şəxsin boynuna qıyıq girmişdi. Allah imanını kamil eləsin, Gülsüm xala sağaltdı.
Gülsüm xala da belə Gülsüm xala idi.
Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Gülsüm xalanın sinni əlli beşinə yaxınlaşırdı. Bu iki ər-arvadın bir-birinə olan məhəbbəti dillərdə deyilirdi. Hər sübh Gülsüm xala Şeyx Şəbandan tez oyanıb, yerindən qalxıb samovar hazır edərdi. Samovar qaynayantək otağın ortasına çəhrayı rəng, hər iki tərəfinə "məclis arast62" yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəkdən süfrəyə düzüb ərini oyadardı.
– A kişi, daha durginən, azanın vaxtı keçir.
– Bu saat durram, çay hazırdırmı?
– Əlbəttə hazırdır. Məgər özün bilmirsən ki, mən çay dəmləməmiş səni oyatmaram?
Şeyx Şəban arvadının adətini bilə-bilə yenə hər sübh ona bu sualı verərdi. Çünki arvadının cavabı ona ləzzət verirdi və ürəyində də fəxr edirdi ki, onun belə qeydinə qalan arvadı var. Şeyx Şəban cəld durub, dəstəmaz alıb, iki stəkan çay içib qalxırdı ayağa. Arvadı isə tez durub ərinin başmaqlarını cütləyib abasını, ya kürkünü çiyninə salıb, darvazayadək ötürüb qayıdardı otağa. Hər cümə axşamı şeyxin saqqalına həna qoyub, qoz yarpağı yapışdırıb və atası evindən gətirdiyi cehiz hənabəndi ilə bağlardı və gecəyarısı onu hamama göndərərdi. O idi ki, Şeyx Şəbanın saqqalı həmişə şəvətək olardı. Özü də cavan oğlana bənzərdi.
Şeyx Şəbanın atası başmaqçı idi. Özü də bir neçə müddət atasının dükanında başmaqçılıq edib, axırda peşəsini unudub, bir neçə avara yoldaş tapıb qurşandı cahıllığa. Toylarda hamıdan yaxşı oynayan kim idi? Başmaqçı oğlu Şəban. Qumarbazlar arasında ürəkli aşıq atan kimi idi? Başmaqçı oğlu Şəban. Şəhər cavanları arasında hamıdan igid sayılan kim idi? Başmaqçı oğlu Şəban. Hər il məhərrəm ayında məhəllə dəstəsinin başını kim çəkərdi? Başmaqçı oğlu Şəban. Bağışlayın, mən sizin gözlərinizdə sual nişanəsi görürəm, guya siz sual edirsiniz: aya, bu cavan ki, avara idi, bəs bu, haradan pul qazanırdı ki, toylarda, qumarda, səyahətlərdə xərc edirdi? Mən də sizdən sual edirəm:
– Bəs Xoca Sərkizin ki evi yarıldı, yüz put ipəyi getdi, o ipəyin pulu necə oldu? Hacı Qafarın dükanı yarıldı, on beş min manatlıq malı getdi, o malın pulu kimin cibinə doldu? Baron Arakelin dükanından gedən on min manatlıq cavahirat necə oldu?..
Xülasə, nə ərz edim, mədaxil yolu bir deyil idi, beş deyil idi. Bu evləri, dükanları yaranların hamısının başçısı başmaqçı oğlu Şəban idi. Şeyx Şəban cavanlığında məhəllə oğlanlarının arasında çox gözəl sayılırdı. Özü nağıl edərdi ki, məhərrəm ayında başı açıq dəstə başında durub bazarla gedəndə, "Heydər!" deyib başımı silkələyəndə birçəklərim ki üzümə tökülürdü, cəmi damlardan tamaşa edən arvadların, gəlinlərin, qızların ağılları başlarından çıxardı. Bu əhvalatı ona qonşusu ağıçı Mələk nənə gəlib nağıl edərdi.
Bir gün Şəban evdə əyləşmişdi. Mələk nənə daxil oldu.
– Salaməleyk!
– Əleykəssalam! Mələk nənə, əyləş görək.
