Vahid Çəmənli

Dəli Çəmənli


Скачать книгу

çəkil (tut) bağı vardı. Bu çəkil bağı Müseyib əmi ilə onun qardaşı – mənim babam Usubun ata mülkü olub. Sovet hökuməti o bağı da alıb qatmışdı kolxozun sahəsinə, amma haqq üçünə, o bağ elə bağ kimi də qalırdı. Bağ deyəndə orada turş nar kollarından, bir də çəkil ağaclarından başqa heç nə yox idi. Hə, bəzi çəkil ağaclarının yanına üzüm də əkmişdilər. Avqustun sonlarında tut sovulanda məskənimi dəyişir, ya həmın bağa ya da kəndimizin yanındakı meşəyə, gedirdim.

      Haşiyə içində haşiyə:

      Bir meşənin nağılı

      Biri var idi, biri yox idi…

      Bütün nağıllar belə başlanır. Əvvəlcə, qayğısız yaşayan bir şahzadə ilə şər qüvvələrin tilsimə saldığı sadə kəndli qızı olur, sonra elə həmin şər qüvvələr onları bir-birinə göstərərək, ürəklərinə eşq atəşi salır, onlar da gecə-gündüz bu atəşə yanaraq, bir-birlərinə qovuşmaq üçün sevda yollarına çıxırlar. Çox müsibətlərdən sonra iki aşiq bir-birinə qovuşur. Adətən, bütün nağıllar xoşbəxt sonluqla bitir. Sizə danışmaq istədiyim nağıl isə çox qəmlidir. Başqa nağıllardan fərqli olaraq, bu nağıl pisliklərlə vuruşan ağ atlı bir şahzadənin qələbəsi ilə bitməyəcək. Bu nağılda heç şahzadə də olmayacaq. Çünki bu nağıldakı hadisələr baş verəndə, şahları çoxdan taxtından salıb, yerində özünü dünyanın ən nadir nümunələrindən sayan yoldaşlar oturmuşdular.

      Bu yoldaşların başı kommunizmin əsaslarını qurmağa qarışanda meşə öz keyfində idi. Yazda yarpaqlayıb çiçək açır, payızda saralıb solur, qış aylarında dərin yuxuya gedir, ilıq bahar şəfəqləri ilə yenidən oyanıb öz qeyri-adi həyatını yaşamağa başlayırdı. Əslində, bu meşə elə sən deyən böyük deyildi. On-on beş hektar ola, ya olmaya. Amma bu on-on beş hektarlıq meşə bir cənnətməkan idi. İlimiz on iki ay meşənin üstündə bir parça bulud olardı. Yayın qızmar günündə əlini işdən ayırıb beşcə dəqiqəlik meşəyə girəndə elə bilərdin ki, tamam başqa bir aləmə düşdün. Bir sərinlik, bir rahatlıq, bir xoş əhval-ruhiyə insanı ağuşuna alardı. Çox uçarın-qaçarın sığınacaq yeri idi meşəmiz. Adamın inanmağı gəlmirdi ki, traktorların gur-gur guruldadığı tarlaların cəmi beşcə addımlığında kirpilər, tısbağalar, ilanlar, qurbağalar, dovşanlar nə bilim, ta nələr, nələr bu qədər azad, rahat yaşaya bilər. Agacların üstü bülbüllərlə, torağaylarla dolu olardı. Baharda arıların vızıltısından, yayda cırcıramaların cırıltısından qulaq tutulardı. Meşəyə girəni hər canlı oz dilində salamlayardı. Düzdür, meşəmiz meyvə ağaclarından kasad idi, ancaq axtarsan alça, əncir, üzüm tapardın. Amma turş nar sarıdan bolluq idi. Yayın cırhacırında kal nar meyvələri ilə əməlli-başlı döyüş əməliyyatları keçirərdik. Meşədən heç kim nar yığmazdı. Bu turşməzə meyvələr qışın oğlan çağına qədər budaqlarda qalar, üstünə bircə dəfə qar düşdümü, – bal kimi olardı.

      Uşaqlığımın ən şirin çağları bu meşə ilə bağlıdır. Hər gün, heç olmasa bircə dəfə də olsa bu meşəyə girərdim. Əlimi qulagıma verib başayardım oxumağa. Burada oxumaq mənə ləzzət verərdi. Bu meşə Sarısöyünlü obasının bəzəyi idi.

      Zaman keçdikcə meşəyə sahib çıxmaq istəyən adamlar peyda olmağa başladı. Küncdə-bucaqda hasarlanmış yerlərə rast gəlirdin. Amma bu hasarlar biz cocuqlara mane ola bilməzdı. Onları istədiyimiz yerdən yarıb keçər, ürəyimiz istəyən kimi əylənərdik.

