Feyzulla bomba pirnesom.
Patap İvana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qalabəyinə, qalabəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini kazak, soldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
– Kimsən?
Dedilər:
– Aç qapını.
Qapını açantək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, bəs niyə buyurubsunuz?
Dedilər:
– Danışma, gərək sənin evin axtarılsın!
Gecəyarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.
Kərbəlayı Zal çuvalları görəntək qışqırdı:
– Barin, vot, vot bomba!
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzullanı da qolları bağlı bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:
– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib, çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
Səhər Kərbəlayı Zalı qulluqdan xaric etdilər.
MİRZƏ SƏFƏR
Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşiq idi. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı.
Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb şeir öz-özünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar.
Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübalı sifət verib aynaya baxdı və dedi:
– Afərin, Səfər, indi xalis şairsən!
Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri də qızarıb, daha şairliyinə şəkk ola bilməzdi.
Stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürdü, dörd-beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Hərçi fikir etdisə, şeiri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı. Əyləşib, qələmi alıb gözəl xətlə yazdı:
Darvazamızı fələk vurubdu!
Mirzə Səfər hərçi çalışdısa, ikinci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın hamısını içdi, misra gəlmədi ki, gəlmədi.
Mirzənin atasının evində saat birdə nahar yeyilirdi. Bu dəfə saat bir oldu, ikidən addadı, Mirzə nahara gəlmədi. Atası təşvişə düşüb otaqdan çıxdı. Oğlunun pəncərəsinin yanından ötərkən nə gördü: oğlunun sifəti nartək qızarmış, gözləri böyümüş, başı, libası pəjmürdə, tər alnından sel kimi axır, otaqda obaş-bubaşa dayanmadan yüyürür, hərdənbir otağın ortasında dayanıb, ayaqlarını hirslə yerə çırpıb deyir: "Darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu!"
Atası qapını açıb otağa daxil oldu:
– Ay oğul, bu nə halətdi səndə?
Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: "Darvazamızı fələk vurubdu!"
Yazıq kişi yəqin etdi ki, oğlunun başına hava gəlib. Stola tərəf yavuqlaşıb, kağızda yazı görüb oxudu:
"Darvazamızı fələk vurubdu!"
Burada atası anladı ki, oğlu şairlik fikrinə düşüb, divanəlik haləti yoxdur. İrəliləyib, oğlunun boynundan yapışıb dedi:
Darvazamızı fələk vurubdur!
Səntək bişüuru mənə veribdir.
– Gəl, axmaq balası, naharını zəhrimarlan. Nə qədər məndən şair oldu, bir elə səndən olar.
Oğlunu otaqdan çıxarıb apardı nahara.
Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Qızın anası Mirzənin anasını çox hörmətlə qəbul etdi. Ancaq cavab verdi ki, qızın ixtiyarı atasının əlindədir, atası gələr, söylərəm. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Bir pislikdə adı çəkilməz, axşam kişi ilə danışıb cavab göndərərəm.
Mirzənin anası xatircəm evə qayıtdı.
Qız qapının dalında durub danışığa qulaq asırmış. Anası qonağı yola salıb qayıdanda qızını gözüyaşlı görüb xəbər aldı:
– Ay qızım, nə olub sənə, niyə ağlayırsan?
Qız cavab verdi:
– Anacan, danışdığınızın hamısını eşitmişəm, məni atamın başına çevir, qurban kəs, məni tikə-tikə doğra, itlərə ver, amma məni bədbəxt eləmə.
– Ay qız, Səfər necə oğlandır, niyə xoşuna gəlmir?
– İstəmirəm, anacan, qurbanın olum.
– Hələ bir şey yoxdur, o almadı, biz də vermədik, bəlkə, heç atan razı olmayacaq.
Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqir, başıaşağı bir oğlandı, vurub-yıxan deyildi, belinə tapança bağlayıb, əlini belinə, papağını gözünün üstünə qoyub gəzməzdi. Birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də mövzun49 deyildi. Belə adamları qızlar sevməzdilər.
Axşam qızın atası bazardan gəldi. Arvad əhvalatı nağıl etdi. Kişi bir az fikir edib dedi:
– Arvad, Səfər pis oğlan deyil, atası da bir abırlı kişidir. Ancaq biz ona qız versək, gərək iki ev saxlayaq, qızımızı