Vahid Çəmənli

Dəli Çəmənli


Скачать книгу

qəmlərinə məlhəmin olar.

      Halal qazancına haram qatmasan,

      Kasıbı, fağırı heç unutmasan;

      Özgənin haqqına əl uzatmasan,

      Sənin HAQQ yanında aləmin olar.

      Bəd dua eləmə bir kimə heç vaxt,

      Kor şeytan önündə dayanıb sərvaxt;

      Uğursuz yollara çıxma baxta-baxt,

      Bu yolda çox dərdin, çox qəmin olar.

      Yaxşıya yaxşı de, pisə pis demə,

      Xeyir söyləyən ol, heç vaxt nəhs demə,

      Bir kimə Xudadan ziyan istəmə,

      Sənə də istəyən bir kimin olar.

      Vahid, pozulmasın əhdin, ilqarın,

      On dörd məsum olsun sevgili yarın;

      Yapış ətəyindən Pərvərdigarın,

      Məhşərdə əlində bir şəmin olar..

Vahid Çəmənli, may 2011-ci il.

      Nəhayət, indi sizə uzun zamanlardan bəri ürəyimdə bəslədiyim arzunu aça bilərəm. Məqsədim Tanrının sevimli bəndəsi Seyid Lazım Ağa haqqında bir yazı yazmaqdır. Uca Allahdan qarşıma qoyduğum məqsədə çatmaq üçün kömək diləyirəm. Hansı yükün altına girdiyimi çox gözəl anlayıram. Adı dillər əzbəri olan, dara düşəndə cəddindən imdad dilədiyimiz, xoş anlarda ruhuna dualar edib rəhmət oxuduğumuz, Azərbaycanımızın hər yerində adı məhəbbətlə çəkilən Seyid Lazım Ağa haqqında yazmaq oğul işidir.

      Niyə mən Ağa haqqında yazı yazmaq fikrinə düşdüm? Səbəbini heç özüm də bilmirəm. 2011-ci ilin ilıq mart günlərindən birində, dostum Mahirlə Çəmənlidə, Seyid Lazım Ağanın məqbərəsini ziyarət elədik, məsciddə iki rükət ziyarət namazı qılıb, ruhuna dualar oxuduq. İşə bax, ağlım kəsəndən bəri adını müqəddəs and yerim kimi bildiyim, ehtiyac içində, sıxıntıda olduğum anlarda – uca Tanrım günahlarımı bağışlasın, – cəddinə pənah gətirərək vəsilə olmasını dilədiyim bir şəxsin məzarı önündə idim. Nə edim ki, Ulu Tanrı bu ziyarəti mənə indi qismət elədi. Nə edim ki, cənnət Qarabağımın paramparça olduğu bir zamanda, ürəyimdən axan qara qanların ağrı-acısını indi Ağa ilə bölüşə bildim.

      Həyətdəki oturacaqların birində oturub, cibimdən çıxardığım kağız parçasına bir sətir yazdım:

      Qiyamətdən betər gündür, ay Ağa…

      Geri qayıdanda yol boyu çox dalğın idim. Dostum Mahir şirin-şirin söhbət edir, səfərimizlə bağlı aldığı təəssüratlarını bölüşürdü. Amma mənim danışmağa həvəsim yox idi. Bayaq kağız parçasına yazdığım sətir yavaş-yavaş ağlımı başımdan alırdı. Kağız-qələmi yenidən cibimdən çıxarıb, elə maşındaca sinəmin odunu onun üstünə tökməyə başladım:

      Qarabağda qara günlər yaşanır,

      Zaman bizi bir-bir çəkir sınağa.

      Torpağımız torba-torba daşınır,

      Qiyamətdən betər gündür, ay Ağa…

      Vətən üçün kasıb, məzlum döyüşür,

      Varlı çəkir yaxasını qırağa.

      Kişilərin qiyafəsi dəyişir,

      Qiyamətdən betər gündür, ay Ağa…

      Baş istəyən meydanımız boş qalıb,

      Nərə səsi daha gəlmir qulağa.