      Meşənin kənarında bir palıd ağacı vardı. Adına «ehsan palıd» deyərdilər. Rəhmətlik Salman kişi əkmişdi o palıdı. (İndi Salman kişinin nəvə-nəticələri o palıd ağacı kimi qollu-budaqlıdırlar, maşallah!) Ağac o qədər böyümüşdü ki, o qədər yayılmışdı ki, iki-üç adam onu güc-bəla ilə qucaqlaya bilərdi. Meşəyə kim girsə, mütləq bu palıdın kölgəsində dincini alar, sonra elə oradan başlayaraq meşənin dərinliklərinə doğru aparan cığırlairəliləyər, könlünü-ruhunu təzələyərdi.

      1973-cü ildə təhsil almaq üçün Bakıya gəldim. Qış tətillərinin birində kəndə gedəndə xəyalımda palıd ağacı ilə necə görüşəcəyimi, nar bağında necə dolaşacağımı düşünəndə ürəyim fərəhlə dolurdu. Lakin, sən saydığını say, gör fələk… əğstafurullah, kommunistlər nə sayır?

      Kənd avtobusu axırıncı dayanacaqda dövrə vurub dayandı. Avtobusdan düşüb meşəyə sarı boylandım. Sarısöyünlünün, qonşu Zəngişalı kəndinin evlərinin damları ğörünürdü. Düşündüm ki, bəlkə qış olduğuna görə agaclar yarpaqlarını töküb, ona görə mənə belə görünür. Amma içimi bir narahatlıq aldı. Addımlarımı yeyinlədib bir az da irəliləyəndə dəhşətli bir mənzərənin şahidi oldum. Meşə yerində yox idi. Əvəzində yenicə şumlanmış ucsuz-bucaqsız bir əkin yeri var idi, bir də kənarda yetim kimi boynunu büküb dayanan tənha palıd ağacı…

      Qəhərdən boğazım kilidlənmişdı. Göz yaşları mənə yeriməyə imkan vermirdi. Palıd ağacının yanına necə çatdım, bilmirəm. Başımı onun soyuq gövdəsinə söykəyib hönkür-hönkür ağladım. Dərdlərim bir-birinə qarışdı. Bir tərəfdən meşənin dərdi, o biri tərəfdən içimdə qısa müddət ərzində qəribçilikdə yaşadıgım günlərimin çətinlikləri, kimsəsiz qalan həyətimizin, uçub dagılmaqda olan ata evinin dərdi… Qarşıda məni hələ nələr gözləyirdi… İlahi, bu dərdlər çəkiləsi dərdlər deyildi. Başımı qaldırıb ətrafa baxdım. Ayaqyalın, başıaçıq dolandığım yerləri kədərlə seyr etdim. Anladım ki, nə o meşə var, nə də mənim hələ də ayrıla bilmədiyim qayğısız uşaqlıq çağlarım. Bir də anladım ki, bu kənddə yeni doğulan uşaqların meşəsi olmayacaq. Onların heç birinin bu meşədən, onun gözəlliklərindən xəbərləri olmayacaq. Heç kim onlara bu meşənin nağılını danışmayacaq. Çünki uşaqlarınin «Ata, bu meşəni niyə qırdınız?» sualına cavab verə bilməyəcəklər.

      Dərindən köks ötürüb asta-asta evimizə sarı addımladım.

      Meşənin nağılı burada bitdi. Amma göydən üç alma düşməyəcək. Heç palıd qozası da düşməyəcək. Çünki, bir neçə ildən sonra tənha qalan palıd ağacı da qurudu…

      O zamanlar meşənin qırılması haqqında hörmətli yazıçımız Mustafa Çəmənli də gözəl bir yazı hazırlamışdı. Yazı, Çəmənlidə böyük əks-səda doğurmuşdu. Müstafa müəllim deyir ki, bu yazıya görə hətta onunla uzun zaman küsülü qalan insanlar da olub.

      Deyəsən, ürəyinizi kövrəltdim bir az…

      Qayıdıram söhbətimə;

      Ala-göy üzüm salxımlarını yığıb qoynuma doldurar, sonra bir çəkil ağacının başında düzəltdiyim «kabinetimə» dırmanardım. Başlayardım ala-turş üzümləri yeməyə. Ta burada oxumazdım. Çünki, yerimi bilib, oturduğum «kabineti» əlimdən alardılar.

      Belə gözəl uşaqlığım olub…

      Yavaş-yavaş böyüdüm, boy atdım. Arzularım da böyüdü mənimlə, bu kəndə, onun bağlarına sığmaz oldu. Bir səhər atamdan qalan köhnə çamadana yığdım bütün arzularımı, ümidlərimi, qardaşım Zülfüqarın verdiyi