Vahid Çəmənli

Dəli Çəmənli


Скачать книгу

fərman verən

      fərmanbazlar hardadı bəs?

      Bir düşünən, soran varmı,

      niyə yurdum dardadı bəs?

      Neçələrim didərgindi,

      neçələrim gordadı bəs?

      Ağdam, Ağdam…

      Kim bağlayar, görəsən kim,

      Bu qan verən yaraları?

      Qeyrət çəkən oğulların

      Seyrəlirmi sıraları?

      Doğradılar dilim-dilim,

      Pərən-pərən oldu elim.

      Yarı qaçqın, yarı köçkün,

      Yarı şəhid balaların…

      Ağdam, Ağdam…

      Vahid Çəmənli,

      21 iyul 2012-ci il.

      Gözlərimin önündə Ağdamın baş küçəsi canlanir;

      O küçə ki, uzərində qoşa minarəsi buluddan nəm çəkən məcidimiz yerləşirdi. Sovet hökumətinin sərt qanunları bu minarələrdən ucalan azan səsini, «Allahu-Əkbər» sədalarını susdura bilməmişdi. Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868—1870-ci illərdə tikilib başa çatandan sonra həmişə bu məsciddə namaz qılınmışdı, dualar oxunmuşdu. Nə qədər fağır-füğəra bu məsciddə yığılan sədəqələrdən bəhrələnmişdi. Həyətində nə qədər qurbanlar kəsilərək kasıb-kusublara paylanmışdı. İndi o küçə yadıma düşəndə için-için yanıram.

      Bu küçə, həmən küçə…

      Bu küçə həmən küçə,

      Yarı gətirən küçə,

      Qoynunda alma, heyva,

      Üzüm bitirən küçə…

      Bu küçə həmən küçə,

      Məni ötürən küçə…

      Kimlər üstündən keçir?

      Bizi itirən küçə.

      Bu küçə, həmən küçə,

      Çiçək bitirən küçə.

      Vüsalımı xərcləyib,

      Həsrət yetirən küçə.

      Bu küçə, həmən küçə,

      Aydan nur əmən küçə.

      Sən yenə həmənkisən,

      Mən yenə həmən küçə.

      Bu küçə, həmən küçə,

      Çöl-küçə, çəmən-küçə.

      Niyə qaldın bu günə?

      Dərdində çimən küçə…

      Bu küçə, həmən küçə,

      Üzümüz dönən küçə.

      Haçan açar üstündə,

      Nərgiz, yasəmən küçə?..

      Bu küçə, həmən küçə…

      Zilim yox, bəməm küçə.

      Əl dəymə, yaralıyam,

      Kədərəm, qəməm-küçə…

      Bu küçə, həmən küçə…

      Bu küçə, həmən küçə…

      Vahid Çəmənli,

      27 Iyun 2012-ci il.

      Ağaya həsr etdiyim şerin yazılmasından bir il keçdi. 2012-ci ilin aprel ayında Əfətliyə, bacım oğlunun toyuna getmişdim. Amma bütün günüm ziyəratgahda, seyid Yusif Aganın yanında oldum. Dostum Akif, Ağaya əvvəlcədən mənim gələcəyimdən xəbər vermişdi. Bu məni Ağa ilə ilk tanışlığın sıxıntılarından nisbətən azad etsə də, onun saysız-hesabsız suallarından xilas edə bilmədi. Ağanın verdiyi suallara cavab tapa bilmədikcə, çoxlu acı həqiqətləri anlamağa başladım.

      Mən bir zamanlar «yaxşı oxuyan», hər gün məktəbin radiosunda çıxış edən, sinif yoldaşı Şahin Günəşli ilə sinifləri bir bir gəzərək, pis oxuyan şagirdləri «tilova» salan, «tərbiyəli» ad çıxaran Vahid Qasımov adının tamamilə unudulduğunun şahidi oldum. Zaman mənim el-obaya olan soyuqluğumu bağışlamamışdı. Heç həmkəndlilərim də bağışlamamışdı. Sevimli müəllimlərim Bayram müəllimin, Şəmsəddin müəllimin, Allahverən müəllimin, Eyvaz müəllimin, dostum, sinif yoldaşım Allahverənin yadında qalsam da, çoxları məni tanımadı. Mən, daşını-kəsəyini belə öpüb, gözümün üstünə qoymağa hazır olduğum Çəmənlidə yad olmuşdum. Nəinki mən, mənim atam aşıq Valeh də, anam Pərizad da unudulmuşdu. Ata nənəm seyid Aynadan (nənəm Başlıbel seyidlələrinin nəslindən idi. 1935—1936-cı illərdə köçüb Qarabağa, Çəmənli kəndinə gəlmişdilər), ana nənəm Aynadan, ata babam Abbas kişidən, ana babam Usub kişidən heç danışmağa dəyməzdi. Deyiləsi dərd deyildi.

      Bir zamanlar mənim ağlıma gəlmişdi axı bunlar…

      Haşiyə:

      Mən gedəndə Çəmənlidən…

      Ağlım kəsəndən şer-sənət vurğunuyam. Hardan dolub ürəyimə, – bilmirəm. Amma, musiqi səsi məni bir anlığa da olsa yolumdan saxlayır, ürəyimə bir sərinlik, bir arxayınlıq gətirir. Uşaqlıqda ala-babat səsim də olub. Bunu mən demirəm, bunu qonşularım, sinif yoldaşlarım, müəllimlərim deyirdi. Bu da mənə qanad verirdi. Yay günləri tarlalarda işləyərdik. Günorta istirahət üçün evə gələrdik. Allahın verdiyindən yeyib-içib hərə bir yerdə dincələrdi… məndən başqa. Mən dırmanardım tut ağacına, başlayardım oxumağa… saatlarla oxuyardım. Yazıq qonşularım, nələr çəkiblər mənim oxumağımdan…Amma təəccüblüdür ki, bir dəfə də olsun, kimsə atama-anama şikayət eləmədi. Tut ağacının budağının ucuna qədər çıxardım. Ağac deyirəm ey sizə, gövdəsini üç adam qucaqlaya bilməzdi. Həyətimizdə iki tut ağacı vardı. Biri o üç adam qucaqlaya bilməyən gövdəsi olan, o biri də ondan bir az nazik…Nazik tut ağacı indi də durur. O biri isə hürriyətin ilk illərində, soyuqlu bir qış günü Əyyub kişinin baltasının qurbanı oldu. Əslində, bu ağac da o qədər nazlk deyil. Bu yaz getmişdim kəndə. Tut ağacımızı ziyarət elədim. Başımı qaldırıb ağaca baxdım. Dedim, Allah, Allah, mən bu ağaca necə çıxırdım? İndi onun ucuna nədi, heç boğazına da çıxa bilmərəm.

      Hə, qonşuların məndən şikayət eləməməsi məni bir az da ürəkləndirirdi. Muğamatdan xalq mahnılarına qədər, xalq mahnılarından aşıq mahnılarına qədər nə gəldi, oxuyurdum. Söz sarıdan da kasadlığım yox idi. Bir qalın dəftərim vardı, eşitdiyim hər təzə mahnını dərhal ora yazırdım. Sonra başlayırdım məşq eləməyə. Bir-iki dəfə oxuyandan sonra olurdu halalca malım… İndi, mahnı kitabındakı bütün mahnıları əzbər bildiyimi görən oğlanlarım hərdən məndən soruşurlar