Mələk nənə əyilib, əvvəl əllərini yerə dayayıb, sonra “ax, ay vay” edib yanını yerə qoydu. Bir az nəfəsini dərib üzünü Şəbana çevirdi:
– Qadan alım, məni neyləyirdin?
– Dincini al, danışarıq, deyəsən, uzaqdan gəlirsən ki, belə yorulmusan?
– Bəli, qadan alım! Zeynal bəyin evində yasda idim. Evə gələndə nəvəm dedi ki, Şəban əmim səni çağırır. Dincimi almamış buraya gəlmişəm, nə var, xeyir ola?
– Doğrudur, ağıçını şərə çağırarlar, amma mən səni, həqiqət, xeyir işə çağırmışam. Səni bir yerə göndərəcəyəm! Gərək gedib Məşədi Məmmədvəlinin qızını mənə istəyəsən.
– Gedərəm, ayağın altında ölüm, bəlkə, vermədi?
– Ağzı nədir, verməyə? Kimin nə həddi var, mənə qız verməsin? Bilmir ki, bazarın içində atasına od vuraram?
Şəban burada dayanıb bir qədər fikir edib dedi:
– Heç sən qızın atasına söz demə, canı çıxsın. Danışarsan, o da artıq-əskik söylər, mən də, bilirsən ki, dilimin, ağzımın sahibi deyiləm. Axırda görərsən, bir biabırçılıq çıxdı. Sən qızın özü ilə danış. Elə ki razı oldu, gəl mənə xəbər gətir. Daha sənin işin yoxdur… Xərclik də istəyirsənmi?
Mələk nənə bir üçlük alıb cibinə qoyub dedi:
– Qızın nə sözü olacaqdır? Şəhərdə qız yoxdur ki, sənə bənd olmaya. Hələ çox sevinsin ki, sənin kimi oğlan onu istəyir, qızın heç sözü olmaz.
– İndi ki sözü olmaz, iş də düzələr. Sən dayanma, get.
Mələk nənə əvvəl diz üstə çöküb, sonra ayağa dayanıb, əziyyətlə qalxıb yola düşdü.
Baharın axır ayının gözəl gecələrinin biri idi. Şərqdən əsən nəsim güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamət bərpa etmiş idi. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş ay bunların arasında ahəstə-ahəstə məbhut63 gəzib dünyaya tamaşa edirdi. Bülbüllər yanıqlı nəğmələr ilə ürək dərdlərini güllərə söyləyirdilər. Şəhər yatmışdı. Tək bir şəhər pasibanlığı64 edən xoruzlar bir-birlərinə oyaq olduqlarını xəbər verirdilər.
Bu gecə iki nəfərin yuxusu gəlmirdi. Bunların biri başmaqçı Məşədi Məmmədvəlinin cavan qızı Gülsüm idi. O birisinin də kim olduğunu mən deməsəm də, qarelər65 anlarlar. Gündüzdən Şəban ona xəbər göndərmişdi ki, gecə hazır olsun ki, gəlib onu aparacağam. Ona görə Gülsümün rəxtxabına guya od dolmuşdu. İlan vurmuştək qıvrılır-açılırdı və vəd olunmuş fitə müntəzir idi.
Qarelər soruşarlar ki, axı Gülsümü Şəban harada görmüşdü ki, ona belə təəşşüq66 etmişdi?
Yuxarıda söhbət olundu ki, Şəbanın atası başmaqçı idi. Gülsümün atası ilə şərik olduğundan oğlu Şəban uşaqlıqda tez-tez Məşədi Məmmədvəlinin evinə gedərdi. Gülsüm də uşaq olmağına binaən67 qaçmazdı. Məşədi Məmmədvəli həmişə Şəbana deyərdi:
– Yaxşı başmaqçı ol, mən də qızımı sənə verim!
Şəban qızarıb, başını aşağı dikib bir söz deməzdi. Uşaqlıqdan bir məhəbbət toxumu bunların qəlbinə düşüb, gəldikcə kök atıb göyərməkdə idi. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. O gündən Şəban onu görmürdü,