gülüşlü, zər çiçəkli talalar.
Kimi görən qonaq etdi gülüşə,
Yaqut gözlü, ağ libaslı sonalar?
O gün mənsiz naxır döndü kəndimə,
Qoyun-quzu əvvəlki tək mələşdi.
Bir şıltaq qız odun atdı təndirə,
Qığılcımlar qurşaq tutub güləşdi.
Xan çinarım qaşlarını çatdı ki,
Bəlkə ola, getmək fikri dəyişə.
Bir dolça su bacım elə atdı ki,
Kəmənd ola ayağıma ilişə.
Kimlərə ki, məhəbbətlə baxmışdım,
Gizli-gizli, həsrət ilə baxdılar.
Bu yerlərdə şimşək kimi çaxmışdım,
Gildir-gildir yaş axıtdı buludlar.
Bağca saldım, bar verəndə getdim mən,
Gilələri dəcəl quşlar böldülər.
Sərt küləklər çəmənlərin köksündən,
İzlərimi yad izi tək sildilər.
Ürəyinə dərin vurdum düyünü,
Gözlərində qəm çağladı bu kəndin.
Bir övladı pərvazlandı o günü,
Bir yuvası tor bağladı bu kəndin…
Qəribədir, deyilmi? Elə bil ürəyimə dammışdı ki, zaman izlərimi yad izi kimi siləcək bu düzlərdən…
…Qayıdaq söhbətimizə…
Seyid Yusif Ağa, onun verdiyi suallardan sıxıldığımı hiss edib mənə ürək-dirək verdi. O öz elmi, dünyagörüşü ilə məni heyran etdi. Seyid Lazım Ağa ocağına «Nə ömürdü, yaşadım» adlı kitabımı təqdim etdim. Ağa kitabdakı «Dəli Çəmənli haqqında ballada”nı oxuduqca gülümsəyirdi. Ballada Qarabağda el arasında məşhur olan bir deyimin nəzmə çəkilmiş variantı ıdı. Qarabağa hücum edən «yadelli» şahın qarşısına qoşun çıxarmaq istəyən Xan, öz çaparına hər kənddən bir Dəli çağırmağı tapşırır. Xan, Qarabağ mahalının hər kəndindən tanıdığı Dəliləri orduya çağırır. Çapar, xanın tapşırığını yerinə yetirmək üçün ata süvar olarkən, yadına düşür ki, axı Xan Çəmənlidən çağırmaq istədiyi Dəlinin adını demədi. Ay Xan, bəs Çəmənlidən hansı Dəlini çağırım, – deyə soruşanda Xan cavab verir ki, Çəmənlidən kim qarşına çıxsa, bura göndər.
Dəli Çəmənli haqqında ballada…
Qarabağın qucağında,
Allı-güllü,
Ən laləli,
Ən sünbüllü,
Ən bülbüllü bucağında,
Bir kənd vardır.
Çəmənlidir onun adı.
Çəmənlimdir!
Şehə batmış çəmənimdir!
Ürəyimdir!
Dirəyimdir!
Çörəyimdir!
Əbədilik gərəyimdir!
Əbədilik verib mənə
Ulu Tanrı bu diyarı.
Neçə-neçə igidlərin yadigarı.
O sarsılmaz igidlərdən
İlham alıb bu gün mən də,
Böyük dastan yaratsaydım Çəmənlimdən…
Qarabağım, qəm otağım,
Qəza-qədər öz ortağım.
Tale yüklü arzulara
Həsrət qalan
bir yatağım.
Sakit-sakit keçib gedir
Bu zamanın gərdişində neçə insan.
Sənsə belə şax qalmısan,
Şux qalmısan.
Tarixlərdə adın qalıb «Dəli» kimi
Bir vüqarlı
Dəli ömrü yaşamısan.
Dəlidağ tək,
Dəli Kür tək ad almısan.
Sarsıdarmı səni fələk.
Dəli kimi tarixlərdə qalar aldın
Dəli Həsən,
Dəli Domrul,
Dəli Becan,
Tarixlərin neçə-neçə Dəlisi tək,
Bu gün məni bağışlasın
At oynadan babalarım,
Niyə mən də olmamışam
Bəs onların birisi tək?..
Deyirlər ki, bir zamanlar
Bir qəddar şah
diş qıcıyıb bu torpağa.
Ürəyindən Qarabağda
Talan qurmaq gəlib keçib.
Qoşun yığıb,
Hücum çəkib.
Od vuraraq neçə-neçə tarlasına,
Gəlib çıxıb
Qədim Şuşa qalasına
Cuşə gəlib hayqırıbdır:
«Eheey!
Hanı bu torpağın kişiləri?
Mən gəlmişəm bu dağları,
Dərələri oylaq edəm.
Aran məni yandıranda
Bu yerləri yaylaq edəm.
Mən gəlmişəm
Sizdən baci-xərac alam.
Qılıncımın qəbzəsinə
Rəvac alam.
Güc məndədir,
Qüvvət məndə.
Elm, helm, qüdrət məndə.
Atdan düşün,
Qılıncımın altdan keçin,
Sonra rahat əkin, biçin.»
Qəribədir!
Diş qıcıyır hamı bura.
Hamı salır vurhavura.
Anlamırlar,
Bura elə bir diyardır,
Quş uçarsa, qanad salar,
Qatır gəlsə, dırnaq salar.
Bir kimsənin torpağına
Dikməsək də göz heç zaman,
Bizlərə xor baxan gözün
Didəsinə od salarıq.
Biz özümüz
Torpağından bac alarıq!
Qala