      Əlimizdə güllə deyil, daş qalıb,

      Qiyamətdən betər gündür, ay Ağa…

      Bahar gedib, yay sovulub, qış qalıb,

      Tənha dağlar qalıb qara, sazağa.

      Yaylağımız, yurd yerimiz boş qalıb,

      Qiyamətdən betər gündür, ay Ağa…

      Vətənimdə yağı düşmən gəzirsə,

      Dərdli Vahid necə dözsün bu dağa?

      Haqqın özü haqsızlığa dözürsə, —

      Qiyamətdən betər gündür, ay Ağa…

      Vahid Çəmənli.

      Ağdam, Çəmənli, 06 mart 2011-ci il.

      Axırıncı iki sətir məni əməlli-başlı xoflandırdı. Bu nədir, Uca Tanrıya asimi oluram? Küllikainatın hər yerində haqqı bərqərar edən Rəbbimi haqsızlığa dözməkdə ittihammı edirəm? Əllərim əsdi, dizlərim taqətdən düşdü, rəngim ağappaq ağardı, gözlərimə qaranlıq çökdü. Misraların üstündən xətt çəkdim, başqa misralarla əvəz etmək istədim, amma nə qədər fikirləşdimsə ağlıma bir şey gəlmədi. Şer yazılan vərəqi cırmaq istədim. Amma cırmadım. Büküb cibimə qoydum. Hər dəfə şeri açıb oxuyanda axırıncı misralar yenə ağlımı başımdan alırdı. Bu dəfə dostum Əli mənə yardım etdi. O dedi ki, Cənabi-Haqqın haqsızlığa dözməyində bir anlaşılmazlıq yoxdur. Allaha hər şey əyandır. O haqsızlığı bir anda məhv edə bilər. Lakin, ən böyük səbr sahibi özü bizi tərbiyələndirir, səbrli olmağı öyrədir, bəlkə də layiqincə qədrini bilmədiyimiz, dəyərincə qiymətləndirə bilmədiyimiz nemətlərlə bizi imtahan edir, yenidən o nemətlərə sahib olma istəyimizi gücləndirməklə, bizi mübarizəyə – cihada çağırır. Nə gözəl… Oturub, bizə qarşı törədilən soyqırımlara görə Cənabi-Haqqa üsyan eləməkdənsə, müqəddəs Kitabımızda onun bizə etdiyi tövsiyələrlə yaşamalıyıq. Biz bunu edə bilirikmi? Danmağın nə yeri var, axı, biz hamımız bir nəfər kimi əlimizə silah alaraq quduz düşmənlə ölüm-dirim savaşına qalxmadıq. Başımızı yağlı vədlərlə aldadan əcnəbi dövlətlərin bizə yardım edəcəyinə, sadəlövhlüklə bizim əvəzimizə bizim torpaqlarımızı azad edəcəyinə inandıq. Dədə-babalarımız gözəl demişdi: «Qonşuya ümid olan şamsız qalar». Amma biz şamsız yox, Qarabağsız; – Şuşasız, Xocalısız, Ağdamsız, Laçınsız, Kəlbəcərsiz, Cəbrayıllısız, Qubadlısız, Zəngilansız, Füzulisiz, Xankəndsiz, Agdərəsiz, Xocavəndsiz qaldıq. Zəngəzurda, Göyçədə olan minlərlə obalarımız, oylaqlarımız düşmənin əlinə keçdi. Borçalıda soydaşlarımız bir küncə qısnandı. Torba-torba daşıdılar torpağımızı, analarımız-bacılarımız ağlar qaldı, balalarımız əli-qolu bağlı düşmən torpaqlarına sürüldü, «yurd balaları yadlara qul oldu» (ifadə Şahmar Əkbərzadənindir).

      Ağdam dərdinə bir şair fəryadı:

      Ağdam

      Ağdam,

      Səni düşündükcə

      Parçalanır içim, çölüm,

      Ağdam,

      Səni əsir edib,

      Yaşatdılar mənə zülüm,

      Sənsiz keçən illərimi,

      Hansı qara yelə verim?

      Ağdam, Ağdam…

      İçimdəki