər ikisi yaxşı oxuyur. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. İş onun əlindədir.

      Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb, o da qeyzlənib cəmiyyəti-xeyriyyə iclasında deyibdir ki, Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. İclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı:

      – Ağa, Mirzə Səfər yazıq deyilmi, biz hamımız onun vəziyyətinə bələdik, bu zülmü onun haqqında gərək siz etməyəydiniz.

      Ağa cavab verdi:

      – Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz?! Nə adama etina edir, nə də salam verir, guya bu adamların hamısı onun nökəridir. Yəqin, yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan çinovniklər kimi adamın yerini bilər.

      Mirzə Səfər məyus evə qayıtdı.

      Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda Mirzə dedi:

      – Nə eləyim, ay arvad, bugün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ondan sonra mən onların üzlərinə nə gözlə baxacağam? Həsən ağanın evi yıxılsın, mənim evimi o yıxdı.

      – Qəm eləmə, kişi, sən ki özün şkola görməyibsən, yenə bir parça çörəyin var. Uşaqlar ki az-çox oxuyublar, çörəksiz qalmazlar.

      – Mən yediyim məgər çörəkdir? Zəhrimar o çörəkdən yaxşıdır. Sabah qulluqdan çıxarsalar, acından ölməyə məcbur olacağam. Həsən ağa kimi zalımın biri getdi, naçalnikdən xahiş elədi, bir də görəcəksən, papağımı qoltuğuma verib saldılar eşiyə. Oğlanlarımı mən avara görsəm, yəqin, özümü öldürərəm.

      Mirzə iştahsız nahar yeyib yatmaq istədi, hərçi çalışdı, yuxusu gəlmədi. Durub, libasını geyinib getdi usta Zeynalın dükanına.

      Həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı:

      – A Mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola?

      – Xeyir olmamış nə var. Elə bir qədər bu gün ovqatım təlx olub.

      – Söylə görək.

      – Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə deyib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqları göndəriblər üstümə və xəbər veriblər ki, ayın on beşinədək qırx manat verməsəm, ikisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən. Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. Hər yarım ildə qırx manat, ildə həştad manat eləyir. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən çıxarılsalar, mən vərəmləyib öləcəyəm.

      Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət gördü.

      Mirzə Səfər neçə dəqiqə usta Zeynalın üzünə baxıb, birdən ayağa qalxıb dedi:

      – Usta Zeynal, bu nə təklifdir mənə edirsən? Mən Mirzə Səfər gedim Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, oğlanlarımın ikisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar.

      Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb, gəlib, Mirzənin boynunu qucaqlayıb üzündən öpdü:

      – Mirzə, mən səni sınayırdım. İndi səndə olan istiqaməti-məcazi aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə, Mirzə Səfər! Bu gündən sonra mən malımı, canımı sənin kimi dostun yolunda qoyaram. İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir, indi bir az da ağırlaşacaq. Mən də ki saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birisininkini də mən çəkim. İldə həştad manat sənin üçün ağır yükdür. Amma qırx manat döy-sındır düzəldərsən. Mənim də gücüm çatar.

      Mirzə Səfər usta Zeynalın boynunu qucaqlayıb başladı üzündən öpməyə. Bir də usta Zeynal baxıb gördü ki, Mirzə Səfərin gözlərindən yaş axır.

      – Ağlamaq lazım deyil, Mirzə, sən indiyədək heç kəsdən minnət götürməyibsən. Amma mən səninlə iyirmi ildən artıqdır ki, dostam, bu mənim qardaşlıq töhfəmdir. Əmi qardaşı oğluna töhfə verəndə nə olar?

      Usta Zeynal qarşısındakı çayçını səslədi. Çayçı iki stəkan çay gətirib, qoyub getdi.

      – Mirzə, çay iç, ürəyin toxtasın. Dünyadır, belə də getməz.

      Mirzə çay içib, bir qədər də usta Zeynalla söhbət edib gəldi evə. Ayın on beşində Mirzənin oğlanları qırx manat aparıb məktəb haqqı verdilər.

***

      Mirzə Səfərin oğlanları ikisi də bir ildə məktəbi tamam etdi. Bu münasibətlə Mirzə bir plov verdi. Məlum ki, qonaqlarının əzizi usta Zeynal idi.

      Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə usta Zeynalı şama dəvət etdi. Çörək yedikdən sonra Mirzə üzünü usta Zeynala tutdu:

      – Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Mənim bunları ali məktəbdə oxutmağa qüvvəm çatmaz. Sən də indiyədək mənə beqədri-məqdur54 kömək edibsən. İndi bir tədbir lazımdır.

      Usta Zeynal fikrə getdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzünü tutub dedi:

      – Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən?

      – Yox, oğul, gücüm çatmaz. On manat, bəlkə… Bəs sən?

      – Mən bir belə fikir eləmişəm, qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaqlarına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qurtarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə, mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin on manatına ehtiyac olmadı.

      Bu məsləhəti hamı xoşladı.

      Bir gün Mirzə Səfər Rastabazardan ötərkən qulağına səs gəldi:

      – Mirzə Səfər, Mirzə Səfər!

      Dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub, oradan əl edir.

      Mirzə, Həsən ağaya tərəf getdi.

      – Ağa, nə buyurursan? Hacı Qulu, salaməleyküm!

      Həsən